Bakıda "makler"dən peşəkarcasına FIRILDAQÇILIQ - Siz də ALDANMAYIN
10-11-2021, 18:46

Vətəndaşlarımızdan biri üzləşdiyi fırıldaqçılıqla bağlı redaksiyamıza şikayətini bildirib.
Sonxeber.az-ın məlumatına görə, Günel Musayeva (ad şərtidir) bina.az saytında kirayə verilən ev elanı görüb və əmlakçı ilə əlaqə saxlayıb.
Əmlakçı mənzildə hazırda kirayəçilərin olduğunu, bu səbəbdən evə baxmağın mümkün olmadığını qeyd edib. Şikayətçi evi kirayələmək üçün həmin şəxsin 4169 7423 2194 7778 hesab nömrəsinə (İsmayılzadə Elmidar - Kapital Bank) 100 manat beh göndərib. Bundan sonra əmlakçı ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun 055 350 97 03 mobil nömrəsinə zəng çatmayıb.
Şikayətçi hadisə haqqında bunları danışıb:
"Mənə bildirdi ki, ev şəkildə gördüyüm kimidir və əgər fikrim ciddidirsə, evi başqasının götürməyini istəmirəmsə, kartına 100AZN köçürtməyimi istədi. Mən inanmadığımı bildirdim. Mənə özünün və həyat yoldaşının şəxsiyyət vəsiqəsinin şəklini göndərə biləcəyini söylədi. Mən razılaşdıqdan sonra həm şəkilləri, həm də hesab nömrəsini göndərdi.
Lakin hesabına 100 AZN köçürtdükdən sonra qarşı tərəf telefonu söndürdü. O gündən onunla əlaqə saxlaya bilmədim. Sonra öyrəndim ki, aldadılmışam və göndərdiyi sənədlər ona və ailəsinə aid deyil. Təəssüflər olsun ki, mən də öz sənədimin şəklini ona atmışam. Qorxuram, mənim də adımdan istifadə edərlər".
Məsələ ilə bağlı Sonxeber.az-a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlama verib.
O, insanlara heç bir halda tanımadıqları şəxslərə pul verməmələri ilə bağlı xəbərdarlıq edib:
"Daxil olan bütün şikayətlər üzrə araşdırmalar aparılır. Tövsiyə edirik ki, "beh" adı altında mənzilin kirayəsi, alınması zamanı vətəndaşlarımız yalan vədlərə inanmamalıdırlar. Şəxsən görmədiyi mənzillər üçün hər hansı bir formada ödəniş etməməlidirlər. Nəticədə bu, etibardan sui-istifadə yolu ilə talanmaya gətirib çıxara bilər".


