Ruslar hayları Zabuxa buraxdı, Xankəndi "polis"i buraxmadı... - Daha 5 ev yandırıldı...
24-08-2022, 09:18
Zabuxdan artıq çıxmış ermənilərin kəndə girişi qadağan edilib. TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Azadlıq" radiosunun erməni bürosu -"Azatutyun" məlumat yayıb.
Məlumata görə, dünən -avqustun 23-də Meline Baqdaqulyan adlı hay qadın əri və uşaqları ilə birlikdə "vətəni" ilə vidalaşmaq üçün yarım saatlığa Zabuxa qayıtmaq qərarına gəlib. Onlar bir neçə gün əvvəl kənddən Ermənistanın Gorus şəhərinə köçüblər.
“Rusiya hərbçisi icazə verdi. Hətta iki dəfə komandirinə bizim ailəliklə gəldiyimizi bildirdi. Və soruşdu ki, neçə dəqiqə olacaqsınız kənddə? Cavab verdim ki, maksimum yarım saat olacağıq. Ruslar icazə verdilər, amma Stepanakert(Xankəndi-S.L.) polisi icazə vermədi”- deyə M.Baqdaqulyan bildirib.
Müxbir Zabuxa giriş qadağasının nə ilə əsaslandırıldığını soruşduqda qadın belə cavab verib: “İcazə vermirlər, vəssəlam. Heç kim kəndə girməmələlidir”.
Hay qadını ən çox incidən o olub ki, ailəsinin yolunu ruslar, azərbaycanlılar deyil, erməni "polis"ləri kəsib. Hətta rus hərbçilərin təbəssümünü də xatırlayaraq deyir:
“Biz çıxanda maşın geri döndük, düşdük, rus əsgər gülümsədi, çox təhqiramiz idi. Çox ayıbdır, bu, əsl biabırçılıqdır”, - Baqdaqulyan belə deyib.
Xankəndindəki separatçı rejimin qanunsuz "daxili İşlər nazirliyi"ndən "Azatutyun"a bildirilib ki, asayişi təmin etmək vəzifəsi "polis"ə həvalə olunub. Ona görə də artıq təxliyə edilmiş insanların Zabuxa daxil olması qadağandır ki, geri dönüb evləri yandırmasınlar.
"Ötən gecə bir neçə nəfər kəndə daxil olaraq 5 fərdi evi yandırıb. Yeri gəlmişkən, söhbət etdiyimiz iki ailə artıq şəxsi evlərini yandırmışdı. Bunun üçün də onların Aqavnoya qayıtmasına ehtiyac yox idi"- deyə Xankəndindəki qondarma "polis" qurumundan bildirilib.
Xatırladaq ki, avqustin 25-də Laçın, Zabux və Susda qanunsuz məskunlaşmış haylar üçün qoyulmuş vaxt bitir. Və həmin gün bu Azərbaycan məntəqələrində üçrəngli bayrağımız ucaldılmalıdır...