Kimsəsiz, əlil insana qarşı tükürpərdici ƏDALƏTSİZLİK - ƏƏSMN bu qanunsuzluğun qarşısında niyə susur, niyə acizdir?

6-07-2021, 11:04           
Kimsəsiz, əlil insana qarşı tükürpərdici ƏDALƏTSİZLİK -
İnsan oğlunun sığınacaqda yaşayan, kimsəsiz, əlil insana qarşı tükürpərdici ədalətsizliyin, haqsızlığın, qanunsuzluğun həddi-səddi yox imiş. Bu günlərdə Milli Cəbhə Partiyasına şikayət məktubu ilə üz tutan bir xanımı dinlədikdən sonra sosial şəbəkədə paylaşılan problemlə tanış olduqda istər-istəməz düşünürsən ki, İlahi, insan nə qədər acgöz, tamahkar və haqsız olarmış...


Barəsində söz edəcəyimiz xanım əli necə deyərlər, yerdən-göydən üzülmüş Abbasova Ziyafət Teymur qızıdır. O, Milli Cəbhə Partiyasına şikayət məktubu ilə üz tutub. Şəxsən deputat Razi Nurullayevin onun bu problemlərini həll edəcəyinə inandığını deyib. Bəs şikayəti nədir və niyə aidiyyəti üzrə müraciət etməyib? Bu suala cavabı şikayətçi xanımın təqdim etdiyi məktubdan biləcəyik.

Versus.Az həmin məktubu təqdim edir:

“Yazıb, diqqətinizə çatdırıram ki, mən tənha qadın, kimsəsiz, xəstə kimi hal-hazırda Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki sığınacaqda yaşayıram. Həyat yoldaşım şair-yazıçı Etibar Qoca dünyasını vaxtsız dəyib, nigahımızdan övlad payımız da yoxdur. Mənə, kimsəsiz, çarəsiz, xəstə qadına qarşı ağıla gəlməz haqsızlıq, ədalətsizlik və cinayət əməli törədilib.

Qısa şəkildə mahiyyəti üzrə qeyd edim ki, mən 2006-cı ildən 2-ci qrup əliləm və 8 il, yəni, 2012-ci ilə qədər əlil kimi pensiya almışam. 2012-ci ildə mənə bildirildi ki, guya mənə təyin olunmuş əlilik ləğv edilib və pensiya ödənişi dayandırılıb. Ancaq pandemiyaya görə 190 manat birdəfəlik sosial yardım almaq üçün müraciət edərkən mənə imtina edildi. İmtina səbəbi isə hal-hazırda 2-ci qrup əlili kimi pensiya almağım göstərilmişdi. Əlilliyimin və pensiyamın 2012-ci ildən kəsildiyini güman etdiyimdən bu məsələni araşdırmağa başladım və məlum oldu ki, mənim əlilliyim və pensiyam 2012-ci ildən bu yana heç bir vaxt kəsilməyib və pensiyam vaxtı vaxtında ödənilib və mənim pensiyam kimlərsə tərəfindən mənimsənilib.

Bu faktdan sonra ƏƏSMN-nə müraciət edərək 2020-ci il may ayının 18-də həmin pensiyamın verilməsinin dayandırılmasına nail oldum. Müvafiq sənədlərlə (əlillik haqqında arayışlar, ödəniş kartı üzrə çıxarın surəti və sair) dəfələrlə ƏƏSMN-nə müraciət etsəm də məsələ öz həllini tapmayıb və üstəlik məlum olur ki, ƏƏSMN-i məqsədli şəkildə mənim əlilliyimi gizlədən və pensiyamı mənimsəyənlərə himayə edir, cinayəti gizlədir və hər vəchlə məni sakitləşdirməyə və aldatmağa çalışır ki, hüquq mühafizə orqanlarına müraciət etməyim. Hüquqi dövlətdə bu necə mümkün ola bilib ki, axı bu cinayəti və korrupsiya əməlini, dələduzluğu təkbaşına törətmək mümkün deyil, bəs niyə ƏƏSMN-i bu hadisəni ört-basdır etməyə çalışır? Marağı nədir axı?

Özüm həkim səhlənkarlığının qurbanı olaraq ağır xəstəyəm, ancaq həyatda yaşamağım gündəlik iynə dərman hesabına mümkündür. Kimsəsiz və ağır xəstə olduğundan sığınacaqda yaşayıram. Fitrə, nəzir və yardımlar hesabına həyatdayam. Bu hansı ədalətə, haqqa, qanuna uyğundur ki, kimsəsiz, xəstə və sığınacaqda yaşayan insanın haqqı tapdalansın. Axı mən bir tikə çörəyə və yatağa möhtacam, buna necə göz yummaq olar?!”

Şikayətdən göründüyü kimi Ziyafət xanıma qarşı haqsızlıq, qanunsuzluq bir məmurun əməli deyil, bu cinayət əməlini törədən mütəşəkkil cinayətkar qrupdur. MCP-dən öyrəndik ki, artıq əldə edilən rəsmi sənədlər (sübutlar) qoşma şəklində bütün güc strukturlarına, hüquq mühafizə orqanlarına (Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və sair) ünvanlanıb. Millət vəkili Razi Nurullayevin dəstəyi və köməyi ilə məsələnin tam həlli və cinayətkar dəstənin cinayət məsuliyyətinə cəlb olunması üçün lazımi addımlar atılacaq. Ümid edilir ki, müvafiq orqanlar təqdim olunan məlumata əsasən prosessual hərəkətə başlayacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.