Rayonlararası postlar nəyə lazımdır... REPLİKA

14-01-2023, 10:49           
Rayonlararası postlar nəyə lazımdır... REPLİKA
Hər dəfə Qaxa gedəndə Qaradağ, Navahı, Kürdəmir və Şəki postlarını keçməli oluruq. Axırıncı dəfə gördüm ki, bir qeyri-rəsmi post da (əvvəllər qabaritə nəzarət postu idi) Ucarda qurulub. Beləcə, 380 km-lik yolda 5 post keçirik. Bizdə polis postunu keçmək dövlət sərhəddi keçmək qədər çətindir.
Əziz dostumuz Rahim N. Aliyev o dəfə yazmışdı ki, Avropa ölkələrində dövlətlərin sərhədlərini necə keçdiklərini heç hiss eləmirlər. Amma bizdə mütləq hər postda maşını bir bəhanə ilə saxlamalıdırlar: sol zolaqla hərəkət, manevr qaydalarını pozma, sürət həddini aşma, piyadaya yol verməmə və s və i. bəhanələri. Allahdan mənim kimi sürücüyə heç birini sübut da edə bilmirlər. Axırda iş zarafata qalır.
Məsələn, Navahıda Zaqataladan olan polisə deyirəm ki, atam, axı sən bizim torpaqdansan, talalısan, niyə özünü hacıqabullu kimi aparırsan? Yaxud da Kürdəmir postunda soruşuram ki, Ucar dövlətinin sərhəddini neçə km sonra keçəcəyik?
Biçarə polislər zarafatı tutub gülüb keçirlər. İmkanları olsa deyərlər ki, nə edək, axı gündəlik planı doldurmaq lazımdır. Sanki Azərbaycan dövlət avtomobil yollarında potensial cinayətkarlar dolaşır və əgər bu postlar olmasa, ölkə Karakasa (dünyada ən çox cinayətin baş verdiyi Venesuela paytaxtı) dönəcək. Onsuz da ölkədə adam kimi yaşaya bilmirik, imkan verin, rayondan rayona adam kimi keçək... Ləğv eləyin də bu postları.
Hər gün o postlarda duran polisləri bilirsiz nə qədər adam ürəyində söyüb-qarğayır? Onları da, sürücüləri də bədbəxt eləmisiz e...
Vallah pul yığmağın başqa yolları da var. Biz cəhənnəm, ölkəyə gələn qonaqlara heç cür bu biabırçılığı izah etmək olmur ki, polis rəisləri növbəti villalarını tikməlidilər deyə, biz ölkədə yolları belə əziyyətlə getməliyik...
Ulker Abdullayeva
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.