Soyuqdan titrəyə-titrəyə: “Dərsə gedən bir uşaq...”
24-03-2021, 23:27

Övladlarımızı əmanət etdiyimiz məktəblərin istilik problemi nə zaman həll olunacaq?
Fevralın 1-dən etibarən məktəblərdə dərslərin qismən bərpasından sonra bəzi problemlər gündəmə gəldi. Məsələn, uzun müddət bağlı olan bəzi məktəblərdə istilik problemi ortaya çıxdı. Əslində, bu məsələ hələ məktəblər açılmadan həm valideynlərin, həm də Təhsil Nazirliyinin diqqətində idi, hətta bununla bağlı monitorinqlər də aparılmışdı. Monitorinqlər zamanı üzə çıxan istilik təchizatı çatışmazlığının aradan qaldırılacağı vəd edilmişdi.
Amma bəzi valideynlər məktəblərdə sinif otaqlarının hələ də soyuq olmasından şikayət edirlər. Üstəlik, belə şikayətlər təkcə ucqar dağ kəndləri deyil, paytaxtdakı bəzi təhsil müəssisələri ilə bağlı da səslənir. Məsələn: Quba rayonu Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəb, Xaçmaz rayonu Yalama kənd, Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbləri və Bakı şəhəri Akim Abbasov küçəsində yerləşən 158 saylı tam orta məktəb...
Bundan başqa, redaksiyamıza daxil olan şikəyətə görə, Lerik rayonu M.Qafarov adına Siyov kənd tam orta məktəbində istilik sistemi saat 11:00-da söndürülür. Səbəb kimi isə dizel yanacağının olmamasını göstərirlər.
AYNA problemə aydınlıq gətirməyə çalışıb. İlk olaraq müraciət etdiyimiz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovdan heç cür münasibət öyrənmək mümkün olmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov isə AYNA-ya açıqlamasında deyib ki, 158 nömrəli tam orta məktəb mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir: “Məktəbin istilik sistemində yaranmış qısamüddətli problem müvafiq tədbirlər görülərək aradan qaldırılıb və məktəbin istilik təminatı bərpa edilib. Hazırda məktəbin istiliklə təminatında problem yoxdur”.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 134-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 171-i fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir. Onu da qeyd edim ki, təhsil müəssisələrinin istilik sistemlərində ortaya çıxan cari problemlərin aradan qaldırılması daim diqqət mərkəzində saxlanılır”, - deyə Məmmədov bildirib.
Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də sorğumuza cavab olaraq söyləyib ki, Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəblərin istilik sistemində heç bir problem yoxdur: “Qeyd etdiyiniz məktəbin istilik sistemi dizel yanacağı ilə işlədiyinə görə ola bilər ki, istilik o qədər də yaxşı tənzimlənmir. Qazla işləyən istilik sistemləri sinif otaqlarını 24 saat isti saxladığı təqdirdə, dizel yanacağı ilə işləyən istilik sistemləri sinif otaqlarını yalnız 15 saat ərzində isti saxlaya bilir. Əgər, ümumiyyətlə kənd və rayonların qaz təchizatı yoxdursa, həmin məktəbləri biz necə qazla təmin edə bilərik?”.
“Ucqar kəndlərin qazla təchizatı tam başa çatdırıldıqdan sonra elə həmin rayon və kəndlərin məktəbləri də qazla təmin olunacaq. Məktəbləri qazla təmin etmək bizim səlahiyyətimizdə olacaq iş deyil. Dövlət Proqramı çərçivəsində ucqar kəndlərin qazlaşdırma işi başa çatdırıldıqdan sonra 7 belə məktəb qazla təmin olunub. Dağ, ucqar kənd və rayon məktəblərinin qazla təmin olması üçün ilk növbədə həmin yerlərə qaz çəkilməlidir. Bunun üçün tender elan olunur, qalib şirkətlərə siyahı üzrə adları verilən məktəblərin qazlaşdırılması işləri tapşırılır. Bu proseslər növbəli şəkildə həyata keçirilir. Sözügedən məktəblərin qazla təmin olunması üçün zaman lazımdır. Zamanla bütün məsələlər öz həllini tapacaq”, - deyə Hacıyev vurğulayıb.
Mövcud vəziyyət şərh edən təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, pandemiya dövrü bir sıra işlər üçün bir fürsət yaratmışdı: “Pandemiya dövrü bir sıra işlərin reallaşdırılması üçün əla fürsət idi, amma bu, necə dəyərləndirildi və ya dəyərləndirilmədi - sual olaraq qalır. Pandemiya dövründə virtual məktəbin qurulması, müəllimlərin bir çoxunun virtual məktəbi, elektron poçt adresi barədə biliklərə yiyələnmələri, öyrənmələri - bunların hamısı yaxşı addımlar idi”.
Ekspertin sözlərinə görə, yaranmış bəzi fürsətləri qaçırdıq: “Bunlardan biri də məktəblərin infrastrukturunun yaxşılaşdırılması məsələsidir. İstilik sistemlərinin, internet təchizatının, kompüter şəbəkə sistemlərinin qurulmasıdır - bunlar daha çox maliyyə resurslarına ehtiyac olduğu üçün geridə qalan planlara daxil oldu, öncəlik olaraq görülmədi. Məktəblərin bir çoxunun həm istilik, həm su sistemində, həm də sanuzellərində bir çox prolemlər var. Bütün bunlar öz həllini gözləyən problemlərdir. Ümid edək ki, tez bir zamanda bu kimi problemlər öz həllini tapar”.
Məhərrəmov bu tip problemlərin kökündən həll olunması üçün monitorinq sisteminin gücləndirilmiş layihəsi ilə bağlı təkliflərin verilməsini vurğulayıb: “Bu layihə təklifləri əsasında tamamilə şəffaf, öhədliyi öz üzərində daşıyan istilik yeniləmə təşəbbüsü ola bilər. Və bütün məktəblərdə xüsusi monitoriqnlər lazımdır. Əgər monitorinqlər yaxşı təşkil olunmasa, yenə də problemlər yaranacaq, ayrılan vəsaitlər aidiyyəti üzrə istifadə olunmayacaq. Ona görə də burada ciddi şəkildə monitorinqlər olmalıdır və istilik sistemləri yenilənməli, yaxşılaşdırılmalı, sıfırdan qurulmalıdır. Hələ də regionlarda sinif otaqlarını odunla isidirlər. Bu tip siniflərdə dərs alan yüzlərlə şagirdlər var. Həmin sinif otaqları müasir istilik sistemi avdanlıqları ilə təchiz olunmalıdır”.
Müəllif: Ülviyyə Şahin