Səkilər zəbt edilir: cavabdeh yoxdur, hər kəs “qaçır” - Xətaidə ÖZBAŞINALIQ

23-02-2022, 12:29           
Səkilər zəbt edilir:
Bakı və ətraf ərazilərdə qanunsuz tikililərin sayı artır. Yerli icra hakimiyyətləri və digər aidiyyəti orqanlar bunun qarşısını almaq əvəzinə, məsuliyyəti bir-birlərinin üzərinə atırlar. Teref.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Xətai rayon Gəncə prospektində səkinin zəbt edilməsinə heç bir qurumun cavabdehlik daşımadığı, problemi bir-birinə ötürdüyü haqda danışarkən deyib.

O bildirib ki, dövlət torpaqlarının Azərbaycanda idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarətində olan bir məsələdir:

“Bu proses uzun müddəti əhatə etdiyinə görə məsuliyyətin əsas hissəsi icra hakimiyyətlərinin və torpaqların məxsus olduğu təşkilatların üzərinə düşür. Həmin ərazilər zəbt olunarkən təbii ki, bu qurumların xəbəri olub. Təəssüf ki, nəzarət normal olmadığına görə, problem bu səviyyəyə çatıb. Hazırda bu problemlərin həlli hüquqi baxımdan faktiki olaraq mümkün deyil. Çünki çox ərazilərdə qanunsuz tikililər inşa olunub. Bu tikililərin sökülməsi sosial problemlərə gətirib çıxara bilər”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə qeyd edib ki, hazırda paytaxtın əksər ərazilərində pərakəndə tikililərə rast gəlinir:

“Paytaxtın ən son Baş Planı 1986-cı ildə hazırlanıb. Bütün binalar, infrastruktur, səkilərin eni, dayanacaqlar 86-cı ildə paytaxtda yaşayan insanların sayına uyğun planlaşdırılıb. 90-cı illərdən bəri paytaxta bölgələrdən ciddi axın olub. 2000-ci illərdə isə artıq şəhərdə böyük tikililər yaranmağa başladı. Tikinti sahəsinin inkişafı iqtisadi baxımdan yaxşı haldır. Lakin plansız aparılan tikililər bu gün və gələcək nəsillər üçün ciddi problemdir”.

Ekspert bildirib ki, hazırda ölkəmizdə daşınmaz əmlak sahəsi pərakəndə şəkildə səpələnib:

“Zamanında bələdiyyələr, İH-lər və digər aidiyyəti qurumlar torpaq satışı ilə bağlı sərəncam verirdi. Onların verdiyi sənədlər əsasında tikililər bu gün paytaxtı iflic edib. Bu problemlə bağlı vətəndaşlar dövlət qurumlarına müraciət edir. Qurumlar isə problemi bir-birinə ötürür. Səhiyyə, hüquq-mühafizə sahəsində və digər sahələrdə vətəndaş qaynar xəttə yığıb öz dərdini deyə bilir. Lakin bu sahənin konkret qaynar xətti yoxdur. Bu sahədə bir sıra qurumlardan məsuliyyəti alıblar. Bəzi proseslər yaxşıya doğru gedir. Yaxın günlərdə bu sahədə mükəmməl bir proqram hazırlana bilər. Zamanında bəzi sərəncamları İH-lər verə bilirdi. Sonradan bu səlahiyyətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verdilər. FHN isə sadəcə tikintidə təhlükəsizliyə nəzarət edir”.

O qeyd edib ki, səkilərin zəbt olunması ilə bağlı çoxsaylı şikayətlər olur:

“Bakının yeni Baş Planı hazırlansa, qanunsuz tikililərlə bağlı böyük söküntü işləri aparılmalı olacaq. Ümid edirik bu sahədə problemlərin zamanla qarşısı alınar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.