“Orta məktəblərdəki psixoloqlar səriştəsiz kadrlardır” - İTTİHAM
16-01-2016, 12:10
Son gün mətbuat səhifələrində intihar halları haqqında informasiyalar demək olar ki, hər gün yazılır. Burada ən dəhşətli hal intihar edənlərin arasında məktəbyaşlı yeniyetmələrin də olmasıdır. Baş verən hadisələr məktəb psixoloqlarının səriştəsizliyini, düzgün təyin edilməməsini və şagirdlərə lazımi anlarda kömək edə bilmə qabiliyyətinin olmamasını göstərir.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, məktəblərdə olan psixoloqlar intihar, depresiya, təşviş nə olduğunu bilmirlər. Onun sözlərinə görə, məktəblərdə psixoloq ştatları olsa da, orada çox vaxt başqa fənn müəllimlərini psixoloq kimi işləməsinə icazə verilir.
“Onlar peşəkar psixoloqlar deyil və təbii ki, psixoloji yardım göstərə bilməyəcəklər. Təhsil sistemində olan psixoloqlarla bağlı məsələ ciddi problemdir. Məktəblərdə sırf təhsil, tədris prosesi ilə bağlı psixoloji hadisələr yaşanır. Avropa ölkələrindəki məktəblərdə şagirdlər və ya müəllim-şagird arasında hansısa konflikt yaşandıqda psixoloqlar yardım edir, valideynlərlə, müəllimlə söhbətlər aparır və elə şərait yaradır ki, o problemlər pis nəticə vermir”.
F.İsmayılov qeyd edib ki, bu gün respublikanın bütün məktəblərində psixoloq ştatı var, amma bu ştatda psixoloq olmayan insanlar çalışır.
“Psixoloqları məktəbə cəlb edəndə yalnız Pedaqoji Universitetin Psixologiya fakültəsini bitirmiş məzunları seçmək lazım deyil. Çünki onlar psixi sağlamlıqla bağlı olan aspektləri öyrənmirlər. Onlara depressiya və onu necə aşkarlamaq yolları, intihar və onun uşaqlarda hansı faktorlarla müşahidə edilməsi halları keçilmir. Bu mövzularda onlar bilik, təcrübə almır. Buna görə, həmin ştatlara belə təhsilləri almayan psixoloq diplomlu şəxslərin də təyinatı müsbət nəticə vermir”.
Professor hesab edir ki, məktəblərdə şagirdləri psixi sağlamlıq barədə maarifləndirmək lazımdır:
“Məsələn, Amerikada 5 və ya 6-cı sinifdən uşaqlar arasında psixi pozuntular, problemlər, emosiyalar haqqında maarifləndirmə işi aparılır. Psixoloq özü də bu zaman məlumatlı olur ki, necə, hansı müdaxilələr aparmalı və yardım göstərilməlidir”.