““Uşaq oyunu” adı altında əsl qumar oyunları satılır, o cümlədən “Poz, qazan” lotereyeları…” - Sosioloqdan həyəcan SİQNALI

21-09-2022, 15:43           
““Uşaq oyunu” adı altında əsl qumar oyunları satılır, o cümlədən “Poz, qazan” lotereyeları…” -
““Uşaq oyunu” adı altında əsl qumar oyunları satılır, o cümlədən “Poz, qazan” lotereyeları…”
“Son vaxtlar ölkəmizdə uşaqlara qarşı müəyyən qüvvələr tərəfindən iki istiqamətdə iş aparılır. Birincisi, mənəvi-psixoloji terrordur. Bu, adətən internet şəbəkələrində baş verir. Hazırda uşaqların, demək olar, hamısında bahalı smartfonlar var. Azad internetdə milyardlarla psxiologiyaya çox mənfi təsir göstərən materiallar doludur. Mənəvi məsələlərdən biri də məktəblərin yaxınlığında uşaqlar üçün şirnikləşdirici məhsulların satılmasıdır. Qidalar, içkilər və s. Hətta mən şahid olmuşam, orta sinif uşaqları məktəbin düz qabağındakı mağazadan enerji içkiləri alıb içirlər. Eyni zamanda qumar oyunları, müxtəlif formalarda, hətta bəzən guya “uşaq oyunu” adı altında əsl qumar oyunları satılır. “Poz, qazan” və s. Narkotikaya uşaqları həvəsləndirmə faktlarına da rast gəlinir”.

TEREF.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a sosioloq Elçin Bayramlı “Araz” supermarketlər şəbəkəsindəki uşaq bölmələrində qumar oyunları, kartların satılması ilə bağlı danışarkən deyib.

E.Bayramlı bildirib ki, uşaqlara qarşı aparılan ikinci terror fiziki-bioloji tərəfdəndir: “Bu, qidalarla bağlıdır. Uşaqların dərs yükünün ağırlığı, çətinliyi bir növ psixodrom terrordur. Məktəb çantalarının ağır olması da fiziki cəza növüdür. Sanki uşaqlarımıza düşmən kəsilmişik, bütün istiqamətlərdə onların fiziki-mənəvi sağlamlıqlarını məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik. Ötən gün Səbail rayonu 20-ci sahədə yerləşən “Araz” marketdə idim. Eyni vəziyyətdir, uşaq bölmələrində qumar oyunları, kartlar satılır. Heç bir əhəmiyyət də vermirlər. Tək orda deyil, bütün böyük marketlərdə, mağazalarda bu, uşaqlar üçün əlçatandır. Hətta böyüklərimizdə mənəvi dəyərlərimiz o qədər “korşalıb” ki, hər hansı uşaq dükandan qumar oyunu alanda satıcı onu uşağa böyük məmnuniyyətlə təqdim edir. Eləcə də siqaret, enerji içkiləri, pivə alanda, baxmayaraq ki, qadağandır, məktəb uşaqlarına çox rahatlıqla verirlər. Çünki bazar iqtisadiyyatında yeganə dəyər puldur. Biznesin heç vaxt şərəfi olmur. Cəmiyyəti məhv etsin, uşaqlara zərər vursun, bütün bunlar veclərinə deyil. Belə yanaşma ilə bir cəmiyyət olaraq gələcəyimizi öz əlimizlə məhv etməyə çalışırıq. Təəssüf ki, bu kimi hallar ictimailəşəndə də media çox da reaksiya vermir”.

Sosioloq deyib ki, sosial şəbəkədə “Araz” marketdə uşaqlar üçün qumar oyunlarının satılması ilə bağlı paylaşımına biganə yanaşılıb: “Şərh yazmaqla kifayətləndilər. Bu cür məsələlər ictimailəşməyəndə belə əməlləri törədənlər kölgədə qalır, cəzalandırılmırlar, heç bir ictimai qınaq olmur, heç dövlət orqanlarına da bu məsələ çatmır. Deməli, bütün problemlər əslində bizim özümüzlə - cəmiyyətlə bağlıdır. Cəmiyyət heç nəyə reaksiya vermirsə, ölü canlar formasında yaşayırsa, heç bir sağlam gələcəkdən söhbət gedə bilməz. İlk növbədə özümüz düzəlməliyik ki, uşaqlarımız da yaxşı olsun. Bizsə düzəlmək əvəzinə, təəssüf ki, daha da korlanırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.