Xalq artistinin qohumuna görə köçkün qadının başına açılan oyunlar... - ŞİKAYƏT VAR
8-01-2016, 16:34
Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin nəzdində fəaliyyət göstərən Xüsusi Həkim Komissiyasındakı işindən qovulan zaman ağlasığmaz haqsızlıqlara məruz qalan Solmaz Quliyeva prezident İlham Əliyeva müraciət edib.
Xocalıdan məcburi köçkün olan bu qadın həmçinin başına gətirilən oyunlarla bağlı AzNews.az-a danışıb.
Solmaz Quliyeva işdən çıxarılan zaman hüquqlarının pozulduğunu və haqsız yerə ona Əmək Məcəlləsinin “70 c” maddəsinin tətbiq edildiyini iddia edir: “1997-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nəzdində fəaliyyət göstərən Xüsusi Həkim Komissiyasında əvvəlcə laborant, sonra isə tibb qeydiyyatı işində işləmişəm. 2012-ci ilin oktyabrın 9-da idarəyə gələn yeni rəislər Samir Quliyev və Vüqar İsmayılov əlbir olaraq guya, iş yoldaşım Natella Əliyevanı döymək adı ilə məni işdən çıxartdılar. Onlar mənə böhtan atdılar. Guya, mən Natellanın başında stol qırmışam, idarəyə 31 manat ziyan vurmuşam və sənədləri cırmışam. Özü də üzərimə Əmək Məcəlləsinin 70-ci (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) maddəsinin C (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndini qoydular. Bu maddəyə görə heç bir yerdə iş tapa da bilmirəm. Halbuki ali təhsilliyəm. Bakı Dövlət Universitetinin biologiya fakültəsinin məzunuyam.
Onu da qeyd edim ki, Natella Əliyeva xalq artisti Nəzakət Teymurovanın bacısı qızıdır, Samir Quliyev isə deputat Ülvi Quliyevin qardaşıdır”.
Solmaz Quliyeva haqqında çıxarılan qərara etiraz olaraq dəfələrlə nazirliyə müraciət etdiyini bildirib: “Nazirliyə müraciət edərək işimə yenidən baxılmasını və hadisənin yenidən yoxlanılmasını tələb elədim. Hadisə yoxlanıdıqdan sonra Rayon Polis İdarəsinin tədqiqatçısı Ağalar müəllim mənim heç bir günahımın olmaması haqda qərar çıxartdı. Hətta qərarda Natella Əliyevaya inzibati xətanın verilməsi qeyd olundu. Mən də bu sənədlə Binəqədi Rayon Məhkəməsinə müraciət etdim. 2013-cu ilin mart ayında məhkəmənin hakimi Hüseyn Cəfərov barəmdə tətbiq olunan Əmək Məcəlləsinin “70 c” maddəsinin ləğv edilməsi və işə bərpa olunmağımla bağlı iddiamı təmin etdi. Həmçinin işləmədiyim ayların pulunun ödənilməsinə dair qətnamə də çıxardı. Amma yeni rəislər Apellyasiya və Ali Məhkəmə instansiyalarında özlərinə yaxın olan hakimlərin əli ilə həmin qərarı ləğv etdilər.
İşdən çıxarılan zaman Samir Quliyev və Vüqar İsmayılov əlbir olub mənim xuliqanlıq maddəsini verdirmək üçün Bakı Şəhər Prokurorluğuna şikayətlə müraciət ediblər. Hətta mənim xuliqanlıq etməyim barədə açılmış cinayət işi də məhkəməyə göndərilib. Ondan sonra məni Bakı şəhər prokurorluğuna çağırdılar. Orada Vüqar Yusifov mənə bildirdi ki, Samir Quliyev və Vüqar İsmayılov barəmdə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsiylə yeni iş qaldırmaq istəyir. Beləliklə, mənə 221.1-ci maddə ilə ittiham verdilər. Yəni bu qərara görə mən dövlətə 6 ay pul ödəməli idim. Amma yuxarı instansiya məhkəmələri mənim günahım olmadığı üçün bəraət verdilər”.
Şikayətçi qeyd edib ki, bu üç il müddətində bir neçə məhkəmə haqqında dörd dəfə müsbət qərar versə də, amma heç bir yerdə onu işlə təmin etmirlər: “İlk dəfə Ali Məhkəmə işi mənim xeyrimə geri qaytardı, ikinci dəfə Apellyasiya Məhkəməsi mənə bəraət verdi. Üçüncü dəfə isə hər iki rəis birləşib məni yenidən Ali Məhkəməyə verdilər ki, bəraət pozulsun. Amma hakimlər düzgün qərar çıxartdı.
Başım bu işlərə qarışdığı bir vaxtda sifarişlə, mənim və vəkilimin xəbəri olmadan işə bərpa olunmağımla bağlı məhkəmə qərarı ləğv edilib. Amma sonradan yuxarı instansiya məhkəməsi mənim xeyrimə qərar qəbul etdi.
Xuliqanlıq ittihamına gəlincə isə məhkəmədə bəraət aldım. Xeyrimə olan məhkəmə qərarlarına, bəraət almağıma baxmayaraq üç ildir ki, işə bərpa oluna bilmirəm. Mənim günahsız olduğumu hər zaman nazirliyin əməkdaşları, hətta mərhum Rasim Musayev də bildirib. Hətta Natella Əliyeva da ona xəsarət yetirməyim barədə deyələnləri sonradan təkzib etdi. O, mənə yeni rəislər tərəfindən buna məcbur edildiyini dedi. Hətta onun xəsarət almaması barədə rəsmi ekspertiza rəyi də var. Binəqədi Rayon Məhkəməsində də Natella Əliyeva onu öyrədib sənədə imza atdırdıqlarını vurğuladı.
Bir neçə məhkəmə haqqımda dörd dəfə müsbət qərar verib, amma məni yenə də işə bərpa etmirlər. Hazırda Əmək Məcəlləsinin “70 c” maddəsini üzərimdən götürmürlər.
Ölkə başçısından xahiş edirəm, onun iradəsindən kənar, xəbərdarlıqlarına məhəl qoymayaraq bu qanunsuz işləri həyata keçirən məmurlar barəsində ölçü götürülsün. Həmçinin işimə yenidən baxılıb haqlı qərar çıxarılmasını təvəqqe edirəm”.