Qəbələ Qızıl Balıqartırma Zavodunun Bakıdakı xudmani inhisar meydanı - Şadlıq evləri balığı hardan "tutur"...
7-04-2015, 16:57
“Ötən il Qəbələ Qızıl Balıqartırma Zavodunda məhsuldarlıq gözləniləndən artıq olub. Yetişdirilən 90 min balıq su hövzələrinə buraxılıb. Son 45 ildə istehsal ən yüksək həddə çatdırılıb. Bu uğurun məhz kənd təsərrüfatı ilinə təsadüf etməsi isə müəssisə işçilərini daha da ruhlandırıb. 1969-cu ildən bu yana ilk dəfə olaraq Qəbələ Qızıl Balıqartırma Zavodunda 400 mindən artıq körpə balıq əldə olunub. Eləcə də bu il ilk dəfə olaraq Xəzər dənizinə 150 mindən artıq körpə balığın buraxılması nəzərdə tutulub...” Bu sətirləri dırnaq arasına almaqda qəsdim ifadə olunan fikirlərin və təqdim olunan məlumatın mənə məxsus olmadığını vurğulamaqdır. Bununla belə, göstərilən rəqəmləri inkar etməyə də əlimdə heç bir əsas yoxdur. Digər tərəfdən isə redaksiyamıza daxil olan fərqli məlumatlarda Qəbələ Qızıl Balıqartırma Zavodunun direktoru Oqtay Məmmədovun fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Məlum olduğu kimi hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində fəaliyyət göstərən Qəbələ Qızıl Balıqartırma Zavodu 1956-cı ildə tikilərək istifadəyə verilib. Qiymətli balıq növlərinin yetişdirilməsinə görə respublikada mühüm əhəmiyyət kəsb edən bu müəssisədə Kür qızıl balığı və farel yetişdirilir. Qəbələ Qızıl Balıqartırma Zavodu Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahəsidir. Qəbələdə qızıl balıqların yetişdirilməsində ən vacib komponentlərdən biri bu ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan bu qızıl balıqlar daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevirlər. Qəbələ Qızıl Balıqartırma Zavodunun su mənbəyi Qəbələ çayından və təbii bulaqlardan götürülür. Zavoda gələn suyun temperaturu 12-18 dərəcədən yüksək olmur və kifayət qədər oksigenə malikdir. Bu da balıqların sağlam şəkildə yetişdirilməsinə imkan verir. Qızıl balıqlar kürü tökməklə çoxalır və bu balıqların kürüsü suda mayalanır. Qızıl balıqları mayalandırma prosesi qaranlıq yerdə aparılır və kürü bir saatdan sonra yuyularaq təmiz suya tökülür. Kürüdən çıxandan sonra zavodda 3 fazada inkişaf dövrünü yaşayan xırda qızıl balıqlar bir il müddətində müxtəlif ölçülü 8 hövuzda bəslənilir. Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi yerdə yetişdirilən "Alaxet" qurdları ilə bəslənilir. Əlbəttə ki, bütün bunlar müəssisənin fəaliyyətinə dair maraq doğura biləcək məlumatlardır. Lakin buna paralel olaraq, Qəbələ Qızıl Balıqartırma Zavodunun fəaliyyətində bəzi qaranlıq məqamları işıqlandıra biləcək digər məlumatlar da mövcuddur. Həmin məlumatlara görə, bu gün zavodda yetişdirilən qızıl balıq növləri həm də qızğın spekulyasiya obyektinə çevrilmişdir. Mənbələrin deməyinə görə, müəssisədə yetişdirilən balıqların sayına real nəzarət olunması demək olar ki, qeyri-mümkündür. Həmçinin dənizə və çaylara buraxılan balığın sayına dair hesabatlarda da müxtəlif maxinasiyalara yol verilir. Nəticədə isə balığın müəssisədən qeyri-qanuni satışı üçün şərait yaradılır. İddia olunur ki, hal-hazırda ölkədə və xüsusilə paytaxt Bakıda fəaliyyət göstərən bir çox şadlıq evləri Oqtay Məmmədov ilə bu sahədə “əməkdaşlıq” edirlər. Belə ki, bu obyektlərdə müştərilərə nisbətən ucuz qiymətə təklif olunan yerli balıq növləri məhz Qəbələ Qızıl Balıqartırma Zavodunun məhsullarıdır. Qeyd etmək yerinə düşər ki, irəli sürülən iradlara Oqtay Məmmədovun münasibətini öyrənmək məqsədilə əməkdaşımız müəssisə rəhbəri ilə telefon əlaqəsi də yaratmışdı. Lakin Oktay müəllim ona verilən sualları çox orijinal bir ifadə ilə cavablandırdı. Müəssisə rəhbəri bildirdi ki, bizim istənilən vaxt Xəzərə buraxılmış balıqları saymağımıza qətiyyən etiraz etmir. Amma biz də öz növbəmizdə bu maraqlı nəticələrə səbəb ola biləcək prosedurun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən həyata keçirilməsinə etiraz etmirik.