Nazirlik sərt karantinin ilk siqnalını verdi - Nədən başlayacaq?
6-09-2022, 18:33

“Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal çox güman Azərbaycanda oktyabr-dekabr aylarında müşahidə ediləcək”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. T.Eyvazov bildirib ki, hazırda Azərbaycanda koronavirusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir.
Maraqlıdır ki, yoluxmaların artması ilə qapanmalara gediləcəkmi? Teref.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, bu il qapanmaların olacağı gözlənilən deyil:
"Koronavirusa yoluxma yavaş-yavaş artır. Bu da cəmiyyətimizdə yaranan kollektiv immunitetlə əlaqədardır. Yoluxmanın pik nöqtəyə çatması payızda gözləniləndir. Amma sərt karantinə səhiyyə sistemi yüklənəndə, xəstəxanalar dolanda gedilir. Burada dövlət sərt karantin rejiminə getməyə çox maraqlı deyil. Sərt karantinə gedilməsi də gözlənilən deyil. Yalnız müəyyən lokal qapanmalar ola bilər. Çox böyük ehtimal ki, maska və peyvənd gündəmə gələ bilər”.
Həkimin sözlərinə görə, əslində, maskadan istifadə sərt karantin olmasa belə lazımdır:
“Çünki havalar getdikcə soyuyur və mövsümi qriplər də yayılır. Xüsusilə ictimai yerlərdə qorunmaq üçün maska taxılması vacibdir. Amma dediyim kimi, bu il qapanmaların olacağı gözlənilən deyil".