Əmlak sektorunda ciddi geriləmə oldu - Bu il nələr gözlənilir?

25-03-2021, 19:44           
Əmlak sektorunda ciddi geriləmə oldu - Bu il nələr gözlənilir?
2020-ci ildə mülkiyyət hüquqlarının qeydiyyatı əvvəlki ilə nisbətən azalıb.

Valyuta.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən il ümumilikdə 237 min 450 əmlak qeydiyyata alınıb. Bu, 2019-cu illə müqayisədə 12% və ya 28 min 619 əmlak azdır.

2020-ci ildə qeyddiyyata alınan əmlakların 174 min 203-ü təkrar, 63 min 247-si isə ilkin qeydiyyatın payına düşüb. Azalma daha çox əmlakların ilkin qeydiyyatının hesabına baş verib.

Fərdi yaşayış və bağ evlərinin ilkin qeydiyyatı 17 mindən 13 minə, təkrar qeydiyyatı isə 26 mindən 22 minə enib. Ötən il mənzillərin ilkin qeydiyyatı 2019-cu ilə nisbətən təxminən 2 min, təkrar qeydiyyatı isə 4,5 min azalıb.

Ən çox azalma isə torpaq sahələrində qeydə alınıb. Torpaqların ilkin qeydiyyatında 2 dəfəyə yaxın azalma olub. Təkrar qeydiyyatda isə 5 minə yaxın sahə fərqi olub.

Ötən il cəmi 11 çoxmərtəbəli yaşayış binası ilkin qeydiyyata alınıb. Halbuki 2019-cu ildə onların sayı 51 olub.

Əmlak eksperti Elnur Fərzəliyev Valyuta.Az-a açıqlamasında bu geriləməni COVİD 19 pandemiyasının yayılması ilə izah edib. Onun sözlərinə görə, 2006-cı ildən 2019-cu ilə qədər ümumilikdə ilkin qeydiyyatların sayı 656 min 332 olub:

“2019-cu ildə isə 78 min 426 ilkin qeydiyyat aparılıb. Təkrar qeydiyyatın sayı daha çoxdur. 2006-cı ildən 2019-cu ilədək ümumi sayı 1 milyon 568 min 572 olub. Təkcə 2019-cu ildə təkrar qeydiyyatların sayı 187 min 643 əmlak olub”.

2019-cu ilədək əmlakların qeydiyyatı prosesinin surətlə davam etdiyini deyən E.Fərzəliyev 2020-ci il üçün gözləntilər daha böyük olduğunu qeyd edib: “Çünki həmin ildə Prezidentin tapşırığı ilə sənədsiz həyət evləri amnistiyaya düşdü və onlar çıxarışla təmin olunmalı idi. Bununla bağlı komissiya da yaradılıb, lakin pandemiya səbəbi ilə bütün proses dayandırılıb. Məqsəd bütün əmlakları bir-bir qeydiyyata almaq idi. Lakin pandemiya səbəbindən həmin işlərdə yubanma oldu”.

Ekspert 2020-ci ildə daşınmaz əmlakların alqı-satqılarında tək çıxarışlı olanların deyil, müqavilə və yaxud digər sənədlərlə satılanların da sayının minimum həddə çatdığını bildirib. Bunu müxtəlif səbəblərlə izah edib:

“Virusun yayılma qorxusu olduğu üçün mənzil satan vətəndaşlar öz evlərinə tanımadıqları şəxsləri buraxmaq istəmirdilər. Həmçinin, alıcılar da təmaslardan çəkinirdilər. Ona görə də əlində pulu olan şəxslər də risk etmədilər. 2020-ci ildə əhalinin gəlirləri də xeyli azaldığı üçün artıq vətəndaşlar əlavə pullarını daşınmaz əmlaka yatırım etmirlər. İndiyədək daşınmaz əmlak bazarındakı alıcıların böyük əksəriyyətini təkrar alıcılar təşkil edib. 2020-ci ildə onların da böyük bir hissəsi yatırım etməkdən çəkindi”.

E.Fərzəliyev 2020-ci ildə əvvəlki illərə nisbətən daha çox həyət evlərinin satıldığını deyib. Çünki imkanı olan vətəndaşlar virus təhlükəsindən qorunmaq üçün həyət evləri almağa məcbur oldular:

“Onların içərisində sənədsiz evlər də vardı. Lakin satışlar qeyri-rəsmi olduğundan reallıqdan daha çoxdur. Çünki paytaxtda və Abşeronda 500 minə yaxın sənədsiz fərdi evlər var. Onların alqı-satqısı çoxdu, ancaq çıxarışı olmadığından rəsmiləşdirilməsi mümkün deyil”.

Ekspert qeyd edib ki, 2021-ci ildə sənədsiz evlərin çıxarışla təmin olunmasına start veriləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.