Ehtiyatda olan zabitlərdən Zakir Həsənova müraciət: - "Müraciətlərimizə əhəmiyyət verilmir"
8-12-2015, 14:06
Ehtiyatda olan bir qrup zabit Azərbaycan Müdafiə naziri Zakir Həsənova müraciət edib.
Bir surəti Moderator.az-a göndərilən müraciəti təqdim edirik:
"Hörmətli Cənab Nazir!
Sizə kollektiv müraciətimizin yeganə səbəbi rəhbərlik etdiyiniz dövlət qurumu tərəfindən bizim Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyimiz növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsinə dair Azərbaycan Respublikası adından məhkəmələrin qəbul etdikləri və qanuni qüvvəsini almış məhkəmə qərarlarının uzun müddət ərzində (2013-cü ildən bəri) davamlı olaraq icra edilməməsidir.
Müdafiə Nazirliyi Səbail rayon icra şöbəsinin və bizim müraciətlərimizə əhəmiyyət vermir və qərarların icrası istiqamətində heç bir tədbir görmür. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar Dövlətin adından çıxarılır, məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə görə isə qanuni qüvvəsini almış məhkəmə qərarları 2 (iki) ay ərzində icra olunmalıdır. Lakin bizim qərarlar 2-3 ildir ki, icra olunmur.
Ola bilsin ki, Sizin məhkəmə qərarlarının icrasının vəziyyətindən xəbəriniz yoxdur və vəzifəli şəxslər sizi bu barədə məlumatlandırmayıblar. Məlumat üçün onu da bildiririk ki, hazırda Müdafiə Nazirliyində 100-dən çox icra edilməmiş məhkəmə qərarları var.
Cənab Nazir!
Sizdən xahiş edirik ki, məhkəmə qərarlarının tezliklə icra olunması üçün müvafiq göstəriş verəsiniz.
Hörmətlə,
ehtiyatda olan polkovnik Cəmaləddin Məmmədov
ehtiyatda olan polkovnik Eldar Həşimov
ehtiyatda olan polkovnik-leytenant Asif Məmmədov
ehtiyatda olan polkovnik-leytenant Araz Salamov
ehtiyatda olan mayor Samir Axundov
ehtiyatda olan mayor İlqar Əmirxanov
ehtiyatda olan mayor Hacı Ələkbərov
08.12.2015"
P.S teref.az olaraq zabitlərin istifadə etmədikləri məzuniyyət pullarının verilməməsi haqqında məsələni dəfələrlə qaldırmışıq.
Lakin məhkəmə qərarları olmasına, prezidentin fərmanına baxmayaqraq bu günə qədər MN-nin maliyyə idarəsi zabitlərin pulunu vermir ki, vermir.