Bakıda Şəhid Parkına HEYVAN MÜNASİBƏTİ... - Bunu heç heyvan da etməz
20-07-2022, 18:32
“Dərnəgül” metrostansiyası ətrafında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə salınmış park sürücülər tərəfindən tualet kimi istifadə olunur.
Teref.az pravda.az-a istinadla xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının Mərkəzi İcra Aparatının sədri Rəşid Nazim deyib.
O, Bakı Nəqliyyat Agentliyinə iradını bildirərək qeyd edib ki, ərazidən gələn xoşagəlməz qoxu vətəndaşlara narahatlıq yaradır: “Ayıbdır! XXI əsrdə yaşayırsınız. Orada bir tualet düzəltmək çətin işdir? Məlumat üçün deyim ki, həmin ərazi 3, 88 və 93 nömrəli avtobus marşrutlarının son dayanacağıdır. Ümid edirəm ki, ən qısa zamanda bir tədbir görüləcək”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev deyib ki, paytaxt ərazisindəki son dayanacaq məntəqələrinin heç birində sürücülər üçün tualet yoxdur: “Bu, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan məsələ deyil”.