Kəlbəcərin işğalını BMT-də açıqlayan professor bu faktlardan ilk dəfə danışdı - iki erməni yaxınlaşıb...

25-11-2020, 23:26           
Kəlbəcərin işğalını BMT-də açıqlayan professor bu faktlardan ilk dəfə danışdı - iki erməni yaxınlaşıb...
Kəlbəcərin azad edilməsi münasibətilə xalqımızı təbrik edirəm. Kəlbəcər artıq Azərbaycanındır. Hesab edirəm ki, Kəlbəcər olduqca xüsusi əhəmiyyətə malik rayonumuzdur, mənim Kəlbəcərlə bağlı xüsusi xatirələrim var. Artıq yerli mediamız Kəlbəcərin zəngin ərazi olmasından yazmağa başlayıb. Bu, həqiqətdir. Kəlbəcər Azərbaycanın ən böyük dağ rayonu omaqla paralel ən zəngin rayonlardan biridir. Əslində sovet dövründə Kəlbəcəri sanki qapalı saxlamışdılar, heç kimin Kəlbəcərlə bağlı dolğun məlumatı yox idi. Hamı bilirdi ki, Kəlbəcər sadəcə isti su deməkdir.

Bu sözləri Teref.az-a hüquq elmləri professoru, Kəlbəcərin işğalı faktını ilk dəfə BMT-də qaldıran Rüstəm Məmmədov deyib.

Rüstəm Məmmədov qeyd edib ki, onu başqa cür təsəvvür edən yox idi: “Ancaq Kəlbəcər təkcə isti su deyildi. Orada xeyli sayda soydaşımız yaşayırdı. Vaxtilə mən Tver şəhərinə iş təcrübəsinə getmişdim, orada təsadüfən iki kəlbəcərli tələbə ilə görüşdüm. Soruşdum ki, nədən Kəlbəcəri qoyub bura gəlmisiniz. Dedilər ki, Kəlbəcərdə iş yoxdur, universitetə qəbul olduqdan sonra qərara aldıq ki, gələk burada həm oxuyaq, həm də işləyək. Onlar danışanda ağlayırdı. Halbuki Kəlbəcər həm də təmiz hava, təbii qidalar – ət, qaymaq, su deməkdir.

Kəlbəcər işğal edildikdən sonra Azərbaycanda mədə-bağırsaq xəstəliyi artdı. Vaxtilə Kəlbəcərdə xüsusi qablarda isti su istehsal olunurdu və hər yerdə onu tapıb istifadə etmək olurdu. Kəlbəcərin işğalından sonra düşmən onun potensialından yararlandı. Kəlbəcərin qızıl, gümüş yataqları, mineral sərvətləri istismar edildi. Kəlbəcər qızılı İsveçrə saatlarının əsas hissəsini təşkil edirdi. Kəlbəcər işğal olunanda oradakı azərbaycanlıların evində azı 3 xalça qaldı. Beləcə ermənilər milyonlarla xalçamıza yiyə durdu. Mən bunu Parisdə, Cenevrədə olanda görürdüm. Erməni mağazalarında Qarabağ xalçaları, o cümlədən Kəlbəcər xalıları erməni xalçası kimi satılırdı. Kəlbəcər soyuq olduğundan evlərdə xalça mütləq olurdu. Kəlbəcər xanımları da bacarıqlı idi və bu işdə xüsusilə seçilirdi. Sonradan bu xalçalar ermənilərin əlinə keçdi. Ermənilər bu xalçaları antikvar məhsul kimi satırdı və biz ürək ağrısı ilə bunu seyr edirdik.

Məmmədov bildirib ki, Kəlbəcərlə bağlı bəzi faktları ilk dəfə açıqlayır. Buna səbəb kimi artıq bu qədim diyarın yenidən Azərbaycan dövlətinin nəzarətinə qaytarılmasını göstərən professor vurğulayıb ki, Kəlbəcərin işğalını 1993-cü ilin aprelin 15-də ilk dəfə BMT-nin Cenevrə ofisində rəsmi şəkildə məhz onun özü bəyan edib:

“O tarixdə mən rəsmi olaraq Azərbaycan tərəfindən BMT-yə göndərilmişdim. Cenevrə iqamətgahına getdim. O zaman Azərbaycanın İsveçrədə nə səfirliyi, nə də diasporu vardı. Cenevrədə yalnız bir azərbaycanlı xanım-Sima Eyvazova çalışırdı. Sonradan orada səfir oldu. Deyilənlərə görə, onun ermənilərlə qohumluğu çatırdı. Bu səbəbdən həvəsli deyildi ki, BMT-nin Cenevrə qərargahında erməniləri ifşa edəcək çıxış edim. Amma buna baxmayaraq, BMT-nin dəyirmi salonunda erməniləri biabır, ifşa edə bildim. Bu, 1993-cü ilin aprelin 15-də oldu.

Bu zaman iclasa sədrlik edən yəmənli diplomat çalışırdı ki, mənim çıxışımı kəssin. Yəni o dövrdə BMT-də kifayət qədər anti-Azərbaycan qüvvələr toplaşmışdı. Təsəvvür edin ki, BMT ermənilərin 6 QHT-ni qeydiyyata almışdı. Onlar BMT zalları və dəhlizlərində sərbəst gəzir, xarici diplomatları konyaka qonaq edərək ələ alırdılar. Azərbaycandan isə nə bir diplomat, nə də QHT vardı”.

Professor qeyd edib ki, BMT-nin Cenevrə ofisinin dəyirmi zalında erməniləri Kəlbəcərin işğal faktına görə ifşa etdiyindən ona fiziki təzyiq göstərmək istəyiblər: “Əvvəlcə ermənilərin iki QHT təşkilatının üzvləri mənə yaxınlaşdı. Dedilər ki, çıxışınızın nüsxəsini istəyirik. Cavab verdim ki, gedin sədarətdən alın, onlarda var. Bundan sonra iki erməni mənə yaxınlaşaraq dedi ki, gəlin çıxaq çöldə danışaq. Bildirdim ki, sizinlə danışmağa mövzum yoxdur. Bu vaxt Türkiyə səfirliyinin nümayəndələri bizi görüb anladı ki, vəziyyət yaxşı deyil. Ona görə mənimlə birlikdə dəhlizə çıxdılar. Beləcə erməniləri neytrallaşdırdıq. O zamandan mən Türkiyəni daha da sevdim, hər yerdə bizi dəstəkləyirdi. O dövrdə BMT-də bəzi məsələlərin həllində bizə Türkiyə yardım edirdi. Ermənilər o vaxtdan vicdansız məxluq idilər. Təsəvvür edin ki, o dövrdə BMT kitabxanasının direktoru erməni idi. Ermənistana aid olan məlumatları bütün səfirliklərə göndərirdi. Azərbaycanla bağlı isə heç nə yox idi. Çətin dövrlər idi.

O zaman Cenevrədən Azərbaycana zəng etmək belə mümkün olmurdu. Təsəvvür edin ki, Azərbaycan bu mərhələlərdən çıxaraq şanlı qələbə əldə etdi, Kəlbəcəri geri qaytardı. Mən Kəlbəcərin vurğunuyam, bu gün ən sevincli günümdür. Bizim Kəlbəcərə yolumuz açıldı. Biz gedib Kəlbəcərin isti suyundan, soyuq bulaqlarından istifadə edəcəyik. Artıq Kəlbəcər, onun təbiəti, sərvətləri bizimdir. Ümid edirəm ki, Azərbaycan Kəlbəcərdən faydalanacaq və bu tarixi diyarımızı dünyanın ən gözəl turist məkanına çevirəcək”.teleqraf.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.