Bundan sonra Gömrük Komitəsində nələr baş verəcək?.. - AKTUAL

18-07-2022, 12:16           
Bundan sonra Gömrük Komitəsində nələr baş verəcək?.. - AKTUAL
“Mən Gömrük Komitəsinin ayrıca qurum olaraq fəaliyyət göstərməsinin əleyhinəyəm. Əgər Vergilər Nazirliyi kimi bir qurum İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Xidməti kimi keyfiyyətli fəaliyyət göstərə bilirsə, Gömrük Komitəsinin ayrıca olaraq fəaliyyət göstərməsi məsələsi də müzakirə olunmalıdır”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov Gömrük Komitəsinin başlanan həbsləri PİA.az-a şərh edərkən qeyd edib.

Son bir ayda gömrükdə ikinci generalın həbs olunması xəbəri yayıldı. Dünən isə Prezident İlham Əliyev Səfər Mehdiyevi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdi.

Səfər Mehdiyev gömrükdən yola salınandan sonra gömrüyün daha bir idarə rəisi haqqında iddialar yayılıb. İddiaya görə Gömrüyün növbəti cəzalandırılacaq şəxsinin Məmmədov Abuzər Bağır oğlu olacağı gözlənilir. Məmmədov Abuzər hazırda Gömrük Komitəsinin İnfrastruktur İnkişafi İdarəsinin rəisi vəzifəsini icra edir. Gömrükdə son zamanlar aparılan bütün tikinti maxinasiyaları bu adamın əli ilə həyata keçirilib və indi də elədir.

Qeyd edək ki, Gömrük Komitəsi uzun illərdir ki, müxtəlif ekspertlər və sahibkarlar tərəfindən ölkə iqtisadiyyatının inkişafında əsas maneə olaraq göstərilir. Bu komitə həm də ən korrupsiyalaşmış qurum olaraq vətəndaşların, yerli və xarici sahibkarların şikayət etdiyi orqandır. Buna baxmayraq artıq sabiq olan Komitə sədri Səfər Mehdiyev bütün bu şikayətləri sadəcə “şər və böhtan” adlandırır və bununla da gömrük qurumlarında korrupsiyanın, rüşvətin və monopoliyanın daha da genişlənməsinə yol açırdı.

Qurumdakı özbaşınalıqlar, gömrük məntəqələrindəki qanunsuz ödənişlər, xüsusilə iş adamlarına münasibətdə tətbiq ediən zorakılıqlar Səfər Mehdiyev və komandasıyla bağlı sərt tədbirlərin görülməsini qaçılmaz etmişdi. Çox güman ki, yaxın müddətdə Gömrük Komitəsində daha ciddi dəyişikliklər olacaq. Hər halda qısa müddət ərzində DGK-nın 2 generalının həbs edilməsi və Səfər Mehdiyevin prezident sərəncamı ilə vəzifədən alınması artıq bu prosesə start verildiyini göstərir. Şənbə günü yayılan məlumatlara görə Səfər Mehdiyevin də məsuliyyətə cəlb edilməsi gözlənilir və həbsi üçün hazırlıqlar aparılır.

Lakin bütün məsələ ondan ibarətdir ki, aparılan həbslər Gömrük Komitəsində və digər dövlət qurumlarındakı problemləri həll edirmi? Gömrükdə aparılan həbslər ən çox şikayət olunan dövlət qurumlarından biri olan Gömrük Komitəsinin fəaliyyətində hansısa müsbət dəyişikliklərə səbəb olacaqmı? Ümumiyyətlə Səfər Mehdiyevin gömrükdən uzaqlaşdırılmasına bu sahədə yaradılan problemlərin həll edilməsinə kömək edəcəkmi?

Gömrük Komitəsində baş verənləri PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Pərviz Heydərov ilə müzakirə edib.

Vəzifədən sui-istifadə edən hər kəs cəzalarını almalı olduğunu vurğulayan ekspert bildirib ki, əks təqdirdə məmurların işindəki neqativ hallar həmişə olacaq. Ekspertun fikrincə belə həbs faktlarına bundan sonra da mütəmadi rast gələcəyik:

“Həbs yolu ilə deyil, dövlət qurumlarının özlərinin fəaliyyətində yeni mexanizmlərin tətbiqi yolu ilə istənilən nəticəyə nail ola bilərik. Yəni tək həbslərlə, inzibati yolla istənilən konkret keyfiyyətli nəticəyə nail olmaq çətindir. Həmin strukturlarda islahatların həyata keçirilməsi tələb olunan əsas məsələlərdən biridir. Şəffaflıq elə bir səviyyədə təmin olunmalıdır ki, dövlət qurumlarında korrupsiya mümkün olmasın.

Təbii ki, vəzifədən sui-istifadə edən hər kəs cəzalarını almalıdır. İşində cinayət əməlləri olan məmurları işdən azad etmək, həbs etmək, işlədikləri strukturdan uzaqlaşdırmaq vacibdir və lazımdır. Amma bir daha qeyd edim ki, eyni zamanda həmin strukturların özlərində də islahatlar aparılmalıdır. Məsələn bir misal deyim. Bir müddət bundan əvvəl Vergilər Nazirliyi var idi. İndi vergilər İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Reyestr Xidməti kimi fəaliyyət göstərir. İndi dövlətə vergi ödənişi həmin qurumun nazirlik olduğu dövrdən daha yaxşıdır.

Mən Gömrük Komitəsinin də ayrıca olaraq fəaliyyət göstərməsinin əleyhinəyəm. Əgər Vergilər Nazirliyi kimi bir qurum İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Reyestr Xidməti kimi keyfiyyətli fəaliyyət göstərə bilirsə, Gömrük Komitəsinin ayrıca olaraq fəaliyyət göstərməsi məsələsi müzakirə olunmalıdır. Buna ehtiyac var. Dediklərim təkcə Gömrük Komitəsinə aid deyil. Məsələn Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi böyük bir qurumdur. Məşğulluq Komitəsi, Tibbi ekspertiza, Əlilliyinin təyin olunması və başqa sahələr də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindədir. Bu qurumların da islahatına ehtiyac var.

Onu da qeyd edim ki, Səhiyyə Nazirliyinə paralel olaraq TƏBİB yaradıldı. Düzdür, TƏBİB yaradılanda bir çoxları kimi mən də düşündüm ki, səhiyyədə problemlər azalacaq. Amma təm əksi oldu. TƏBİB-in yaranması Səhiyyə Nazirliyinin işinə kölgə saldı. Buna görə də bu məsələr ölçülüb-biçilib konkret qərar qəbul olunmalıdır. Əks təqdirdə məmurların işindəki neqativ hallar həmişə olacaq. Hesab edirəm ki, biz belə həbs faktlarına bundan sonra da mütəmadi rast gələcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.