Hövsandakı sosial mənzillərin misilsiz problemi çıxıb - sakinlər mənzillərdən kütləvi imtina həddində...

12-02-2022, 11:00           
Hövsandakı sosial mənzillərin misilsiz problemi çıxıb -
İlqar Hüseynli: “Fikirləşirlər ki, bunu heç kəs bilməyəcək və yeyintilər fasad altında qalacaq”

Məlum olduğu kimi, əhalinin mənzilə olan tələbatını təmin etmək üçün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial mənzillərin tikintisini həyata keçirir. Bakının bir sıra rayonlarında bu məqsədlə binalar tikilir və güzəştli şərtlərlə satışa çıxarılır. Ancaq həmin binaların keyfiyyəti ilə bağlı birmənalı fikir yoxdur.

Belə layihələrdən biri də Suraxanı rayonunun Hövsan qəsəbəsində həyata keçirilib. Belə ki, 2020-ci ildə istifadəyə verilən kompleksdə ümumilikdə 11 yaşayış binası inşa olunub. Onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Onlardan 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Ancaq Hövsanda tikilən sosial mənzilllərdə ciddi problem ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, problem ondadır ki, mənzillər arasında səs eşidilir. Hansısa qonşu evində söhbət edirsə, bu, digər mənzildə eşidilir. Məsələn, mətbəxdə ev sakini söhbət edirsə, bu, qonşu mətbəxdə və ya mənzildə rahat eşidilir. Həmin binalar tikilərkən ümumiyyətllə bu amil nəzərə alınmayıb. Bu səbəbdən bir çoxları oradan mənzil aldığına görə peşman olub. Bir çoxları mənzilini satmaq istəsə də bunu edə bilmir. Çünki sakinlər sosial evləri müəyyən şərtlərlə alıblar.

“Bina tikilərkən mənzillər arasında səsin keçməsini önləmək üçün xüsusi materiallardan istifadə edilməlidir”

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin fikrincə, tikilən sosial evlərin keyfiyyətində ciddi problemlər var: “Bunu həmin binalarda mənzil alan vətəndaşlar etiraf edir və zaman-zaman bu haqda informasiyalar yayılır. Bütün bunlar onu göstərir ki, sosial mənzillərin tikintisi ilə bağlı büdcədən ayrılan vəsaitlər düzgün xərclənmir. Halbuki, həmin binaların tikilməsi üçün milyonlarla vəsait ayrılır. Bu, müxtəlif amillərdən irəli gəlir. Bəzən görürsən ki, binanın smetası uyğun gəlmir. Problem ondadır ki, sosial evlərin tikintisinə cəlb olunan şirkətlər formal olaraq tenderdə iştirak edir. Görünür, ortada ciddi korrupsiya halları var ki, həmin mənzillərdə sözügedən problemlər ortaya çıxır. Hövsandakı sosial mənzillərdə ortaya çıxan problemlər məhz bununla əlaqədardır. Bu, yeyintinin bariz nümunəsidir. Fikirləşirlər ki, bunu heç kəs bilməyəcək və yeyintilər fasad altında qalacaq. Fikrimcə, müvafiq qurumlar bunu araşdırmalıdır. Bina tikilərkən mənzillər arasında səsin keçməsini önləmək üçün xüsusi materiallardan istifadə edilməlidir. Sovet dönəmində bu məqsədlə balıqqulağından istifadə edilirdi. Belə ki, dəniz kənarında yığılan balıqqulağından tikintidə suvaq vurularkən istifadə edilirdi. Bu, həm nəmin qarşısını alırdı, həm də səsin. Müasir dövrdə onu əvəz edən digər vasitələr var. Sadəcə, görünür bina inşa edilərkən bunu etmək istəməyiblər. Ona görə ortada belə keyfiyyətsiz nəticə var. Təkcə bu deyil, ümumiyyətlə digər məsələlərlə bağlı da belə problemlər var. Binaların bir çoxunda divarın qalınlığı normadan aşağıdır. Ona görə də sosial mənzillər tikilərkən ciddi nəzarət olmalıdır. Hansısa “otkata”, sövdələşməyə imkan verilməməlidir”.

Ekspert hesab edir ki, bu istiqamətdə ciddi tədbirlər görülmədən problemin həlli mümkün deyil.

Vidadi ORDAHALLI
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.