“Əli Həsənovun zəbt etdiyi Mətbuat Evi geri qaytarılsın” - Gəncəli jurnalistlərin ETİRAZI

22-02-2022, 12:09           
“Əli Həsənovun zəbt etdiyi Mətbuat Evi geri qaytarılsın” - Gəncəli jurnalistlərin ETİRAZI
2012-ci ilin əvvəllərində Gəncədə mətbuat evinin tikiləcəyi ilə bağlı xəbərlər yayıldıqda Azərbaycanın ikinci böyük şəhərinin qələm sahibləri ümid edirdilər ki, onların toplaşması, fikir mübadiləsi aparması üçün axır ki bir məkanları olacaq.

Elə həmin ildə də, Gəncənin ən gözəl, həm də mərkəzə yaxın yerində, Bayraq Meydanının arxasında, “Gəncəçay” park-bulvar kompleksində Gəncə Mətbuat evinin bünövrəsi qoyuldu.

Hələ tikinti davam edərkən, görülən işlərlə tanış olmaq üçün buraya gələn səlahiyyətli şəxslər Mətbuat Evinin bütövlükdə region jurnalistləri üçün mərkəz rolunu oynayacağını qeyd edirdilər. Onu da əlavə edək ki, həmin vaxtlar binanın "Azərmətbuatyayım"ın balansında olan Mətbuat Evi olacağı da vurğulanırdı. Tikinti işləri gedən dövrdə "Azərmətbuatyayım"ın nümayəndəsi olan Kənan Hümbətov (indi hansı sahədə çalışdığı məlum deyil) da jurnalistlərə açıqlamasında bunları bildirib:

“Gəncə Mətbuat evində yerli jurnalistlərə yaradılan şəraitdən başqa geniş, bütün lazımi texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı da inşa edilib ki, burada xarici ölkələrdən olan jurnalistlərin konfranslar keçirməsi mümkün olsun. Burada, həmçinin onların qalması, istirahət etməsi üçün də hər cür şərait yaradılacaq”.

2015-ci il iyulun 4-də isə Gəncə Mətbuat Evinin təntənəli şəkildə açılışı olub. 460 kv.m ərazidə inşa edilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir.
2017-ci ilin fevral ayının 17-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuş “Gəncəçay” park-bulvar kompleksindəki bu bina "Mətbuat Evi" kimi ictimaiyyətə təqdim olunub.

Lakin bundan sonrakı dönəmdə jurnalistlərin Mətbuat Evi gözləntiləri, elə gözlənti olaraq da qalıb. Bina bir ay keçməmiş o zaman Prezident Administrasiyasında şöbə müdiri olan Əli Həsənova məxsus "Kaspi" təhsil mərkəzinə verilib. Şahidlərin sözlərinə görə, yaxın vaxtlara qədər burada tədris kursları fəaliyyət göstərib. Hazırda isə binanın qapıları kilidlidir. Teref.az-ın məlumatına görə, binanın aqibəti ilə bağlı Bizim.Media-nın sualına cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, qurumun məlumatına görə bina "Azərmətbuatyayım" ASC-nin balansındadır.

İcra hakimiyyətindən binanın “Kaspi” təhsil mərkəzinə verilməsi, burada təhsil hazırlıq kurslarının keçirilməsi ilə bağlı rəsmi heç bir açıqlama verilməsə də şəhər ictimaiyyəti və bütün media nümayəndələri binanın aqibətindən xəbərdardırlar.

Mövzu ilə bağlı Bizim.Media-nın regional bürosu ilə fikirlərini bölüşən Azərbaycan Televiziyasının qərb bölgəsi üzrə müxbiri Xaliq Qurbanlı binanın jurnalistlərə qaytarılmalı olduğunu qeyd edib:

“Təəssüflər olsun ki, həmin bina təyinatı üzrə fəaliyyət göstərmədi. Necə deyərlər “Adı bizim, dadı özgənin” oldu. Bura regionda fəaliyyət göstərən bölgə müxbirləri üçün bir ofis, iş yeri, peşəkar fəaliyyətimizlə məşğul olmaq üçün çox yaxşı bina idi. Onun hansı səbəblərdən və hansı əsaslarla “Kaspi” hazırlıq kursuna verildiyini bilmirəm, amma hesab edirəm ki, həmin bina Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi – MEDİA-nın balansına verilməli və onlar tərəfindən yenidən jurnalistlərə qaytarılmalı, regionda işləyən KİV nümayəndələri üçün həqiqətən də Mətbuat Evi olmalıdır”.

20 ildən artıq qərb bölgəsində araşdırmaçı-jurnalist kimi fəaliyyət göstərən Zakir Murad da Gəncə Mətbuat Evinin açılış mərasimində iştirak edənlər arasında olub:

“Təəssüf ki, həmin binadan adına uyğun şəkildə yararlana bilmədik. Mən də eşitmişəm ki, o binanı hansısa hazırlıq kursuna veriblər. Gəncə Mətbuat evinin başqa istiqamətdə fəaliyyət göstərməsi qəbuledilməzdir və uzun illər qərb regionunda çalışan peşəkar jurnalist kimi aidiyyatı qurumlara bu binanın media nümayəndələrinə qaytarılması üçün müraciət etmək fikrindəyik”.

“ATV” telekanalının qərb bürosunun müxbiri Mədinə Nik Nəcat da həmin binanın elə ilk günlərdən “Kaspi” təhsil mərkəzinə verilməsini təsdiq edib. Onun sözlərinə görə hazırda regionda çalışan media nümayəndələrinin peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün ofisləri yoxdur:

“Mən də Gəncə Mətbuat Evi adı ilə təməli qoyulan, tikilən, həmin adda ictimaiyyətə və dövlət başçısına təqdim olunan binanın hansı məqsədlərlə tədris mərkəzinə verilməsini başa düşə bilmirəm. Bütün həmkarlarım kimi mən də Gəncədə inşa edilən Mətbuat Evinin öz xətti üzrə fəaliyyət göstərməsini istəyirəm”.

Sonda isə qeyd edək ki, hazırda qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər binanın öz sahiblərinə qaytarılması üçün Dövlət Başçısına müraciət ünvanlamaq niyyətindədirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.