Yüksək faiz problemi - NƏ ETMƏLİ?

16-04-2021, 08:37           
Yüksək faiz problemi -
Bakı şəhərinə nisbətən rayonlarda banklar kreditləşməyə həm daha az vəsait ayırır, həm də yüksək faizlə təklif edirlər. Rayon sakinləri və oradakı sahibkarlar bu problemdən şikayətçidirlər.

Bəs, problem nədən qaynaqlanır?

İqtisadçı, millət vəkili Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bankın məlumatına əsasən ən yüksək kredit faizləri Yuxarı Qaarabağ iqtisadi rayonundadır:

“Mərkəzi Bankın məlumatları göstərir ki, kommersiya bankları paytaxtla müqayisədə rayonlarda iki dəfədən artıq yüksək faizlə kreditlər təklif edirlər. Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlar, eləcə də iş adamları daha yüksək faizlə kredit götürmək məcburiyyətində qalırlar. Məsələn, Füzulidə yaşayan sahibkar orta hesabla krediti 25 faizə yaxın dərəcə ilə götürürsə, Bakıda yaşayan sahibkar orta hesabla 9 faizlə əldə edir”.

Deputat qeyd etdi ki, kredit faizləri arasında bu cür fərqin olması səbəbindən regionlarda vətəndaşların kreditə əlçatanlığı və sahibkarların biznes kreditə cəlb edilərək öz işlərini inkişaf etdirmək imkanları məhdudlaşır.

Millət vəkilinin bu məsələylə bağlı təklifləri də var:

“Biz təklif edirik ki, Mərkəzi Bank tərəfindən təşviqedici mexanizmlər tətbiq olunsun. Əvvəla, bölgələrdəki faizlərin bir hissəsinin Mərkəzi Bankın mərkəzləşdirilmiş resursları hesabına subsidiya olunması məqsədəuyğun olardı. Faizlərin subsidiyalaşdırılması mexanizmi 2020-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq olundu. Oxşar təcrübənin Mərkəzi Bank tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlıq üçün tətbiq olunması nəticə etibarilə regionlarda faizlərin aşağı düşməsinə gətirib çıxara bilər.

Təkliflərdən biri də regionlarda daha aşağı faizlə kredit təklif edən banklar üçün güzəştlərin tətbiq edilməsi ilə bağlıdır. Məsələn, həmin banklara müəyyən vergi güzəştləri tətbiq edilə bilər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov “Press Klub”a açıqlamasında əslində Bakı şəhərində də bank faizlərinin çox yüksək olduğunu vurğuladı:

“Bu isə real sektorun inkişafına ciddi maneə törədir. Rayonlarda faizlər əlçatanlıq baxımından daha da problemlidir. Rayonlarda biznes fəaliyyətinin təqdim olunan faizlərlə effektiv şəkildə qurulması biznesin əsas istiqamətləri üzrə qeyri-mümkündür. Buna görə də iqtisadiyyatda tarazlıqlar pozulur. Ölkə üçün vacib olan iqtisadi fəaliyyət istiqamətlərində ciddi problemlər var. Bu da xeyli dərəcədə maliyyə-kredit resurslarının əlçatan olmaması ilə bağlıdır”.

İqtisadçının sözlərinə görə, bunun başlıca səbəblərindən biri kreditləşmədə risk amilinin olmasıdır:

“Etiraf etmək lazımdır ki, risk amili o zaman daha çox olur ki, müvafiq qaydada girov bazası olmasın. Yəni ölkədə bank kreditlərinə üz tutanda lazım olan girov bazası ilə bağlı problemlər var. Biz bu gün görürük ki, hətta aşağı faizlə banklar kredit təklif etsə belə, müvafiq qanunvericilikdəki girov bazası imkan vermir ki, krediləşməyə real sektor lazım olan səviyyədə üz tutsun. Digər tərəfdən, banklar faktiki olaraq, iqtisadi fəaliyyətin əsas təkanverici qüvvəsi kimi fəaliyyət göstərməli və real sektora investisiyaların istiqamətlənməsini təmin eməlidir. Banklar öz fəaliyyətini daha yüksək mənfəət olan istiqamətlərə yönləndirir. Bura istehlak kreditləri, maliyyə sektoru ilə bağlı hansısa alətlərin əldə olunmaları da daxildir. Banklarımız bu gün də real sektora istiqamətlənmir. Çünki bir tərəfdən həmin yöndə risklər daha çoxdur, digər tərəfdən isə orada rentabellik göstəricisi aşağıdır”.

Məmmədov hesab edir ki, hazırkı vəziyyətdə bu məsələnin həlli üçün yeganə optimal mexanizm aidiyyəti dövlət banklarının formalaşdırılmasından və həmin dövlət banklarının inkişaf institutları kimi fəaliyyət göstərməsindən ibarətdir:

“Bu gün dövlət tərəfindən özəl bankları real sektora ucuz kreditlər verməyə məcbur etmək çətin məsələdir. Bu məsələdə bir sıra problemlər çıxa bilər. Çünki dövlətin onlara birbaşa göstəriş vermək səalhiyyəti yoxdur. Burada optimal mexanizm yalnız dövlət bankları vasitəsilə kredit emissiyasının artırılmasına nail olunması, yumşaq faizlərlə ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin təmin edilməsidir. Bir sözlə, ayrı-ayrı maliyyələşmə kanalları açılmalıdır. Həmin maliyyələşmə kanalları üzrə üç-dörd faizdən çox olmamaq şərti ilə kreditlər ayrılmalıdır və həmin kreditlərin təyinatı üzrə istifadəsi aidiyyəti dövlət bankları tərəfindən təmin olunmalıdır. Əgər bu olmasa, özəl bankların kəskin şəkildə faizləri azaldacağını və real sektoru maliyyələşdirəcəyini gözləmək hazırkı şəraitdə real görünmür. Dövlət bankları bu missiyanı tədricən yerinə yetirdikdən sonra əgər özəl banklar da bu prosesə qoşulmaq istəyərsə, onlara da kredit xətləri, kreditləşmə kanalları təqdim oluna bilər. Amma düşünürəm ki, ümumilikdə bank sektorunda dövlətin rolu artırılmalıdır. Dövlətin rolu məhz real sektora yönəlik investisiya axınlarının dərinləşməsindən və genişləndirilməsindən, tam şəkildə iqtisadiyyata lazım olan invesitisiya həcminin təmin edilməsindən ibarət olmalıdır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.