MƏKTƏBLƏRDƏ BASABAS, RƏZALƏT, BİR SİNİFDƏ 30-40 ŞAGİRD… – EKSPERTDƏN ETİRAZ

22-09-2022, 08:07           
MƏKTƏBLƏRDƏ BASABAS, RƏZALƏT, BİR SİNİFDƏ 30-40 ŞAGİRD… –
Yeni tədris ilinin köhnə problemlərindən biri də siniflərdə müşahidə olunan şagird sıxlığıdır.
Əlbəttə ki, 30-45 nəfərin bir sinifdə oxuması təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Məsələ ilə bağlı TİA. Az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, xüsusilə ibtidai siniflərdə bu hal dözülməzdur. Onun sözlərinə görə, belə sıxlıqda sinfidəki hər şagirdlə məşğul olmaq praktik cəhətdən mümkün deyil:
“Sözügedən problemlə bağlı konkret Elm və Təhsil Nazirliyi üzərindən nəsə demək olmur, çünki məsələnin obyektiv və subyektiv səbəbləri var. Bu gün nə qədər məktəblər tikilir. Elə məktəblər var ki, yer baxımından orada əlavə tikili aparmağa imkan yoxdur. Ümumiyyətlə, sıxlıq problemini bütün respublika üçün xarakterik hesab etmək olmaz. Sıxlıq həmin ərazilərdədir ki, orda məskunlaşma çoxdur. Təsəvvür edin, bizim təhsil qanununda siniflər 20 nəfərdən formalaşır. Belə olan halda bir sinifdə 30-45 nəfər şagirdin olması yolverilməzdir.

Misal üçün, lisey, gimnaziya, özəl məktəblərdə təhsil səviyyəsi adı ümumtəhsil məktəblərindən ona görə yüksəkdir ki, həmin məktəblərin müəyyən sərbəstliyi var ki, onlar sinifləri 12-15 nəfərdən komplektləşdirsin. Bu özü bariz nümunədir ki, sıxlıq təhsilin keyfiyyətinə necə təsir göstərir. Problemin qarşısı almaq üçün siniflər bölünə, sinif otaqları çatışmırsa, məktəblər ikinövbəliliyə keçirilə bilər. Hazırda bəzi məktəblərdə bu tətbiq olunsa da, əksər məktəblərdə bu həm valideynlərin həm də müəllimlərin etirazı ilə qarşılanır. Valideynlər istəmirlər ki, uşaqları ikinci növbədə oxusun. Baxın, Sovet dönəmində məktəblərdə sıxlıq məsələsi yox idi, ona görə ki, məktəblər altı günlük və iki növbəli idi. İndi dövr dəyişib. Bəzi məktəblər var ki, elit məktəblər kimi ad çıxarıblar, hanı istəyir ki, uşaqlarını o məktəbə qoysun. Yaxud da heç kimi 100-200 metr kənara getmək istəmir. Əvvəllər həmçinin yaşadığın ərazi üzrə məktəb seçə bilirdin.
Sonra bizim təhsildə demokratikləşmə, humanistləşmə prinsiplərini nəzərə alaraq valideynlərə məktəbi seçmək səlahiyyəti verildi. Bu da özünü doğrultmadı. Çünki belə olan halda əksəriyyət hansısa məktəbi hansısa müəllimi seçəcək. Bu da praktiki cəhətdən problemlər yaradır.
Problemin hazırda ən effektiv həll yolu 30-40 nəfər şagirdin bir sinifdə oxumasındansa, ikinövbəli təhsil sisteminə keçmək lazımdır”.

Aytac

TİA. Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.