Bu necə embarqodur? – Təmiz Rusiya neftinə embarqo var, qarışığına yox

8-02-2023, 10:24           
Bu necə embarqodur? –
Avropa İttifaqının Rusiyanın neft məhsullarına fevralın 5-dən qüvvəyə minmiş embarqosu və yuxarı qiymət həddi, həmin neftdən xaricdə hazırlanmış neft məhsullarına tətbiq edilməyəcək.

Bu barədə Avropa Komissiyasının embarqonun izahı adlı sənədində deyilir.

Rusiyanın neft məhsulları ilə başqa ölkələrin neft məhsullarının qarışığı da embarqoya və yuxarı qiymət həddi mexanizminə məruz qalmayacaq.

Bu o deməkdir ki, belə məhsulları qiymət həddi qoyulmadan satmaq mümkün olacaq, belə məhsulları daşıyan gəmilərə isə Avropa İttifaqında sığorta və başqa xidmətlər göstərilə biləcək.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi bildirmişdi ki, başqa ölkələrin ərazisində emal olunan Rusiya neftinə yuxarı qiymət həddi şamil edilməyəcək.

Ötən il dekabrın 5-dən Rusiya neftinə yuxarı qiymət həddi qoyulub. Bu rəqəm hazırda 1 barrel üçün 60 dollardır.

Qarışıq neft

Fevralın 5-dən isə Rusiyanın neft məsullarına yuxarı qiymət həddi qüvvəyə minib.

Yuxarı qiymət həddi G7 qrupu, Avropa İttifaqı və Avstraliya arasında razılaşdırılıb.

Bundan məqsəd Rusiyanın Ukraynada apardığı müharibənin maliyyələşdirilməsinə əngəl yaradılmasıdır.

Rusiyanın neft məhsullarına birinci ən yüksək hədd 1 barrel üçün 100 dollardır. Bura xam neftdən baha satılan dizel yanacağı və benzin daxildir.

İkinci ən yüksək qiymət həddi isə 1 barrel üçün 40 dollar olaraq güzəştlə satılan neft məhsullarına, yəni, məsələn mazuta şamil edilir.

Rusiya neftinin Asiyaya ixracı iki dəfə artıb

Avropa sığorta və nəqliyyat şirkətlərinə bu qaydalar gözlənmədən alınmış neftin sığortası və daşınması qadağan olunub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə Rusiya ötən il 142 milyon ton neft məhsulu ixrac edib.

Avropada istehlak olunan neft məhsullarının 40 faizi Rusiyanın payına düşürdü.

Embarqonun qüvvəyə minməsi ərəfəsində Hindistan, Çin və Türkiyə Rusiyadan xam neftin idxalını xeyli artırmışdılar.

Bunun nəticəsində 2022-ci ilin dekabrına olan məlumata görə Rusiya neftinin Asiyada idxalı iki dəfə artaraq 80 faizə çatıb.

Bu da qeyd olunur ki, sözü gedən bu üç ölkə Avropa bazarına neft məhsullarının ixracını, o cümlədən Rusiya neftinin və neft məhsullarının qarışdırılaraq təkrar ixracını artırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.