Dövlətə 2.2 milyard borc – AZAL, Azərsu, Azəriqaz, Azərişıq...

7-04-2015, 13:15           
Dövlətə 2.2 milyard borc – AZAL, Azərsu, Azəriqaz, Azərişıq...
Hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var.

“Bizim Yol” qəzetinin yazdığı xəbərə görə, bu borcların ildən-ilə azalması isə kağız üzərindədir. Belə ki, 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manatı haqlamışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debütor borcları bağışlaması ilə əlaqədardır. Dövlət şirkətlərin vergi yığımlarında anarxiya isə hələ də davam etməkdədir. Məsələn, "Fitch" Ratings hesabatında "Azərenerji"nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Bundan əlavə, "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət, vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar ki, onların hamısının-"Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır. "Bakıelektrikşəbəkə"nin isə səlahiyyətləri yeni yaradılan "Azərişıq" AS-yə verildiyindən dövlətə borclular sırasında bu qurumun da adını çəkmək olar. Bu strukturların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Eyni zamanda xarici maliyyə qurumlarında dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır.

Qəzet yazır ki, hökumət borcların aşağı düşdüyünü göstərdiyi halda, adıçəkilən müəssisələrin büdcəyə ödəmələrində azalma müşahidə edilir. Məsələn, "Azərenerji" 2012-ci ildə 140,4 milyon manat vergi ödəyibsə, 2013-cü ildə bu göstərici 125,8 milyon manat olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2012-ci ildə 32,6 milyon manat, 2013-cü ildə isə 32,5 milyon manat vəsait ödəyib. "Azərbaycan Dəmir Yolları"nın büdcə ödənişi 2012-ci ildə 2 milyon manat, 2013-cü ildə 1,9 milyon manat olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2012-ci ildə 0,25 milyon manat, 2013-cü ildə isə 0,1 milyon manat vəsait ödəyib.

"Azərsu" 2012-ci ildə 11 milyon manat, 2013-cü ildə 10,8 milyon manat ödəniş edib.

Ümumilikdə, adıçəkilən qurumları dövlət büdcəsinə 1.7 milyard manat vergi ödəyiblər. Onun elə 1,4 milyard manatı Dövlət Neft Şirkəti, 224 milyon manatı "Bakı Metropoliten" tərəfindən həyata keçirilib.

Həmin qurumlar vergi ödənişləri ilə yanaşı, büdcədən subsidiyalar da alırlar. Ödənişlər azaldıqca, büdcədən ayrılan subsidiyaların həcmində artım müşahidə edilir. 2015-ci illərin büdcə xərclərində adıçəkilən şirkətlərinə 100 milyon manatdan çox subsidiya ayrılması proqnozlaşdırılıb. 2014-2015-ci illər üzrə subsidiyaların bölgüsünə gəlincə, Bakı Metropoliteni 2014-cü ildə 35 mln. manat alıbsa, cari ildə bu rəqəmin 37.9 mln. manata yüksəlməsi gözlənilir. "AZAL" həm ötən il, həm də bu ilə 10 mln. manat yardım alacaq. "Azərsu"nun aldığı subsidiya 2014-cü ildə 9.8 mln. manat, 2015-ci ildə isə 10 mln. manat təşkil edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin isə ötən il 38.2 mln. manat, bu il isə 42.5 mln. manat büdcədən yardım alacağı gözlənilir.

Qeyd edək ki, bu iri vergi ödəyiciləri subsidiya almaqla yanaşı, büdcənin əsaslı xərclərində (investisiya xərclərindən) də böyük paya sahibdirlər. Ümumilikdə, 2015-ci ildə iri vergi ödəyicilərinə icmal büdcədən düşən payın 1,4 milyard manatdan çox olması gözlənilir. Həmin vəsaitin 93 milyon manatı subsidiyalar, 921 milyon manatı dövlət büdcəsinin investisiya xərcləri, 500 milyon manata yaxınını isə Dövlət Neft Fondunun vəsaitləri təşkil edir.

İqtisadçı-ekspert Qadir İbrahimli "Bizim Yol"a bildirdi ki, iri vergi ödəyicilərinə ayrılan subsidiyaların həcmində də artımın səbəbi həmin müəssisələrin gəlirlərinin azalmasıdır: "Bu məsələ uzun illərin yaranmış ciddi problemidir. İri dövlət vergi ödəyicilərinin əksəriyyətinin büdcəyə vergi borcları qalır. Bunun səbəbi dövlət müəssisələrində maliyyə intizamsızlığının yaranmasıdır. Əksər hallarda həmin borclar Nazirlər Kabinetinin qərarı ilə silinir. Bu yolla vergi borclarının həcmini azaldırlar. Hər dəfə borcların bağışlanılması göstərir ki, hökumət problemin həllində maraqlı deyil".

Q.İbrahimli bildirdi ki, bu borclar korrupsiya əməliyyatlarından yaranıb: "Ola bilməz ki, nəhəng şirkətlər zərərlə işləsin, vergi öhdəliklərini doğrulda bilməsin. Sadəcə olaraq müəyyən korrupsiya mühiti var və bunun nəticəsində büdcəyə borclar yaranır, sonra da silinir".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.