Əlillik pulu kəsilənlər: Onlara bunun əvəzində iş niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
11-11-2021, 17:37

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saxta əlillik və təqaüdlərin ləğv olunması ilə bağlı açıqlamaları cəmiyyətdə müzakirə mövzsusu olub.
Nazir Sahil Babayev açıqlamasında qeyd etmişdi ki, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv olunub.
Son illərdə 7 mindən çox saxta əlillik təyinatının aşkarlanaraq ləğv olunması isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu ilin ilk rübünə aid konfransında qeyd edilib.
Məlumata görə, bununla da illik 30 milyon, aktual hesablamalara əsasən, uzunmüddətli dövr üçün 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.
Dünən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində 2022-ci ilin dövlət büdcəsi zərfi müzakirə olunub.
İclas maliyyə, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin və Hesablama Palatasının sədrinin iştirak ilə keçirilib. İclasda deputat Vüqar Bayramov çıxışı zamanı pensiya və təqaüdlərin ləğvi məsələsinə də toxunub:
“Əsassız pensiya və təqaüdlərin ləğvindən dövlət büdcəsinə 600 milyon manat miqdarında qənaət edildiyi bildirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas funksiyası vəsaitə qənaət etmək olmamalıdır. Nazirlik pensiya və təqaüdlərin ləğv edilən vətəndaşların digər sosial proqramlara cəlb edilməsi istiqamətində hansı işlər görüb. Statistika varmı ki, əlilliyi və müavinəti ləğv edilən vətəndaşlardan neçəsi sosial təminatla əhatə olunub?”
Əvvəldə qeyd etdiyimiz kimi, uzun illər əlilliyə görə müavinət alanlar və təqaüd alanların müavinəti kəsildikdən sonra onların sosial təminatının həlli məsələsi cəmiyyət üzvlərini də narahat edən məslədir. Müavinət və pensiyaları kəsilən insanların da ara-sıra sosial şəbəkələrdə etiarzlarına rast gəlmişik.
Bəs təqaüd və müavinətləri kəsilən insanların sosial təminatı necə həll olunmalıdır?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin şəxslərin ilk növbədə işlə təmin olunmalarını qeyd edib:
“İstənilən halda vətəndaşın sosial müdafiəsi təmin olunmalıdır. Əgər insan indiyə qədər əlilliyə görə pensiya və sosial müavinət alırdısa, bu gün onun əlilliyi ya sənədlərindəki saxtakarlığa, ya da sağlamlıq imkanlarının geri qayıtdığına görə ləğv olunubsa, o, ilk növbədə işlə təmin olunmalıdır.
Həmin şəxsə özəl və ya dövlət sektorunda iş yoxdursa, özünəməşğulluq tədbirlərinə cəlb edilməsini faydalı hesab edirəm. Eyni zamanda, digər sosial-ictimai və müştərək maliyyələşən işlər var ki, onlara cəlb oluna bilər. Əgər həmin anda onu işlə təmin etmək mümkün deyilsə, onda məşğulluq xidməti xətti ilə işsiz kimi müavinət alması məsələsi və yaxud da ünvanlı sosial yardım almaq məsələsi operativ həll olunmalıdır ki, vətəndaşlarımız sosial müavinətsiz qalmasınlar”.