Bəydili sakinləri: İcra başçısı eşitdi ki, əhali yolu bağlayacaq, qaça-qaça gəldi
27-10-2019, 15:20

Kəndlilərin deməsinə görə, qazlaşma ilə bağlı verilən vədin üstündən 4 il keçir
"Ötən qış qapımızdakı axırıncı çinarı da kəsib, yandırdıq... Bu qışı nə bir metr odun var, nə də odun almağa pul...”
Yevlaxın Bəydili kənd sakinləri Meydan TV-yə kəndin problemlərindən danışıb.
Bəydilidə təxminən 110 yaşayış evi var. Əhalisinin sayı 700 civarındadır. Kəndin əsas problemləri qaz, yol, məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, rayonun demək olar ki, bütün kəndləri qazlaşdırılıb. Qazlaşdırılmayan tək-tük kəndlər qalıb ki, bunlardan biri də Yevlaxla Mingəçevirin arasında yerləşən Bəydilidir.
"Ağsaqqallara vəd olundu, ancaq yerinə yetirilmədi”
Kənd sakini İradə İsmayılova:
"Sovet vaxtı kənddə qaz olub, 1994-cü ildə ölkənin hər yerində olduğu kimi, bizim kəndə də qaz verilişi dayandırılıb, sonradan bərpa olunmayıb. Qaz xətləri də kəsilib, satılıb. Hazırda kəndin dörd tərəfində yerləşən qonşu kəndlərdə qazlaşma işləri aparılıb. Bircə bizim kəndə çəkmirlər. 2015-ci ilin noyabrında qonşu kəndlərdən birində mavi yanacağın verilməsi ilə bağlı mərasim keçirilirdi, bizim kəndin ağsaqqalları yığışıb getdi, həmin mərasimdə iştirak edən məmurlara narazılığını bildirdi. İcra hakimiyyətinin başçısı söz verdi ki, 2016-cı ilin birinci kvartalına qədər Bəydili də qazlaşdırılacaq. 2019-cu ilin sonuncu kvartalıdır, hələ də ortada heç nə yoxdur”.