Nişanlısı şəhid olan Qarabağ qazisi kömək istəyir - Müraciət...

23-10-2019, 09:28           
Nişanlısı şəhid olan Qarabağ qazisi kömək istəyir - Müraciət...
“Hörmətli Mehriban xanım, 1991-ci ildən 1996-cı ilin martına qədər vətənə xidmət eləmişəm. Əsgəran istiqamətində yerləşən Aranzəmin, Pircamal və Naxçıvanikdə ermənilərə qarşı aparılan əməliyyatlarda döyüşmüşəm. Sağlamlığımı və xoşbəxtliyimi torpalqarımızın müdafiəsi yolunda qurban vermişəm”.

Bu sözləri “Yeni Müsavat”a göndərdiyi məktubda I qrup Qarabağ əlili Novruzova Familə Salman qızı I vitse-prezident Mehriban Əliyevaya müraciətində yazıb. Masazır qəsəbəsi, Atatürk küçəsi, 4 saylı evdə yaşayan Qarabağ qazisi qeyd edib ki, nişanlısı Cavad Əlif oğlu Mikayılov Ağdam və Əsgəran arasındakı “Qaraqaya” adlanan yüksəklikdə şəhid olub: “Cavaddan sonra ailə qurmadım. Müharibə vaxtı aldığım zərbələr səhhətimi getdikcə ağırlaşdırdı. Artıq iki ayağım şikəstdir, yeriyə bilmirəm. Bu ağır xəstəliyimlə mübarizə aparmaq üçün kredit götürüb müalicə olunuram, çatmayanda sələmə pul götürürəm. Mən nə demək istəyirəm, çətinlik içində əzab çəkəndə vəzifədə əyləşənlərə ərizə və məktubla müraciətlər elədim, heç kimdən kömək görmədim. Elələri yalnız özləri üçün çalışırmış”.

F.Novruzova məktubda əlavə edib ki, bəzi problemlərlə bağlı ölkənin 1-c vitse-prezidentinə məktub yazıb və müsbət nəticələri olub: “Allah sizə kömək olsun! Bu bir həqiqətdir. Mən vətən yolunda əziyyət çəkmişəm, haqqımı tələb etməyim düzgündür. Vəzifədə əyləşənlər Qarabağ qazisinə kömək etməlidir. Aldıqları 7 çörəyin biri bizim payımızdır. Şəhid ailəsinin, Qarabağ qazisinin payını yemək olmaz. Mən heç kimdən heç nə istəmirəm, Qarabağ qazisi dilənçi deyil. Bir evim var, onu da satışa qoymuşam, xaricə müalicəyə getmək istəyirəm. Əlillərə ev və maşın verilir, şad oluram.

Xocalı və Ağdam bölgəsinin sabiq əsgəri, kiçik gizir, I qrup Qarabağ əlili, şəhid Cavadın nişanlısı Familə Novruzova mənəm. Hər il oktyabrın 29-da evimdə sərgi keçirib, şəhidim, əzizim Cavada ehsan verirəm. Arzu edirəm ki, evimə gələsiniz. Çox sevinərəm. Yəqin ki, siz bir xeyirxah xanım kimi xahişimi yerə salmazsınız".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.