SOS: Xəzər yenə Kürə axmağa başladı, hökumət hərəkətə keçdi

10-04-2021, 09:06           
SOS: Xəzər yenə Kürə axmağa başladı, hökumət hərəkətə keçdi
“Azərsu” Neftçalanın kəndlərinə maşınlarla su daşıyır; baş nazirin müavini təcili bölgəyə getdi...
Ötən ilki quraqlıq zamanı Kür çayında suyun səviyyəsindəki kəskin azalma nadir bir hadisənin baş verməsi ilə nəticələndi - Xəzər dənizinin suyu çaya axmağa başladı. Qısa müddət ərzində dənizin duzlu suyu Neftçalanı ötərək Salyana qədər çatdı. Bu hadisə ölkə rəhbərliyi səviyyəsində müzakirələrə, Prezident İlham Əliyevin hadisənin araşdırılması, əhalinin içməli və suvarma suyu ilə təminatı ilə bağlı hökumətə ciddi tapşırıqlar verməsinə səbəb oldu.

Payız aylarında vəziyyət düzəlsə də, son iki həftədə yenidən dəniz suyunun Kürlə üzüyuxarı hərəkəti başlayıb. Bu barədə ictimaiyyətə Neftçalanın deputatı Sabir Rüstəmxanlı açıqlama verib. Deputat bildirib ki, Kürün durumu keçən il olduğundan da ağırdır: “Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir; yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir”.

Rüstəmxalı qeyd edib ki, bir il əvvəl Kürün deltasında zəruri işlərin aparılması təklif olunub, amma təəssüf ki, bu təklifə heç bir reaksiya olmayıb: “İkinci təklifimiz yenə yerli əhalidən gəlirdi: Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Görünən də budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli, görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi hətta bu ərazidən axan böyük kollektor kanalının suyundan da istifadə edir. Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur”.

Millət vəkili qarşıda isti ayların gəldiyini xatırlatmaqla indidən Kürün dərdinə çarə tapılmasını vacib sayır: “Kürün xilasıyla bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhalini çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır”.

Rüstəmxanlının sözlərinə görə, ötən il verilən iki təklif - Kürün dənizə töküldüyü yerdə istiqaməti köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır. Millət vəkili bildirib ki, Kür boyu çayın suyunu gecə-gündüz sümürən balıq nohurları da ciddi problemlər yaradır: “Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, nohurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz!”

Qeyd edək ki, keçən ilki quraqlıqdan sonra ölkənin ən iri su mənbələrində, anbarlarda suyun səviyyəsi kritik həddə qədər azalmışdı. Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına dair iclasında Prezidentə məruzə edərək bildirib ki, ötən ilin avqust ayında keçirilən monitorinqlər zamanı regionlarda quraşdırılmış 460 modul tipli sutəmizləyici qurğudan 66-nın suyunun lilli olması, mənbədə suyun olmaması, dəniz suyunun Kür çayına qarışması və yaşayış məntəqələrində suya tələbatın mərkəzləşmiş şəbəkədən ödənilməsi kimi səbəblərdən fəaliyyətinin dayandığı aşkarlanıb.

Maraqlıdır ki, Ş.Mustafayev Kür çayına çoxsaylı qoşulmaların aşkarlandığını da qeyd edib: “İtkilərin azaldılması üçün nəzarətdənkənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır. Əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılmışdır, əlavə 31 cihaz quraşdırılacaqdır. Cənab Prezident, Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır. Bu ayın sonunadək bizim bütün su anbarlarımızda, çaylarımızda müasir cihazların quraşdırılması başa çatdırılacaq və biz dəqiq uçota malik olacağıq. Eyni zamanda, bu cihazlar birbaşa elektron su təsərrüfat sisteminə birləşərək insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik ki, harada nə qədər su axır və hansı hallarda nə qədər suyumuz var”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Yeni Müsavat”a bildirib ki, dəniz suyunun Kürə axması ilə bağlı ötən həftədən hərəkətə keçiblər: “Keçən ildən cənab Prezidentin tapşırığına uyğun olaraq Şirvan-Muğan qrup su kanalından - Salyan rayonundakı anbardan Neftaçala şəhərinə uzunluğu 40 km olan magistral su kəmərini keçən ilin noyabrında istifadəyə verdik. Eyni zamanda, Neftçalada böyük su anbarı tikdik. Artıq Neftçala şəhəri Kür Sutəmizləyici qurğular sistemindən əldə olunan şirin su ilə tam təmin edilir. Biz Neftçalanın kəndlərinin təchizatı üçün Şirvan-Muğan qrup kəmərindən ikinci bir magistral kəmərin çəkilməsi üçün təklifimizi və iqtisadi əsaslandırmamızı hazırlayıb hökumət təqdim etmişik”.

A.Cəbrayıllının sözlərinə görə, artıq Neftçalanın 10-dan yuxarı kəndində yenidən şirin su problemi yaranıb: “Kürə dəniz suyu qarışıb. Biz ötən həftədən həmin kəndləri maşınlarla su ilə təchiz etməyə başlamışıq. Su maşınlarla daşınır, o kəndlərdəki modul sutəmizləyici qurğuların anbarlarına doldurulur, oradan da bulaqlarla əhaliyə paylanır. İndi bizim işimiz xeyli asanlaşıb, çünki keçən il suyu maşınlarla Salyandan - 90 km-lik məsafədən daşıyırdıq. Amma magistral kəmərin çəkilməsi nəticəsində bu məsafə ikiqat azalıb. İndi Neftçala ərazisində bir sudoldurucu qurğumuz var, yaya qədər onların sayını artıracağıq ki, yay aylarında ehtiyac artdıqda əhalini tam təmin edə bilək”.

Onu da qeyd edək ki, rəsmi statistikaya əsasən Azərbaycanda göl və nohur balıqçılığı ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayı 2017-ci ildə 104 olub, 2019-cu ildə bu say artaraq 113-ə çatıb. Balıq yetişdirilən göl və nohurların səthinin sahəsi isə həmin dövrdə 4 dəfədən çox - 4929 hektardan 1174 hektara qədər azalıb. Belə görünür ki, quraqlıq bu sahəyə də ciddi təsirini göstərməkdədir. Lakin S.Rüstəmxanlının dediklərindən aydın olur ki, Kür boyu belə nohurların sayı az deyil. Çayın mənbəyinə - Türkiyə ərazisinə düşən yağıntıların miqdarı da kəskin azalıb. Hətta bu ilin yanvarında Türkiyədə mövcud su anbarlarında yararlı su həcminin 2 həftəlik ehtiyacları ancaq qarşılayacaq səviyyəyə endiyi açıqlandı. Kürün mənbəyi olan Ərdahanda da yağıntıların azalması, çay üzərində su anbarlarının sayının artması Azərbaycanda problemlərin daha da dərinləşəcəyi təhlükəsini artırır. Bu şəraitdə hökumətin Kür boyu balıq nohurlarına nəzarəti gücləndirməsi zərurətə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə verilən məlumata görə, hazırda Azərbaycanda çaylarda gursululuq dövrü müşahidə olunur: “Belə ki, temperatur rejiminin yüksəlməsi və dağlıq ərazilərində qarın tədricən əriməsi nəticəsində aprelin 8-də Böyük və Kiçik Qafqazın əksər çaylarında sululuğun artımı müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın ərazisindən axan çaylarda sululuq ongünlük normanın 121 faizini (2020-ci ildə 108 faizini) təşkil edib. Kiçik Qafqazın ərazisindən axan çaylarda sululuq ongünlük normanın 112 faizini (2020-ci ildə 80 faizini) təşkil edib. Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda normanın 22 faizini (2020-ci ildə 172 faizini) təşkil edib.

Nazirliyin məlumatından aydın olur ki, Kür çayında suyun səviyyəsi ciddi şəkildə aşağıdır: “Aprelin 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 20 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 343 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 73 faizini təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 252 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil etmişdi”.


Aprelin 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub - belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 133 sm olub (2020-ci il aprelin 8-də 131 sm), Surra məntəqəsində suyun səviyyəsi 2 sm artıb və 344 sm olub (2020-ci il aprelin 8-də 366), Bankə məntəqəsində suyun səviyyəsi 6 sm azalaraq 109 sm olub (2020-ci il aprelin 8-də bu rəqəm 160 sm), Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 sm artaraq 57 sm olub (2020-ci il aprelin 8-də bu rəqəm 55 sm). Nazirlik bildirir ki, hazırda Kür çayının aşağı axınında suyun səviyyəsinin tərəddüdü müşahidə olunur: “Builki səviyyələr keçən ilə yaxın və bir qədər aşağıdır. Sululuğun azalması müvəqqəti xarakterlidir və gursululuq dövrü ilə əlaqədar sululuğun artacağı gözlənilir”.


Qarölçmə işlərinin nəticələrinə əsasən bu il Böyük Qafqazın çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 80-93 faizini (2020-ci ildə 69-84 faizini), Kiçik Qafqazın çaylarının hövzələrində isə normanın 68-95 faizini (2020-ci ildə 63-78 faizini) təşkil edib: “Aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğu, meteoroloji kəmiyyətləri nəzərə almaqla bu ilin gursululuq dövründə çaylarda sululuğun 2020-ci illə müqayisədə bir qədər çox olmaqla Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında çoxillik normaya yaxın və bir qədər az (80-110 faiz), Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az (50-85 faiz) olacağı gözlənilir. Verilmiş proqnoza görə, bu il çaylarda gözlənilən sululuğun azsulu il kimi səciyyələnən 2020-ci il ilə müqayisədə bir qədər yüksək olacağı gözlənilir. Bununla yanaşı, hər il olduğu kimi yaz-yay gursululuq (aprel-iyun) dövründə ayrı-ayrı günlərdə yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur”.

Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad edilərək, Baş Nazirin müavini təyin edilib

Əldə etdiyimiz məlumata görə, Ş.Mustafayev dünən Kürün aşağı axarına - dəniz suyunun çaya qarışdığı Neftçala-Salyan bölgəsinə gedib.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.