"Atabank"ın Şirvan filialının şöbə müdirindən özbaşınalıq - Şikayət var...
7-04-2015, 12:58
Ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Bu sahənin hazırkı vəziyyəti o qədər də ürəkaçan deyil. Məlum olduğu kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu yüksək faiz dərəcələri ilə kredit verir, həmçinin kreditlərin verilməsi məsələsində müştəriləri süründürməçiliyə məruz qoyurlar.
Əmanətlərin qorunması məsələsində də müxtəlif problemlər nəzərə çarpmaqdadır. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Əlbəttə, bu kimi neqativ halların qeydə alınmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin banklardakı ümumi abu-hava qənaətbəxş hesab olunmur. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə müştərilərin incidilməsi hallarına yol verilir. "Atabank"ın Şirvan filialında hökm sürən problemlər və kredit şöbəsinin müdiri Kainat Məmmədovun işində yol verdiyi qanunsuzluqlar barədə redaksiyamıza şok məlumatlar daxil olub. Məlumatda deyilir ki, bankın kredit şöbəsinin müdiri Kainat Məmmədov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir, üstəlik, müştərilərə qarşı haqsızlıqlar edir: "Şirvanda əhalinin bir hissəsinin maddi təminatı elə də yüksək deyil. Yerli sakinlər bir sıra işlərini yoluna qoymaqdan ötrü bankdan kredit götürmək məcburiyyətində qalırlar. Amma bank rəsmiləri vətəndaşların qarşısında elə ağır "tələb"lər qoyur ki, bunu qarşılamaq çox çətindir. "Atabank"ın Şirvan filialının kredit şöbəsinin rəhbəri vətəndaşları süründürməçiliyə məruz qoyur. O camaata əlavə problemlər yaratmaqdan belə çəkinmir. Heç bir müştəriyə "qarşılıqsız" kredit verilmir. Belə ki, əgər vətəndaş 5 min manat kredit götürmək istəyirsə, bunun müqabilində kredit şöbəsinin müdirinə mütləq nəsə verməlidir. Əks təqdirdə böyük problemlər yarana bilər. Bu və digər qanunsuzluqlara şərait yaradan Kainat Məmmədov Şirvanda ən varlı adamlardan biri hesab edilir. Onun rayonda bir neçə obyekti var. Bu obyektlərə misal olaraq "333" avtosalonu, "Yaşıl market"i, parfümeriya dükanını göstərmək olar. "Yaşıl market"də satılan ərzaq məhsullarının bir hissəsinin istifadə müddəti keçsə də, vitrindən yığışdırılmır. İstehlakçıların hüquqları kobud şəkildə pozulur. İnsanlara vaxtı keçmiş məhsullar satılır. Ki, bu da ciddi fəsadlara gətirib çıxara və əhali arasında kütləvi zəhərlənmə halına yol aça bilər. Market Kainat Məmmədova məxsus olduğu üçün aidiyyəti yerli qurumların əməkdaşları burda reyd keçirə bilmirlər". Aldığımız məlumatda həmçinin vurğulanır ki, kredit şöbəsinin müdirinə məxsus "333" avtosalonunun yerləşdiyi binanın sənədləri qaydasında deyil: "Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Muğan Regional Mərkəzinin əməkdaşları, şəxsən mərkəzin rəisi Orxan Məmmədyarov bir neçə dəfə avtosalonun rəhbərliyinə sənədləri qaydaya salması barədə xəbərdarlıq edib. Orxan müəllim işinin öhdəsindən peşəkarlıqla gəlir, ona edilən şikayətləri dərhal araşdırır. Kainat Məmmədov isə xəbərdarlığa məhəl qoymur. Deyilənə görə, o nazirlikdə vəzifə tutan şəxslərdən birinə son model "Lexus" avtomobili bağışlamaqla problemi yoluna qoyub". Bu, "Atabank"ın Şirvan filialının kredit şöbəsinin müdirinin həyata keçirdiyi qanunsuzluqlar haqda məlumatların sadəcə bir hissəsidir. Növbəti sayımızda Kainat Məmmədovun filialın müdiri Mahir Mikayılovun arxasınca danışdığı sözlər, 200 min manata alınan obyekt və digər ilginc məsələlərlə bağlı qandonduran faktları diqqətinizə çatdıracağıq. Sonda "Atabank"ın müşahidə şurasının sədri Əşrəf Kamilovdan xahiş edirik ki, adıçəkilən filiala yoxlama komissiyası göndərib Kainat Məmmədovun fəaliyyətini təftiş etdirsin.
Qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.