Qazın təzyiqi kombini işlətmir:“Azəriqaz” isə narahatlıq görmür
11-11-2021, 17:25

Havaların soyuması ilə əlaqədar ölkənin müxtəlif ərazilərində yaşayan abonentlərin qazın təzyiqindən şikayətləri artıb. Hətta Bakıda da məsələ aktualdır.
Belə ki, ərazi üzrə verilən qazın təzyiqi mənzili qızdırmaq üçün istifadə edilən kombilərin, hamam və mətbəxi isti su ilə təmin edən qızıdırıcı cihazlarının işinə problem yaradır. Belə halların olması da yekunda həmin cihazların xarab olmasına, sıradan çıxamasına gətirib çıxarır.
Nəticədə abonentə dəyən ziyanı həll edən kimsə tapılmır, eyni hal təkrarlanır. “Azəriqaz” da digər kommunal xidmət qurumları kimi, payız-qış mövsümünə hazır olduqlarını bildirirlər. Lakin nədənsə problem yaranda cavab qaneedici olmur.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, qazdakı təzyiq problemi yalnız lokal yerlərdə müşahidə edilə bilər: “Azərbaycanda qazın təzyiqi normaldır.
Arada əməkdaşlarımızın müəyyən etdiyi və yaxud da sakinin şikayətilə problemlər üzə çıxırsa, həmin an reaksiya verilir. Təzyiqin normallaşması isiqamətində işlər aparılır.
“Azəriqaz” ın rəsmisi bildirib ki, ümumilikdə Azərbaycanda qazın təzyiqi aşağı deyil:
“Sözügedən məsələ ərazi üzrə zaman- zaman ola bilir. Sadəcə ola bilər ki, hansısa səbəbdən dolayı həmin ərazidə qazın təzyiqi aşağı düşər. Əməkdaşlarımız ərazi üzrə baxış keçirdəndə müəyyən edirlər ki, doğrudan da təzyiq aşağıdır, müdaxlə edib, qazın təzyiqini normallaşdırırlar”.
Eldəniz Vəliyev onu da əlavə edib ki, qış rejiminə keçidlə bağlı ilin bütün fəsillərində tədbir görülür:
“Daha çox soyuq olan qış aylarında abonentlərə davamlı “mavi yanacaq” vermək üçün çalışırıq. Ona görə də “Azəriqaz” ın qışa keçidlə bağlı heç bir problemi yoxdur”.
Şəlalə Babayeva