Azərbaycanda borclu siyahıları: lift təmiri, təhsil haqqı borcları niyə divarlardan asılır?

15-01-2022, 12:21           
Azərbaycanda borclu siyahıları: lift təmiri, təhsil haqqı borcları niyə divarlardan asılır?
Bir müddət əvvəl Bakının Yasamal rayonu ərazisində yerləşən yeni yaşayış binalarının birində yaşayan bəzi sakinlər liftdə xidmət haqqını ödəmədikləri barədə adları yazılan siyahının asıldığını görüblər.

Bu siyahıda sakinlərin təkcə ad və soyadları yox, həm də onların ünvanı və borcları göstərilib.

Bir müddət əvvəl oxşar hadisə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş verib, təhsil haqqı borcu olan tələbələrin adları yazılmış siyahı sosial mediada peyda olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya deyib ki, indiyədək quruma fərdi məlumatlarının ictimailəşdirilməsi ilə bağlı şikayət edən olmayıb.

"Ciddi qayda pozuntusu"
"Vətəndaşın borcu ola bilər. Bu, olan şeydir. Ancaq MTK (Mənzil-Tikinti Kooperativi) ilə bizim aramızda bağlanmış müqavilələr var. Həmin müqavilədə göstərilən tələblərin, maddələrin əsasında bu məsələ həll olunmalıdır. Yəni, müqavilədə əksini tapıbsa, tutaq ki, borcumuzu ödəmiriksə, MTK hansı qaydada bizi cəzalandırmalıdır, həmin formada bizimlə mübarizə aparmalıdır," - belə binaların birində yaşayan və adı belə bir siyahıda olan Namil Məmmədov BBC News Azərbaycancaya deyib.

O əlavə edib ki, belə siyahılar müxtəlif insanların da əlinə keçə bilər: "Siz mənim adımı, familyamı, atamın adını, nə bilim mənzilimin nömrəsini niyə görə bilməlisiniz, niyə görə əldə etməlisiniz, bunun özü ciddi bir qayda pozuntusudur".

Ancaq Namil Məmmədov inanır ki, yaşadığı əraziyə nəzarət edən qurumun rəhbərliyi bunu qəsdən yox, "bilməməzlikdən" edib: "Götürüb onu yapışdırıblar ora ki, mən vətəndaş [liftə] girib-çıxanda adımı görüb bilim nə qədər borcum var və vaxtı çatanda ödəyim. Yəni, onu ora yaddaş tarixçəsi kimi yapışdırıblar. Mən belə güman edirəm".

Sözügedən tikinti şirkətinin - Kristal Abşeronun marketinq şöbəsindən BBC News Azərbaycancaya bildiriblər ki, onların yaşayış kompleksində "sakinlərin fərdi məlumatlarının ictimailəşdirilməsi ilə bağlı hər hansı tapşırıq verilməyib".

"Yaşayış kompleksində sakinlərin ümumi istifadəsində olan ərazilərin saxlanılması üçün nəzərdə tutulan ödəniş üzrə cavabdeh şəxsin öz təşəbbüsü ilə belə bir yanlışlığa yol verilib. Bu hal tərəfimizdən neqativ hal kimi qiymətləndirilib və məsul şəxsə ailə və sosial vəziyyəti nəzərə alınaraq, şiddətli töhmət verilib," - qurumdan bildiriblər.

"500 manatını ödə"
Belə siyahıların tərtib edilib liftlərdən, blok girişlərindən asılması yalnız BBC Azərbaycanca müxbirinin baş çəkdiyi yaşayış kompleksinə xas deyil.

Oxşar hadisə bir müddət öncə Bakının Yasamal rayonunda, Nizami metrosu tərəfdə baş verib. Yeni tikilmiş binaların birində lift təmiri üçün 500 manatdan pul toplayan Mənzil Tikinti Kooperativi (MTK) azı 33 sakinin şəxsi məlumatları - ad, mobil telefon, mənzilin nömrəsi, ilkin ödənilmiş avansın məbləği və qalıq borcunun əks olunduğu məlumatlarının əks olunduğu kağızı giriş qapısının üstünə yapışdırmışdı.

"Borclu tələbə" siyahısı
Elə bu ay Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatrşünaslıq, rejissorluq və digər bir neçə fakültəsinin təhsil haqqı borcu olan tələbələrinin adlarının qeyd olunduğu siyahı sosial şəbəkələrdə yayılıb.

Tələbələrdən bəziləri sosial mediada fərdi məlumatların universitet tərəfindən icazəsiz yayılmasına etiraz ediblər.

ADMİU-nun mətbuat xidmətinin sözçüsü Şəhanə Müşfiq BBC News Azərbaycancaya bildirib ki, borclu tələbələrin siyahısının yayılması "dekanlıq işçisinin səhvi" olub.

"Tələbənin ödənişini dekanlıq qeyd etməlidir. O sənəd dekanlığın özü üçün, əməkdaşları üçün və mühasibatlıq üçün məlumat xarakterli hazırlanıb. Sadəcə, təəssüflər olsun ki, dekanlığın əməkdaşı borclu tələbələri məlumatlandırmaq istəyib ki, borcunuz var, imtahana buraxılmamaq təhlükəniz var. Bu tapşırıq rəhbərlik tərəfindən verilməyib. Əməkdaşın prosesləri sürətləndirmək məqsədi güdən addımıdır. O səhv edərək həmin siyahının şəklini əsasən qrup nümayəndələrinin olduğu Whatsapp qrupuna atıb. Bu da tələbələrin haqlı narazılığına səbəb olub".

Şahanə Müşfiq deyir ki, məsələ araşdırılıb, "dekan daxil olmaqla məsələdə məsul olan əməkdaşlardan izahat alınaraq töhmətlə cəzalandırılıblar".

"Nəticələri ağır ola bilər"
Hüquqşünas Araz İsmayılov deyir ki, insanların razılığı olmadan onların telefon nömrəsi, yaşadıqları ünvan və sair barədə məlumatların əks olunduğu belə siyahıların ictimai şəkildə yayılması ""Fərdi Məlumatlar haqqında" qanunu pozmaqdır və bunun "nəticələri çox ağır ola bilər".

"Bu məlumatlar, yəni, telefon nömrəsi, şəxsin borcu, yaşadığı ünvan kimi məlumatların hamısı konfidensial fərdi məlumatlardır. Ad-soyad və ata adı təkbaşına konfidensial deyil, lakin digər məlumatların ad-soyadla yanaşı paylaşılması şəxsin kimliyini müəyyənləşdirə bilən məlumatlardır," - hüquqşünas deyir.

Araz İsmayılovun sözlərinə görə, şəxslər ad-soyadlarının ictimai şəkildə asılmasını "məhkəmə qaydasında sorğulaya, adları hələ də divarda qalıbsa, oradan silinməsini və keçirdikləri mənəvi sarsıntıya görə dəymiş mənəvi zərərin ödənilməsini tələb edə bilərlər".

"Deyək ki, adı-soyadı və digər məlumatları yayıldığı üçün şəxslərə hər hansı maddi zərər dəyərsə, yəni, hər hansı fiziki xəsarət olarsa, hansısa oğurluq halı baş verərsə, bu məlumatlar əsasında zərərin ödənilməsi üçün pul tələb etmək olar. Əlbəttə ki, bunların hamısını sübut etmək lazımdır. Şəxs təkcə şantaj edilərsə və ya hər hansı bir narahat etmə olarsa, bunun nəticəsində mənəvi zərərin ödənilməsi üçün pul tələbi artırıla bilər," - hüquqşünas izah edir.

Fərdi məlumatların qorunması "mülkiyyətçinin öhdəliyidir"
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya indiyədək quruma hər hansı vətəndaşın fərdi məlumatların ictimailəşdirilməsi şikayəti ilə bağlı polisə müraciət etmədiyini deyib.

Hüquqşünas Araz İsmayılov vurğulayır ki, Azərbaycanda fərdi məlumatların mülkiyyətçiləri əllərindəki fərdi məlumatları üçüncü şəxsə ötürdükləri üçün İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət daşıyırlar.

Araz İsmayılov hesab edir ki, belə xətalara görə cəzaların məbləği "çox azdır".

"Fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi məlumatların mülkiyyətçilərinin dövlət qarşısında məsuliyyətidir və 300-500 manat arasında cərimə oluna bilərlər.

"Bu, kifayət qədər aşağı rəqəmdir. Ancaq fikrimcə, zamanla ictimaiyyət arasında bu məsələlərin önəmi artdıqca, hər halda İnzibati Xətalar Məcəlləsinə dəyişiklər olacaq. Bu məsələnin önəmi nə qədər artsa, adekvat olaraq da cərimənin miqdarı artırıla bilər," - Araz İsmayılov deyir.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.