“Amay” Abdullanın adamı onlarla ailəni küçədə qoyub
4-12-2015, 09:20
Vətəndaşlar pulunu ödədikləri mənzillərə köçə bilmir
amayabdullaBu günlərdə cumhuriyyet.az-a “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev ilə bağlı maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, A.Abdullayevin Azər adlı işçisi qışın ortasında onlarla ailəni evsiz qoyub. Buna səbəb Azər adlı şəxsin “Amay” Abdullanın “xeyir-duası” ilə 8-ci mikrorayonda inşa olunan yaşayış binasındakı mənzilləri eyni vaxtda bir deyil, bir neçə nəfərə satması, bir mənzili bir neçə şəxsin mülkiyyətinə çevirməsidir:
“Amay” Abdullanın tikinti işlərini həyata keçirən və bütün tədbirlərdə onun təmsilçisi kimi çıxış edən Azər adlı şəxsin bir mənzili bir neçə nəfərə satması xeyli sayda ailəni qış vaxtı çölün ortasında qoyub. Artıq uzun müddətdir ki, mənzil problemini həll edə bilməyən ailələr məsələ ilə bağlı bütün əlaqədar instansiyalara müraciət etsələr də, nəticə etibari ilə heç bir müsbət dəyişikliyə nail ola bilməyiblər. Evdən əlləri üzülən və illərlə aldadılan vətəndaşlar Azər adlı şəxsdən mənzil üçün ödədikləri pulu geri qaytarmağı tələb etsələr də, onların bu tələbi də yerinə yetirilməyib. Bir sözlə, vətəndaşlar həm mənzillərindən, həm də pullarından məhrum olublar”.
Mənbənin sözlərinə görə, Azər adlı şəxsin etdiyi özbaşınalıqlara səbəb bir tərəfdən Amay Abdullanın ona verdiyi qeyri-məhdud səlahiyyət, digər səbəb isə onun sabiq MTN əməkdaşı Akif Çovdarovla yaxınlığı olub: “Amay Abdullanın Azərə verdiyi hədsiz səlahiyyət və onun işlərinə nəzarət etməməsi, digər tərəfdən bu şəxsin sabiq MTN generalı Akif Çovdarovla yaxınlığı ona bu və bu qəbildən olan özbaşınalıqlar üçün əsas yaradıb. Eyniylə A.Çovdarov kimi əslən Gürcüstan azərbaycanlılarından olan Azər adlı şəxs məhz sabiq MTN rəhbərliyi ilə yaxınlığından istifadə edərək onlarla vətəndaşa qarşı qeyri-qanuni hərəkətlərə yol vermiş, onların etibarından sui-istifadə edərək milyonlarla manat vəsaitə sahib olmuşdur”.
Bilgili qaynağın sözlərinə görə, aldadılan vətəndaşlar yaxın günlərdə Azər adlı işbazın qanunsuz əməlləri ilə bağlı bir sıra dövlət qurumlarının qarşısında aksiya keçirməyə hazırlaşır. Vətəndaşlar hesab edir ki, bəlkə bu yolla onlarla ailənin taleyinə biganəlik sərgiləyən rəsmilər, Azər adlı şəxsi məsuliyyətə cəlb etməklə onlara dəyən zərərin qismən də olsa ödənilməsini təmin etdi.