Bölgədə “su qiymətinə” olan məhsul Bakıda “cib yandırır” - AXI NİYƏ?!

12-09-2022, 19:34           
Bölgədə “su qiymətinə” olan məhsul Bakıda “cib yandırır” -
Cəlilabadın üzüm bağlarında yığım davam edir.

Mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Bağ sahibləri daxili bazarda qiymətin ucuz olmasından narazıdırlar. Cəlilabadın üzüm bağlarında məhsul bu il də boldur. Ötən aydan yığıma başlayan fermer Əliheydər Salmanov isə minbir zəhmətlə ərsəyə gətirdiyi məhsulun son iki ildə ucuz satılmasına görə narahatdır. “Məhsuldarlıq yüksəkdir, dövlət tərəfindən lazımi dəstəyi və köməyi alırıq. Amma bir problemimiz var, o da məhsulun qiymətidir. On il bundan əvvəl 1 manata satdığımız məhsulu bu gün 30-50 qəpiyə satmaq məcburiyyətindəyik”.

Rayon üzrə 1475 hektar üzüm bağları var, bunun da 1400 hektarı bar verir. Orta məhsuldarlıq hələlik 120 sentnerdən çoxdur. Məhsulun 300 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.

Bu, sadəcə bir nümunədir. Qeyd edək ki, bölgələrdə kənd təsərrüfatı məhsullarının qiyməti ucuz olsa da, Bakıda dəfələrlə artıq olur. Məsələn, elə üzümün qiymətinin bölgələrdə 30-50 qəpik olmasına baxmayaraq, Bakı bazarlarında 1-2 manat arasında dəyişir. Bir qrup fermer yetişdirdiyi məhsulu ixrac edə bilmədiyindən, yerlərdə də qiyməti ucuz olduğundan problemlə üzləşir və hətta artıq həmin məhsulu yetişdirməkdən imtina edənlər də olur.

Əgər bahalığın qarşısını almaq üçün yerli istehsalı artırmaq istəyiriksə, yerlərdə isə məhsul “su” qiymətinə olduğu üçün fermer istehsaldan imtina edirsə, problemin həlli yolu nədir? TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, ölkədə kənd təsərrüfatı sahəsinə ögey münasibət və bu sahədə ümumi problemlər var:

“Ölkənin ən böyük şəhərləri olan Bakı, Gəncədə bazarlar çox bərbad vəziyyətdədir. Fermerlər üçün şərait yaradılmır ki, onlar öz məhsullarını gətirsin, yaxud bir neçə fermer məhsulu birlikdə gətirib Bakının istənilən bazarına maneəsiz daxil olub ucuz qiymətə satsın. Məsələn, Cəlilabadda üzümü 50 qəpiyə satan fermer gəlib onu Bakının “8-ci kilometr” bazarında 80 qəpiyə satsa, kifayət qədər gəlir əldə edər. Ancaq bu mümkün deyil. Hətta Kənd Təsərrüfatı Naziriyinin təşkil etdiyi yarmarkalarda belə, çox nadir hallarda bunu görmək olar. Başqa bazarlarda alver edən alverçiləri yarmarkalara gətirirlər. Onlar da başqa bazarlarda sata bilmədikləri məhsulları 20-30 qəpik ucuz qiymətə satırlar. Digər tərəfdən, kənd təsərrüfatı istehsalının idarəsində tənzimləmə olmalıdır. Hələ 1960-70-ci illərdə bizə universitetdə Amerika təcrübəsi öyrədirdilər. Orada istənilən məhsul üzrə proqnozlar tərtib edilir. Nümayəndələr gedib fermerin sahəsinə baxırlar və məhsuldarlığı qabaqcadan müəyyən edirlər. Yəni əvvəlcədən bilirlər ki, məsələn, Cəllabadda bu il daha çox üzüm yetişdiriləcək. Hesablayırlar ki, bu, Azərbaycan bazarının tələbatından nə qədər çoxdur. Hökumət müxtəlif vasitələrlə, həm sahibkarlar cəlb edir, həm özü birbaşa əvvəlcədən fermerlə razılaşıb ötənilki qiymətə həmin məhsulu alır. ABŞ-ın Ayova ştatında əvvəlcədən müəyyənləşdirirdilər ki, 1 milyon ton kartofa ehtiyac var. Bu il məhsul yaxşı olub, 2 milyon ton kartof gözlənilir. O zaman həmin kartofun 1 milyon tonunu hökumət özü alırdı. Yəni bu yolla tənzimləyirdi ki, fermer əvvəlcədən becərdiyi məhsulun bu qiymətə sata biləcəyini görsün. Bu da dövlət tənzimləməsi deyilən bir məsələdir ki, bütün sahələrdə olmalıdır”.

Ekspert bildirib ki, ən çətin dövlət tənzimləməsi kənd təsərrüfatındadır:

“Azərbaycanda bunu təşkil etməyi bacarmırlar. Əgər fermerin əkib-becərdiyi məhsul su qiymətinə olacaqsa, ona ayrılan subsidiyanın nə xeyri var? Bu gün dövlət birinci olaraq fermerin məhsulunun qiymətinin bazara uyğun olması, yəni fermerin mənfəət normasını ödəyəcək qiymətə məhsulun satılmasını təşkil etməlidir. Bu gün kənd təsərrüfatına dəstəyin verilməsi ilə bağlı elə bir vəziyyətdir ki, sanki tavanı götürmək lazımdır, bir qulpundan yapışıblar, digər qulpunu buraxırlar, tavadakı yeməyin bir hissəsi töküləcək. Hazırda dəstək buna bənzəyir”.

Ekspertin sözlərinə görə, Azərbaycan 80-ci illərdə özünü kənd təsərrüfatı məhsulları ilə 90 faizdən çox təmin edib:

“Bazarda xarici məhsullar görmək mümkün deyildi. İndi 30 ildən sonra vətəndaşların kənd təsərrüfatı məhsuluna olan tələbatının 60 faizi xaricdən idxal edilir. Kəndli məhsulu yetişdirsin nə etsin? Şərait yoxdur. Fikirləşəcək ki, üzüm bağlarını qırsın, yerində taxıl əksin. Məhsulların qiymətinin kəskin enib-qalxmasını dövlət tənzimləməlidir. Dövlət tənzimləyəndə həm fermer dəqiqləşdirir ki, qazancı və xərci nə olacaq, həm də sahə üzrə ixtisaslaşır. Qiymətin taraz olması fermeri o sahəyə bağlayır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.