Bakı şadlıq saraylarında yer qiymətləri olduqca bahalaşdı, keyfiyyət kəskin düşdü
28-05-2022, 11:07

Aytəkin Kamranqızı: “Şadlıq evlərində qiymətlərlə keyfiyyət arasında kəskin fərq var”
Azərbaycanın ən gözəl adətlərindən biri toydur. Gənclərin həyatında xüsusi gün olan əvvəlki toylardan isə, demək olar ki, əsər-əlamət qalmayıb. İndiki toylar şouya bənzəyir. Əsasən, adət-ənənələr, milli-mənəvi dəyərlərə sadiqlik və hörmək üzərində qurulan toy məclislərimiz də indi avropalaşıb.
Bu avropalaşma təkcə adət və davranışlarda yox, elə həm də musiqilərdə, dəbdəbəli seçimlərdə, menyuda və qiymətlərdə də özünü göstərir. İndiki toylarda "Vağzalı" da az qala yaddan çıxıb. Toy süfrələrindəki israfçılıq və qiymətlər ikrah doğuracaq səviyyəyə çatıb. İllərdir ki, hər kəs Azərbaycandakı dəbdəbəli toylardan danışır, israfı qınayır və etiraz edir. Amma bununla yanaşı heç nə dəyişmir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) aprel və mayın ilk yarısı üçün apardığı monitorinqlərə əsasən, sözügedən müddətdə şadlıq saraylarında sifarişlərin sayı 72.0 % azalıb. Lakin maraqlıdır ki, toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 6 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 4 faiz, 40-80 manat arasındakı menyularda 6 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 8 faiz olub. Eyni zamanda, monitorinqlər zamanı xidmət keyfiyyətinin azalması müşahidə edilib. Bir sözlə, şadlıq saraylarında keyfiyyət düşüb, qiymətlər bahalaşıb.
Toy menyularının qiymətinin artması başadüşüləndir. Məlumdur ki, son zamanlar ərzaq məhsullarının qiyməti bahalaşıb. Əvvəllər 40 manata olan menyuları artıq tapmaq çətin məsələdir.
“Şadlıq evlərindəki qiymətlər bütövlükdə əhalinin gəlirlilik səviyyəsinə, eyni zamanda təklif olunan yeməklərə adekvat deyil”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, şadlıq evlərində qimətlərlə keyfiyyət arasında kəskin fərq var. Onun sözlərinə görə, qiymət yüksək, yemək və xidmətin keyfiyyəti isə aşağıdır. Müxtəlif şadlıq evlərində fərqli qiymətlərin təklif edilməsi də qiymət siyasətinin doğru olmadığından xəbər verir. Şadlıq evlərindəki qiymətlər bütövlükdə əhalinin gəlirlilik səviyyəsinə, eyni zamanda təklif olunan yeməklərə adekvat deyil: "Elə şadlıq sarayları var ki, onlarda qiymət 50 manatdan çoxdur. Bu qiymət də əhalinin alıcılıq imkanları, gəlirlilik səviyyəsinə uyğun deyil. Ümumiyyətlə, şadlıq evlərində menyunun qiyməti elə olmalıdır ki, hər kəsin büdcəsinə uyğun olsun. Yaxşı olar ki, toy menyularının yuxarı həddi 30 manat dəyərində olsun”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qiymətlərə nəzarət edilməsinə ehtiyac var: "Süni qiymət artımları birmənalı şəkildə yolveriməzdir. Digər görülməli iş təklif olunan yeməklərin və xidmətlərin yüksəldilməsindən ibarətdir. Bəzi hallarda aşağı keyfiyyət, hətta qonaqların sağlamlığında problemlər yaradır”.
Günel CƏLİLOVA
bakixeber