Bideyiz kəndinin əhalisi "AGA GROUP" şirkətindən torpaqlarını tələb edir
22-12-2019, 09:38

Şəkinin Bideyiz kəndinin əhalisi kəndin yaxınlığında 147 hektar Xoçi adlanan örüş sahəsinin AGA GROUP şirkətlər qrupuna aid Monte Ferro MMC tərəfindən bir sıra dövlət orqanları ilə aşkarlıq şəraitindən uzaq baş verən sövdələşmələrlə zəbt edilib təyinatından kənar istifadə edilməsinə bir neçə aydır etiraz edir.
Bu müddət ərzində Bideyiz camaatı şirkətin bütün "şirnikləndirici" vədlərini geri çevirərək örüş sahəsini tələb etməyə davam etməyə qərar veriblər.
Qlobal.az xəbər verir ki, şirkətin təklifləri arasında icarə haqqını təqribən 4 qat artırmaq, 147 hektara qarşılıq meşə fondundan Bideyiz camaatı üçün 200 hektar yer ayırmaq, kənddə ildə bir sosial layihə keçirmək təklifləri var idi.
Kənd icması həmçinin məhkəməyə müraciət etməkdən də imtina ediblər. Buna səbəb isə kənd camaatının maddi resurslarının az olması və süründürməçi məhkəmə sisteminə ayıracaq vaxtın olmamasıdır.
Şirkətin kənd icmasına təklif etdiyi bu üç variant arasında günlərlə müzakirələr aparılaraq səsvermə keçirilib. Kənd icmasının böyük əksəriyyət qeyd-şərtsiz örüş yerinin qaytarılması üçün fəaliyyətlərini davam etdirməyə qərar verib. Azlıqda qalan şirkətlə razılaşma tərəfdarları isə çoxluğun qərarına hörmət etdiklərini və bu qərardan irəli gələn fəaliyyətdə hamı kimi iştirak edəcəklərini bildiriblər.
Bideyiz kəndinin əhalisi yaza kimi problemi həll edə bilməsələr təsərrüfatlarının məhv olacağını deyirlər.
Qeyd: Xəbərin hazırlanmasında ecofront-un materialından istifadə edilib.