Böhran toyları da "vurur" - Di gəl evlən...

24-12-2015, 14:05           
Böhran toyları da "vurur" - Di gəl evlən...
Azərbaycanın milli valyutasının üzən məzənnəyə keçməsi, dolların kəskin artması fonunda manatın devalvasiyaya uğraması ölkənin bütün sektorlarına təsir edib. Müşahidə olunan qiymət artımı artıq şadlıq saraylarının menyularına da yavaş-yavaş ayaq açmaqdadır.

Onsuzda baha başa gələn toy qiymətlərinin devalvasiyadan sonra kəllə-çarxa çıxacağını demək elə də çətin deyil. Belə ki, ötən ilin fevral ayından öncə 10-15 min manata başa gələn toy qiymətləri birinci devalivasiyadan sonra ən azı 10-15 faiz qalxıb. Bu dəfə isə qiymətlərdə azı 30-35 faiz artımın olacağı gözlənilir.

Təbii ki, vətəndaşlar arasında narahatçılq doğuran bu məqam gözümüzdən yayına bilməzdi. ANS PRESS qiymət artımının restoranlara təsini araşdırıb. Ortaya maraqlı məqamlar çıxdı...

Məsələn, payataxtdakı məşhur şadlıq saraylarından birinin adminstratoru deyir ki, qiymətlərdəki artım onların təklif etdiyi menyuda da öz əksini tapacaq. Amma yenə də başlıca məqsəd toy sahibini bütün hallarda razı salmaqdır.

"Hələlik aldığımız məhsulların qiymətində elə bir dəyişiklik yoxdur. Amma biz konkret bir şey deyə bilmərik, hələki müşahidə edirik. Nəzərə alsaq ki, menyudakı spirtli və spirtsiz içkilər xaricdən gəlir, təbii ki, qiymətlərdə dəyişiklik olacaq. Lakin bütün bunlar toy sahibi ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək. Heç kimi məcbur edə bilmərik ki. Toy üçün əvvəlcədən yer bron etmiş şəxslər narahat olmasınlar, çünki onlarla müəyyən razılığa gəlinib. Bundan sonra yer tutanlar üçün qiymətlərin necə olacağını isə rəhbərlik bir qərara gəldikdən sonra deyə bilərik".

Bəzi şadlıq sarayları isə hələ heç bir menyu dəyişikliyinə hazır deyil. Admnistratiorlar bu barədə göstəriş almadıqlarını bildirirlər. Paytaxtın qabaqcıl şadlıq saraylarından birinin baş meneceri olan İqbal Alıyev hələlik qiymətlər məsəsləsində bir qərarsızlıq yaşadıqlarını bildirib:

"Bizdə menyudakı meyvə və tərəvəzlərin bir qismi, həmçinin içkilər əsasən xaricdən gətirilir. Öyrənmişik ki, artıq onların qiyməti 30-40 % artıb. Tək xaricdən gətirilən məhsullarda deyil, yerli məhsullarda da qiymət artımı var və bu bizi də narahat edir. Münasib qiymətə aldığımız tərəvəzi indi iki qat qiymətə alırıq. Çox acınacaqlı vəziyyətdir".

Bu artımın isə yer qiymətlərində özünü göstərəcəyi açıq-aydındır. Məsələn, İqbal Alıyev deyir ki, bahalaşmanı nəzərə alsaq bu 90 manatdan başlayan menyuda azı 20-30 manatlıq fərq deməkdir.

Düzdür, bu artım təbii ki, təyin edilən toylara aid olmayacaq. Yeni menyu da toy sahibinin istəyinə uyğun olacaq. Amma bahalaşma qaçınılmazdır.

İqtisadçı Zahid Məmmədovsa ümumiyyətlə ölkədə israfçılığa səbəb olan toy mərasimlərinin belə dəbdəbəli keçirilməməsinin tərəfdarıdır. Onun sözlərinə görə, dolların məzənnəsinin artmasından sonra ölkədə bir xaos yaşanır və insanlar artıq dərk etməlidirlər ki, 500-600 nəfəri bir zala yığıb toy etmək israfçılıqdan başqa bir şey deyil.

"Dünyanın heç bir ölkəsində belə bir qayda-qanun yoxdur. Mən təklif edirəm ki, ümumiyyətlə hazırki durumda 20-30 nəfərdən ibarət bir məclis təşkil olunsun. Bu yolla həm də büdcəyə də kifayət qədər qənaət etmiş olarıq. Bunun üçün insanların yanaşması da dəyişməlidir. Hər kəs bücəsini dünyadakı proseslərə uyğun tənzimləməlidir. Heç şübhəsiz şadlıq evləri qiymətləri qaldıracaq, amma bununla sadə vətəndaş ayaqlaşa bilməyəcək. Ona görə də toy təşkilatçıları şadlıq saraylarındakı menyularının qiymətinə, yemək seçiminə və mərasim zalının akustik vəziyətinə dəyişiklikliklər edilməlidir".

Toy mərasimllərinin keçirilməsində xarici ölkələrin təcrübəsindən də faydalanmaq olar. Xarici ölkələrdə toy mərasimlərinə nəzər saldıqda orada menyuların və toy mərasimlərinin daha sadə keçirildiyini görmək omümkündür. Məsələn, Türkiyədə əksər ailələr dəbdəbəli toy mərasimləri keçirməkdən imtina edirlər. Sadəcə toyda bəy, gəlin və onların ailə üzvüləri iştirak edir. Əksər toylarda isə yemək süfrəsi şirniyyat masası ilə əvəz edilir. Azərbaycandan fərqli olaraq toylar 6-7 saat deyil, bir neçə saat davam edir.

Avropa ölkələrində isə toy mərasimlərində qonaqlara daha sadə menyu təklif olunur. Toylarda əsasən şirniyyat və müxtəlif içkilərə üstünlük verilir. Bu cür toylar əsasən açıq havada təşkil edilir.

Azərbaycanda da belə otellər və açıq havada toy etmək üçün istirahət mərkəzləri kifayət qədərdir lakin buna tələbat yoxdur. Səbəb isə bu obyektlərdə toy mərasimlərinin təşkilinin baha başa gəlməsi göstərilir.

Hazırki iqtisadi böhransa onu göstərir ki, şadlıq evləri və toy sahibləri yüz ölçüb bir biçməlidirlər.Toy mərasimləri hər bir ailənin büdcəsinə hesablanaraq keçirilməlidir. Əks halda onsuz da acınacaqlı hal alan bu vəziyyət yeni ailə quran cütlüklərə növbəti maliyyə problemi yaradar. Öz növbəsində restoranlar ödənilən məbləğ qarşılığında yüksək və keyfiyyətli xidmət göstərməlidirlər. Və tərəflər arasında razılaşma əldə olunarkən iqtisadi vəziyyət gözlənilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.