Yerin altında həzm-rabedən keçirilən büdcə pulları... - İTTİHAM VAR
28-01-2016, 15:09
“Bakı Metropoliteni”ndə baş verən böyük miqyaslı korrupsiya faktları ilə əlaqədar AzToday.az-a ciddi məlumatlar daxil olub.
Redaksiyamıza daxil olan faktlar Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin nəzdində yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynova birbaşa aidiyyatı yoxdur. Yəni bizə məlum olan böyük miqyaslı korrupsiya faktları Zaur Hüseynovun bu vəzifəyə təyin olunmasından əvvəl baş verib.
“Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovun və “Azərtunelmetrotikinti” ASC-nin sabiq sədri Şaiq Əfəndiyevin vaxtında həyata keçirilən mənimsəmə nəticəsində dövlətə ən azı 40 milyon dollar ziyan dəyib.
Təfərrüatlara keçməzdən əvvəl qeyd etmək yerinə düşər ki, əsasən Şaiq Əfəndiyevin birbaşa iştirakı ilə həyata keçirilmiş mənimsəmə hallarından Zaur Hüseynov xəbərdar ola-ola müvafiq qurumları rəsmən məlumatlandırmadığı bildirilir. Bu isə “Bakı Metropoliteni”nin yeni sədrinin fəaliyyətinə böyük şübhələr yaradır… Hansı ki, həmin vaxt olan mənimsəmə halları son illər yeni metro stansiyaların tikilməsində özünü göstərir.
Məlumatda iddia olunur ki, paytaxtda yeni metro stansiyalarının tikintisi üçün “Azərtunelmetrotikinti”nin xaricdən aldığı bahalı texnikalar yararsız vəziyyətdədir. Məsələn, Almaniyadan 3o milyon avroya alınmış qazma qurğusu Bakıya gətirildikdən sonra işləmədiyi məlum olub. Hazırda həmin qurğu metropolitenin deposunda saxlanılır. Aparılmış araşdırma nəticəsində məlum olub ki, Şaiq Əfəndiyev qazma qurğusunun xarab olduğunu bilə-bilə onu ucuz qiymətə alaraq Bakıya gətizdirib. Rəsmiyyətdə də həmin qurğuya 30 milyon avro xərcləndiyini göstərib.
Şaiq Əfəndiyevin xaricdən aldığı başqa bir texnika da “brak” çıxıb ki, sənədlərdə onun alınmasına 10 milyon avrodan çox pul verildiyi əksini tapıb. Hər iki xarab qurğunun alınması “əməliyyatı”ndan Şaiq Əfəndiyevin minimum 5 milyon dollar mənimsədiyi iddia olunur.
Həmin 5 milyon dollar pulun böyük bir hissəsinin Almaniya banklarında saxlanıldığı da bizə çatan məlumatlar sırasındadır.
Yeri gəlmişkən, qeyd edək ki, hazırda “Azərtunelmetrotikinti”nin sabiq işçilərini başına yığıraq içtimai təşkilat yaradan Şaiq Əfəndiyevin Bakının ən bahalı yerlərində evləri və villalarının olduğu da bildirilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.