AZAL aviabiletləri bahalaşdıracaq? - Açıqlama
21-12-2015, 22:01
Bu gün Mərkəzi Bank Azərbaycanda üzən məzənnə siyasətinə keçildiyini bəyan etdi. Nəticədə manat növbəti dəfə devalvasiyaya uğrayaraq, dollar qarşısında 50% dəyərdən düşdü.
Bəs manatın növbəti devalvasiyasının AZAL-ın biletlərinə təsiri olacaqmı?
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2006-ci ildən başlayaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən, Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid avropa valyutası - avro ilə həyata keçirilir.
“Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri - Rusiya, Gürcüstan, Belarusa da aiddir. Beləliklə, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz olaraq qalır, lakin Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalar milli valyutada həyata keçirilməli olduğu üçün, biletlərin qiyməti IATA tərəfindən ödəniş günü Azərbaycan Mərkəzi Bankının manatın avroya olan rəsmi məzənnəsi üzrə dərc olunur”.
Qurumun sözçüsü qeyd edib ki, ölkə daxilində aviadaşımaların tarifləri Azərbaycan Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda onlar dəyişməz olaraq qalıb.