İcbari tibbi sığorta tətbiq edilir, amma hamı özəl xəstəxanlara axışır - İlginc səbəblər

28-07-2021, 11:15           
İcbari tibbi sığorta tətbiq edilir, amma hamı özəl xəstəxanlara axışır -
Bu il aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkə üzrə tam tətbiq olunmağa başlasa da, hələ də özəl klinikalarda xəstə əlindən tərpənmək olmur. Ekspertlər icbari tibbi sığortanın tətbiqindən sonra özəl tibb müəssisələrinə tələbatın azalacağı, qiymətlərin ucuzlaşacağı proqnozunu versələr də, bu özünü doğrultmadı. İndi paytaxtda yerləşən özəl klinikalarda ultrasəs müayinəsinin (UZİ) qiyməti 30-50 manat arasında dəyişir.

Özəl klinikaların doğum şöbələrində qeysəriyyə əməliyyatı ilə doğuş 1300-1600, təbii doğuş isə 800-1200 manat arasındadır. Qan analizləri və digər müayinələrdə tibbi xidmət haqqı da ucuzlaşmayıb. Bəs görəsən, Azərbaycanda əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək mümkün olduğu halda niyə özəl tibb müəssisələrinə axışır? Hansı ki, onların əksəriyyəti icbari tibbi sığorta haqqı ödədiyindən icbari tibbi sığorta xidmətindən istifadə etmək hüququ var.

İcbari tibbi sığortası olduğu halda özəl tibb müəssisəsinə müraciət edən pasiyentlərdən biri Təzəgül Quliyeva deyir ki, onun yaşadığı ərazidəki tibb müəssisəsində kompüter tomoqrafiyası müayinəsi üçün müvafiq aparat yoxdur. Digər dövlət tibb müəssisələrində isə bunun üçün uzun növbə gözləmək lazımdır. Bu isə vətəndaşı özəl tibb müəssisəsinə müraciət etməyə məcbur qoyub.

Pasiyentlərlə söhbət zamanı öyrəndik ki, əksər hallarda icbari tibbi sığorta sistemində çalışan həkimlər onları özəl klinikalara yönəldir. Ramiz Məmmədov adlı vətəndaş deyir ki, bir müddət öncə ürək əməliyyatı üçün icbari tibbi sığorta xidmətindən yararlanmaq istəsə də, bu əməliyyat üçün növbədə gözləyənlərin çox olması və həkimin tövsiyəsindən sonra özəl səhiyyə müəssisəsində əməliyyat olunub: "Mən ürək əməliyyatı üçün iki ay gözləməli idim. Heç həkimlər özləri də sığorta ilə əməliyyatı istəmir. Bizə dedilər ki, bu zaman faiz tutulur və pulları gec köçürülür".

Mütəxəssislər bunun səbəbini icbari tibbi sığortanın tətbiqində olan boşluqlar, burada ortaya çıxan problemlərlə əlaqələndirirlər.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədri, səhiyyə sistemlərinin inkişafı üzrə ekspert, iqtisadçı Azər Mehtiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar hələ də icbari tibbi sığorta xidmətlərindən istifadə etdikdə əvvəlki kimi həkimlərə öz ciblərindən də ödəniş edirlər: “Bunun bir səbəbi icbari tibbi sığorta ilə bağlı əhalinin məlumatının az olmasıdır. İkinci səbəb isə prosesə nəzarətin zəif olmasıdır. İcbari tibbi sığorta sisteminin oturuşması üçün müəyyən zamana ehtiyac var.

Bunun nə qədər çəkəcəyi bəlli deyil. Bir tərəfdən bu islahatı edənlərin prosesə nəzarət edə bilməməsi, digər tərəfdən insanların məlumatsızlığı və vərdişlərə alışqanlığı icbari tibbi sığortanın tətbiqində problemlərə səbəb olur”.

A.Mehtiyev deyir ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə salının xidmətlərin sayının çox olması da burada müəyyən rol oynayır. İqtisadçı deyir ki, əvvəllər tibb işçiləri qəbul etdikləri xəstələrdən pul alırdılar. İndi onların həmin puldan imtina etməsi üçün icbari tibbi sığorta sistemində çalışan tibb işçilərinin əməkhaqqı yüksək olmalıdır. Ekspert bildirir ki, əks halda, həkimlərin narazılığı dövlət tibb müəssisələrindən getməsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, hələlik icbari tibbi sığortada texniki məsələlərə diqqət yetirilir, nəinki onun real işləməsinə...

A.Mehtiyev bildirir ki, icbari tibbi sığortanın mahiyyəti keyfiyyətli pulsuz xidmət göstərməkdir. Amma iqtisadçı hələ ki, bu mexanizmin tam işləmədiyini deyir. Onun sözlərinə görə, özəl tibbi sektorla icbari tibbi sığortanın rəqabət aparacağını yaxın gələcəkdə gözləmək real deyil. Çünki özəl tibb müəssisələrində icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələri ilə müqayisədə tibbi xidmət keyfiyyəti daha yüksəkdir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli isə deyir ki, pilot layihələrdə icbari tibbi sığortaya maraq daha çox olub. Onun sözlərinə görə, hazırda icbari tibbi sığortanın tətbiqi zamanı müəyyən növbələrin yaranması pasiyentlərdə məmnuniyyətsizlik yarada bilər. Amma deputat deyir ki, buna icbari tibbi sığorta xidmətlərinə kütləvi müraciətlərin olması, müraciətlərin sayının artması təsir edir: “İcbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisələrində tibbi xidmətin keyfiyyəti artıb. Bu da zamanla vətəndaş məmnuniyyətinin artmasına, eləcə də digər boşluqların aradan qalxmasına gətirib çıxaracaq. Onu da nəzərə alaq ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi yenidir.

Qonşu Türkiyədə belə icbari tibbi sığorta sisteminin oturuşması uzun zaman alıb. İcbari tibbi sığortanın qısa müddətdə və keyfiyyətli həyata keçirilməsi üçün qanunvericiliyə dəyişikliklər edilib, tibb işçilərinə əməkhaqqının ödənilməsi istiqamətində işlərə başlanılıb. Burada zamana ehtiyac var. Hal-hazırkı Xidmətlər Zərfinə nəzər yetirsək görərik ki, tibbi xidmətlər kifayət qədər əhatəedicidir. Sadəcə hazırda həmin xidmətlərin sayının artmasından çox keyfiyyətinin daha da artırılmasına çalışmaq lazımdır. Bu zaman vətəndaş məmnuniyyəti də artacaq. Nəticədə özəl tibbi xidmətlərə müraciət edənlərin sayı azalacaq. Bu isə özəl tibb müəssisələrində qiymətlərin ucuzlaşmasına təsir edəcək”, - deyə deputat bildirir.

Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda icbari tibbi sığortanın Azərbaycan modeli işləyir: “Vətəndaşlar aylıq məvaciblərindən həm icbari tibbi sığorta haqqı ödəyir, həmçinin də həkimə pul verirlər. Əslində icbari tibbi sığorta sistemində tibbi xidmətin keyfiyyətli olmalı olduğu halda, əksi müşahidə olunur. Anamı əməliyyat etdirməyə 3500 manat xərcimiz çıxdı. İcbari tibbi sığorta tətbiq edilsə belə, bir sıra xərcləri xəstələr özləri ödəyirlər. Həmçinin insanlar uzun növbələrə yazılmalı olurlar. Nəticədə icbari tibbi sığorta əhəmiyyətini itirir. İnsanlar məcbur qalıb özəl tibb müəssisələrinə müraciət edirlər", - deyə Ə.Rüstəm bildirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirirlər ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyun ayı ərzində 58 şəhər və rayonda 347646 vətəndaşa 1304300 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 586443 müraciət daxil olub.

Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1134721-i ambulator, 169579-u isə stasionar şəraitdə göstərilib. 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya ilə bağlı olub.

Məlumat üçün bildirək ki, bu il aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkə üzrə tam tətbiq olunmağa başlayıb. Həmin tarixdən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı əldə edib. Əlavə olaraq bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidirlər.

İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.