Sinifdə yox, telefonda öyrən: Virtual təhsil məktəbi əvəz edə biləcəkmi? - Nazirlik ümidli, ekspert narazı
13-05-2020, 08:49

Sinifdə yox, telefonda öyrən: Virtual təhsil məktəbi əvəz edə biləcəkmi?
Karantin müddətinin uzadılması ilə təhsil müəssisələrinin fəaliyyətə başlaması da təxirə düşdü.
Koronavirusun yayılma sürətinin artması iyun ayında da məktəb və universitetlərin açılmayacağını ehtimal etməyə əsas verir. Belə olduğu təqdirdə isə distant təhsilin əhəmiyyəti artmış olur.
Qeyd edək ki, aprelin 2-dən ölkədə “Virtual məktəb” layihəsinə start verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, şagirdər istənilən buraxılan dərsləri dinləyə bilirlər:
“Eyni zamanda, “Mədəniyyət” telekanalı ilə gündəlik təqdim edilən dərslər vasitəsi ilə şagirdlər lazımi tədris məzmununu ala bilirlər. Müəllim və şagirdlərin 50 faizindən çoxu “Virtual məktəb” platformasına qoşulub. Burada hazırlıq səviyyəsi və texniki imkanlar eyni deyil. Hər müəllim imkanları çərçivəsində tədrisdə iştirak edir. Əməkhaqqına gəlincə, tədris sistemində çalışan müəllimlərin maaşlarının, tələbələrin təqaüdlərinin vaxtlı-vaxtında ödənilməsində hər hansı problem olmur. Evlərində internetə çıxışı olmayan şagirdlər də var. Heç bir ölkə bunu tam təmin edə bilmir. Ona görə də teledərslərə start verilmişdi”.
Göründüyü kimi, bu sahədə də problemlər mövcuddur. Əsas problem internet təminatı, layihələrin müllim və şagirdləri əhatə dərəcəsi, texniki avadanlıqlarla təchizatdır.
Belə şəraitdə Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinin monitorinqini necə həyata keçirir? Bu sahədəki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq nə dərəcədə realdır?
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında layihənin monitorinqinin aparıldığını bildirib:
“Bizim istəyimiz odur ki, təhsil bütün dövrlər və bütün təhsil alanlar üçün əlçatan olsun. Bununla bağlı Nazirlik çeşidli imkanlardan istifadə edir ki, bunlardan biri teledərslər, digəri “Virtual məktəb” layihəsidir. Layihənin monitorinqi aparılır, burada qarşıya çıxan texniki, qeydiyyatla bağlı problemlər vaxtaşırı olaraq müzakirə olunur. Tez aradan qaldırılmalı olan məsələlərlə bağlı qərarlar qəbul olunur. Təhsil alanlara “Virtual bələdçi” adlanan virtual vəsait təqdim olunub. Bizə gələn müxtəlif sorğular mütəmadi olaraq cavablandırılır və bu proseslərdə köməklik edilir”.
Şagirdlərin biliklərinin qiymətləndirilməsindən danışan Cəsarət Valehov bildirib ki, şagirlərə testlər təqdim olunur, onlar tapşırıqları həll edirlər:
“Hər həftə Azərbaycanın bütün coğrafiyasını əhatə edən “Virtual əlaçı” layihəsi həyata keçirilir və qaliblər elan olunur. “Virtual məktəb” layihəsində qoyulan tapşırıqları tez yerinə yetirən şagirdlər “Virtual əlaçı” layihəsində qeydiyyatdan keçərək, cavabları təqdim edir. Hər həftə 10 qalib elan olunur. Onların dəyərləndirilməsi də aparılacaq”.
Təhsil eksperti Elşən Qafarov isə Cebhe.info-ya açıqlamasında bildirib ki, “Virtual məktəb” layihəsində məktəblilərin 50 faizinin qeydiyyatdan keçməsi mümkündür, amma onların heç də hamısı bu layihədən yararlana bilmir:
“Qeydiyyatdan keçmə heç də həmin müəllimlərin və şagirdlərin hamısının aktiv dərsə qoşulması demək deyil. Hazırda müəllimlərin İKT biliklərində kifayət qədər çatışmazlıqlar var. Amma “Virtual məktəb” layihəsi gələcəkdə inkişaf edib, müəyyən boşluqları doldura bilər”.
Elşən Qafarov deyir ki, digər məsələ isə intermet və texniki vasitələrinin olmamasıdır:
“Məlumdur ki, ölkədə 5G sürətli internetin tətbiqi üçün müəyyən addımlar atılır. Amma hazırda kəndlərimizdə heç də şagirdlərin hamısında internet və ya texniki vasitələr yoxdur. “Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda hər bir şagirdə bir planşet verilməsi nəzərdə tutulsa da, bu layihə həyata keçirilmədi. Hazırda bütün şagirlərin internet və ya kompüter vasitələri ilə təhciz olunması real deyil. Bu baxımdan, “Virtual məktəb” layihəsi qisa bir zamanda yaranmış durumdan çıxış yolu olaraq yetərli deyil, amma başqa bir yol da yoxdur. Çünki artıq bu şansı qaçırmışıq. Bütün dünyanı distant təhsil əhatə etsə də, Azərbaycan uzun illərdir ki, bundan imtina edirdi. Bununla belə bu istiqamətdə görülən işləri alqışlayırıq”.
Ekspert bildirir ki, monitorinq sistematik olaraq mümkündür, amma bunu həyata keçirmək üçün nazirliyin imkanları məhduddur:
“Sistemin tam imkanı var ki, məsələn, Şəki rayonunun Oxud kənd orta məktəbində keçirilən dərslərə baxsın. Amma Azərbaycanda 4472 ümümtəhsil məktəbi var və fiziki cəhətdən eyni vaxtda bunun heç 100-nə də nəzarət etmək mümkün deyil. Təhsil Nazirliyində bu qədər işçi də yoxdur”.
Elşən Qafarov müəllimlərin “whathsap” qrupları, ZOOM və digər proqramlarla dərsləri öz təşəbbüsləri əsasında keçdiklərini bildirib.