Kürün “qulağının dibində”... susuzluq - Muğan əhli hələ də içməli suyu baha qiymətə avtomobillərlə daşıyır

23-12-2015, 10:43           
Kürün “qulağının dibində”... susuzluq - Muğan əhli hələ də içməli suyu baha qiymətə avtomobillərlə daşıyır
Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin adları çəkilən və Sabirabad rayonunun 121 kəndinin ümumilikdə 470 min nəfər əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin tikintisi dalana dirənib.

Xatırladaq ki, 2012-ci ilin iyulun 16-da kəmərin təməlqoyma mərasimində layihənin 2013-cü ilin sonunadək başa çatdırılacağı elan edilmişdi.

Amma verilən vədlər, bəslənilən ümidlər özünü doğrultmadı.

Üstündən 3 il keçsdə də bu layihənin nə vaxt başa çatdırılacağı məlum deyil. Ümumi uzunluğu 107 kilometr olan Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Bu sistem 1970-ci ildə Hacıqabul rayonunun Kiçik Talış kəndində yaradılıb və buradan Bakı şəhərini içməli su ilə təchiz edən üçüncü, daha sonra isə dördüncü kəmər işə düşüb.

2010-cu ilin sonunda Oğuz-Qəbələ-Bakı kəməri istifadəyə veriləndən sonra Kür-Bakı kəmərlərindən birindən nəql edilən içməli suyun Kürətrafı ərazilərə verilməsi məsələsi gündəmə gəldi.

Qeyd edək ki, həmin il ölkədə baş verən təbii fəlakət nəticəsində bölgədəki yerüstü su mənbələri kəskin çirklənməyə məruz qalmışdı və əhali onun mənfi təsirlərini hələ uzun illər hiss edəcək. 107 kilometr uzunluğunda magistral kəmərin tikintisindən sonra 2013-cü ilin aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də isə Biləsuvar şəhərlərinə bu kəmər vasitəsilə su verilməyə başlanılıb.

Amma Salyan və Neftçala rayonlarının su təchizatı üçün heç bir iş görülməyib.

Layihəyə əsasən Hacıqabuldan kəmər vasitəsilə vurulan içməli su dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşən Salyanın Babazanan dağında inşa ediləcək anbara doldurulmalı və buradan öz axımı ilə Salyan, Biləsuvar və Neftçala rayonlarına verilməli olsa da, bu anbar yalnız kağız üzərində mövcuddur.

Əslində anbarın əsası qoyulsa da inşasına başlanmayıb.

Bu rayonlardakı mövcud şəbəkələr ötən əsrin 50-ci illərində yaradılıb. Onlar istismar müddətini çoxdan başa vurduğundan Kür sahilində yaşayan əhali həyat və sağlamlıq üçün təhlükəli sudan istifadə etməkdə davam edir.

Layihənin əhatə etməli olduğu 5 rayon ərazisində 121 kənd yerləşir ki, burada ümumilikdə 230 min nəfər əhali yaşayır. O kəndlər ki, ərazisində su sistemi heç yerli-dibli mövcud olmayıb. Kəmərə qoşulmaq üçün bu yaşayış məntəqələrində yeni şəbəkə yaradılmalı, hidrotexniki qurğular tikilməlidir.

Layihənin daha bir “dolaşıqlığı” şəhərlərin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlıdır.

Şirvan (bir hissəsi) və Biləsuvar şəhərlərində su-kanalizasiya sistemlərinin bərpası Şirvan-Muğan qrup su kəməri ilə bağlı layihənin tərkib hissəsi olsa da, Salyan, Neftçala və Hacıqabulda ayrıca smetası olan layihələrin icrası nəzərdə tutulur. Üstəlik bu layihələrin maliyyə mənbəyi də məlum deyil.

Ekspertlərə görə, Şirvan-Muğan qrup su kəmərinin təchiz edəcəyi yaşayış məntəqələrinin bəzilərində modul tipli su təmizləyici qurğuların quraşdırılması hökumətin bu sahədə aydın siyasətinin olmamağından xəbər verir.

Paradoksal vəziyyət yaranır: əgər ayrı-ayrı kəndlərdə quraşdırılan modul tipli təmizləyici qurğular əhalinin içməli suya olan təlabatını ödəyirdisə, xeyli xərc hesabına Şirvan-Muğan qrup su kəmərindən həmin yaşayış məntəqələrinə su borularının çəkilməsinə nə ehtiyac var idi?

Yox, əgər qurğular təminatı tam ödəmirdisə, kəmər çəkilməzdən əvvəl onların quraşdırılması külli miqdar təşkil edən büdcə vəsaitindən səmərəsiz istifadə deyilmi?

Axı məntiqlə əhaliyə içməli su bu iki layihənin biri əsasında verilə bilərdi. infom.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.