“İqbal Məmmədovun Lerikdə nə qədər obyekti varsa, heç birində yerli sakinlər işləmir”
13-01-2016, 12:59
"Əgər bizim heç bir problemimizi həll etmirsə, əksinə, yerli sakinlər üçün problem yaradırsa, belə deputat nəyimizə lazımdı?"
Lerikdə uzun illərdir tikintisi davam etdirilən mineral su sexi rayon sakinləri üçün əsl problemə çevrilib. Lənkəran-Lerik şossesinin 36-cı kilometrliyində, Lerik rayonunun Peştətük kəndi ərazisndə tikilən mineral su sexində tikinti işlərinin aparılması yerli sakinlərin narazılığına səbəb olub.Sakinləri narahat edən problem Lerik-Lənkəran avtomobil yolunun tikinti nəticəsində keçilməz vəziyyətə düşməsidir. "Bu yol uzun müddət bərbad vəziyyətdə olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Lənkəran-Lerik yolu əsaslı şəkildə təmir olunub, genişləndirilib və asfalt örtüyü yenilənib. Lakin Peştətük kəndində üzünü seçkidən-seçkiyə gördüyümüz deputat İqbal Məmmədova məxsus mineral su zavodunun tikilməsi ilə əlaqədar iri tonajlı yük avtomobilləri bu yolu yenidən keçilməz və yararsız hala salıb" deyə rayon sakinləri bildirib.Yerli sakinlər həmçinin qeyd ediblər ki, son vaxtlar mineral su sexinin tiklməsi ilə bağlı yolun yararsız hala düşməsi bu ərazidə avtomobil qəzalarının sayını artırıb: "Əvvələr də belə idi. Yol çox pis vəziyyətdə idi. Ona görə də bu yolda hər gün avtomobil qəzası baş verirdi. Yolu təmir etdilər, heç 2 il keçmədi yenidən bu vəziyyətə düşdü. İndi elə gün olmur ki, burada yol qəzası baş verməsin. Belə olmaz axı... Biz demirik tikinti olmasın. Olsun. Amma heç olmasa dağıtdıqları yolu yenidən bərpa etdirsinlər".Sakinlər əlavə ediblər ki, yeni tikilən mineral su sexinin yerli camaata heç bir xeyiri yoxdur: "İqbal Məmmədovun Lerikdə nə qədər obyekti varsa, heç birində yerli sakinlər işləmir. Bunun bizə nə xeyiri var ki? Bütün işçilər ordan-burdan gətirilir. Əziyyətini biz çəkirik, bizim yolumuz dağılır, amma başqası gəlir hazır iş yerində işləyir. Daha biz deputata niyə səs verib seçmişik ki? Əgər bizim heç bir problemimizi həll etmirsə, əksinə, yerli sakinlər üçün problem yaradırsa, belə deputat nəyimizə lazımdı? Necə dağıdırlar, gəlsinlər yolu bərpa etsinlər. Lerik caamatı öz xəstəsini bu yolla Lənkərana aparır. Görün yol nə vəziyyətdədi... Xəstə aparan, hamilə qadını xəstəxanaya çatdıran avtomobil 2-3 dəfə çalaya düşsə kifayət edir ki, həmin xəstəni xəstəxanaya yox, elə bir başa məzara aparsınlar". (Qaynar.info)