Vaxtilə ferma üçün tikilən bina, indi heç mal-qara saxlamaq üçün də yararlı deyil - Belə məktəbimiz də var...
3-05-2016, 14:26
Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir. Döşəmə çürüyüb, tavan çökür, dam örtüyünün üstünü mamır basıb, ətəyini küləklər aparıb, tikilinin bir hissəsinin divar daşları vaxtın dəyirmanında üyünüb gedib...
Kəndin yaşlı sakinlərinin deməsinə görə, məktəbin yerləşdiyi bina ötən əsrin ortalarında tikilib, özü də əvvəlcə sovxozun mal-qarasının saxlanc yeri kimi nəzərdə tutulubmuş.
Lakin istifadəyə verilməsinə az qalmış necə olursa rəhbərlik fikrini dəyişir: ferma başqa yerdə tikilir, hazır bina isə bir qədər uyğunlaşdırılandan sonra məktəb üçün ayrılır.
Beləcə 55 ilə yaxındır ki, Veravulun aşağı məhəlləsinin uşaqları burada təhsil alırlar. Sovetər dövründə məktəbin üzü ağardılıb, qapı və pəncərələrə, döşəmə və divarlara boya vurulub.
İndi təmir üçün ayrılan pulların qara qəpiyi də bu tərəflərə gəlib çıxmır.
Veravul kəndi rayon mərkəzindən 10 km şimal-qərbdə yerləşir. Əhalisinin sayı 4 min nəfəri ötüb. Aztorpaqlı rayon olan Lənkəranda Veravul ən böyük əraziyə malik olan yaşayış məntəqəsi sayılır. Kənd yuxarı və aşağı məhəllələr olmaqla iki hissəyə bölünür.
Yuxarı məhəllədə yaşayanların uşaqları bir neçə il öncə istifadəyə verilmiş kənd 1 saylı məktəbində təhsil alırlar. Əhalinin daha çox olduğu aşağı məhəllədə isə bu məktəb yerləşir.
Hazırda bu məktəbdə 320 şagird, 40-dan çox müəllim qeydiyatdadır. “Qeydiyyatda” dedik. Çünki bu qədər adama yer tapılmağı, dərslərin keçirilməsi sadəcə mümkün deyil.
Məktəbin bir hissəsi 5 il öncə çöküb. O zamandan yuxarı sinif şagirdləri yaxınlıqda yerləşən bələdiyyə binasının bir hissəsinə köçürülüblər. Bina yeni olsa da, otaqlar tədris üçün əlverişli deyil. Kiçik olduqlarından şagirdlər normal yerləşə bilmirlər.
Məktəbin özünün sinif otaqlarından isə danışmağa dəyməz. Dərs zamanı otaqlarda siçanların o baş-bu baş dolaşması da adi haldır. Uşaqların siçandan qorxması nəticəsində hər dəfə dərs prosesi pozulur. İllər öncə məktəbin kitabxanasında hətta ilan dərisinə də rast gəlinib. Bu olaydan sonra kitabxana yalnız zəruri ehtiyac yarandıqda açılır.
İdman zalı olmadığı üçün dərs ilinin 6-7 ayı ərzində fiziki tərbiyə fənnində uşaqlar sinifdə otururlar. Yalnız mart-may aylarında hava şəraiti uşaqlara həyətə çıxmağa imkan verir.
Məktəbə verilən 6 kompüterin heç birini otaqlara yerləşdirmək mümkün olmayıb. Birini direktorun kabinetində, digərini müəllimlər otağında quraşdırıblar. Qalanları isə istifadəsiz qalıb.
Ağır şəraitə baxmayaraq, bu məktəb rayonun qabaqcıllarından sayılır. Hər il məzunların təxminən yarısı ali və orta ixtisas məktəblərə qəbul olunur. Bu, valideynlərin fədakarlığı hesabına olur- yuxarı siniflərdə oxuyan övladlarını ya Lənkəran şəhəri məktəblərinə aparır, ya da öz vəsaitləri hesabına məktəbdənkənar məşğələlərə göndərirlər.
Daha bir ürək ağrıdan fakt: məktəb Əfqanıstanda hərbi xidmət borcunu yerinə yetirərkən şəhid olmuş məzununun- Canəli Əzimovun adını daşıyır.
Maraqlıdır, şəhid döyüşçüyə belə münasibət göstərilən təhsil-tərbiyə müəssisəsində gənclərdə vətənpərvərlik hissi necə formalaşdırıla bilər?
Yeni məktəb tikintisi isə ildən-ilə naməlum səbəblərdən təxirə salınır.
Elə bil təhsil ocağını tilsimə salıblar.
Bu kənddə doğulmuş, siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Hadı Rəcəbli də onu bu tilsimdən çıxara bilmir.
2012-ci ilin sentyabr ayında Nazirlər Kabinetinin xüsusi komissiyası Lənkərandakı 89 məktəbə baxış keçirib, onlardan 34-nün qəzalı vəziyyətdə olmağı sənədləşdirilib.
Cavadeh şəxslər kənd sakinlərinə söz veribmiş ki, məktəb binası 2013-cü ildə tikiləcək. Amma sonradan nədənsə onun tikintisini arxa plana keçirilib.
Kənd bələdiyyəsinin sədri Arzuman Qasımov hələ buna qədər məktəb üçün yeni binanın tikliməsinə başlanıldığını, lakin qəfil bu işin dayandırıldığını deyir: “Təxminən 5-6 il əvvəl məktəbin ərazisndə yeni bina üçün bünövrə qazılanda əhali ümidlənmişdi ki, nəhayət bu problem tezliklə həllini tapacaq. Amma iş elə o gündən dayanıb. İndi həmin bünövrə qurunt sularıyla dolub. Aidiyyatı təşkilatlara 100-dən çox məktub yazılıb, amma tikintinin dayandırılmasının səbəbi hələ də müəmmalı qalır.