"Bu faizlərlə kredit qaytarmaq olar?" - Kəndli və fermerlər sürətlə borclanır
16-10-2021, 00:08

“2021-ci ilin əvvəlindən Rusiyanın Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarına məhdudiyyət tətbiq etməsi ölkəmizdə problemli kreditlərin artmasına səbəb olub”.
Bu barədə 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib. O qeyd edib ki, burada mövcud olan iki başlıca səbəbdən biri aqrar sektordakı çətinliklər ilə əlaqədardır:
“Rusiya bir müddət Azərbaycan ixracatçılarına məhdudiyyətlər tətbiq etdi, 4 aya yaxın bir müddətdə çətinliklər yarandı. Bunun nəticəsində kreditlərdə gecikmələr oldu. Çünki müştərilər məhsulları ixrac edə bilmədilər, yollarda qalan məhullar yararsız oldu, ümumiyyətlə bizneslərə çoxlu fəsadları oldu.
Bu çətinliklər aqrar istehalçıların və ixracatçıların gəlirlərində də əks olundu və istər-istəməz bizdən də yan keçmədi. Belə ki, “PAŞA Bank” aqrar sektorda geniş fəaliyyət göstərir, çox ciddi maliyyələşmələr edir. İri fındıq, pomidor istehsalçıları bizim müştərilərdir. Ölkəmizin əsas ixracatçıları ilə əməkdaşlıq edirik. Bu şirkətlərin üzləşdikləri çətinliklər istər-istəməz bizə də təsir etdi. Aqrar sektorun çətinlikləri (kreditləri gecikdirmələri –red.) bizi əlavə ehtiyat yaratmağa məcbur edib”.
Beləliklə, bank yetkililəri qeyd edir ki, aqrar sektorun çətinlikləri problemli kreditlərin artmasına səbəb olub. Bu istiqamətdə mövcud problemi necə həll etmək olar?
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, bu problemin tənzimlənməsi üçün kənd təsərrüfatı sahəsində sığorta institutu yaradılmalıdır:
“Həmin institut yaransa, fermerlərin kredit qaytarmaq problemi olmaz və bu da banklara sirayət eləməz. Bunun üçün kənd təsərrüfatı sahəsində inkişaf olmalı, təmərküzləşmə getməlidir. Təmərküzləşmə dedikdə kənd təsərrüfatı sahəsinin inhisarlaşması deyil, pay torpaqları olan kiçik təsərrüfatlar var, onlar öz razılıqları ilə birləşməlidir. Yəni onlar torpaqları birləşdirməli, iri təsərrüfatlar yaratmalı və buna da hökumət şərait yaratmalıdır. Sonra isə sığorta institutu inkişaf eləməlidir. Nə qədər ki, pərakəndə təsərrüfat var, torpaqlar üzərində kiçik mülkiyyətçilərin sayı çoxdur, sığorta sistemi işləməyəcək. Bunun yaranması üçün həm münbit şərait, həm də vaxt lazımdır”.
Ekspert deyir ki, kənd təsərrüfatının istehsalçıları daha yüksək keyfiyyətli, Avropa bazarı üçün məhsul istehsal etmək imkanına malik olmalıdır:
“Yəni elə məhsul istehsal etməlidirlər ki, onların ixracını şaxələndirmək mümkün olsun. Bizim kənd təsərrüfatının məhsullarının ixrac imkanı yalnız Rusiyadır, yolu bağladıqda digər ölkələr məhsullarımızı götürmür və ona görə də bu cür problemlər yaranır. İki istiqamətin- sığorta sisteminin və kənd təsərrüfatının inkişaf etdirilməsi lazımdır. Kənd təsərrüfatına hər il investisiya qoyulmasına baxmayaraq, yetərincə deyil, həm də çox az hissəsi gəlib kəndliyə çatır. İlk olaraq investisya artırılmalıdır. İkincisi isə hesabatlılıq yaranmalıdır ki, o investisiya fermerə, kəndliyə çatsın. Doğru fikirdir ki, kənd təsərrüfatındakı problemlər banklara mənfi təsir edir. Banklar tərəfindən də müəyyən problemlər var. Məsələn, kənd təsərrüfatına verilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatına 6 faizdən yuxarı kredit vermirlər. Bizim kənd təsərrüfatına verilən kreditlər 15-20 faizdir. Bu faizlə verilən kreditdən kəndli, fermer hər hansı mənfəət əldə edə bilməz”.