Partiya sədri Məşğulluq Agentliyindən danışdı: - “Heyvanların çoxu vətəndaşa veriləndən iki-üç ay sonra tələf olur”
2-11-2022, 18:31

“Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşlara verilən heyvanlar bir çox hallarda sağlam olmur, göstərilən qiymətdən daha ucuz və xəstə olurlar. Heyvanların çoxu vətəndaşa veriləndən iki-üç ay sonra tələf, yaxud qısır olur, onları bəsləməyə dəymir. Bu barədə şikayətlər çox, nəticə isə yoxdur”.
TEREF.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, bu məsələdə daha çox qazanan podratçı şikrətlərdir: “Dövlət sifariş verir, iribuynuzlu heyvanın biri iki min manatdan hesablanırsa, podratçı şirkət gedib inəyin birini 800 manata alır, verir vətəndaşa. Sonda heyvan tələf olanda qalır vətəndaşın üzərində. Məqsəd hansısa kasıb, imkansız ailənin əlinin çörəyə çata bilməsi olmalıdır. Məşğulluq Agentliyi bu niyyət üçün yaradılmış bir strukturdur. Amma mən görməmişəm ki, kimsə desin “mənə üç inək veriblər, artırdım, indi on inəyim var, şükür Allaha, dolanıram”. Heyvan olmasın, təmir, qaynaq alətləri olsun, fərq etmir. Yardım verilir, üç-dörd ay sonra vətəndaş yenə imkansız vəziyyətə düşür. Niyə belə olmalıdır? Bilmirəm ki, bu strukturun başında kim dayanır, bacarır-bacarmır, şəxsi tanışlığım da yoxdur. Maraqlı da deyil. Şəxslərə deyil, nəticəyə baxıram. Nəticə də budur ki, hələlik, əli çörəyə çatan ailələrin sayı varsa da, çox azdır. Axı belə olmamalıdır, dövlət vəsait ayırır ki, insanlar normal şəkildə dolanışıq əldə etsin. Hər halda bu sahəyə nəzarət gücləndirilsə, yaxşı olar”.