Türkiyədəki zəlzələnin Azərbaycanın daşınmaz əmlak bazarına TƏSİRİ - Ekspert danışır
20-02-2023, 10:19

Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin yanvar – dekabr ayları üzrə Pul siyasəti icmalı”nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar da yer alıb. Qedy edilib ki, 2022-ci ilin 6-cı rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövünə nəzərən 8 faiz artıb. Qiymət indeksi ilkin mənzil bazarında 7.2 faiz, təkrar mənzil bazarında isə 8 faiz yüksəlib.
TEREF.AZ-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların satış qiyməti kəskin şəkildə bahadır. Bu qiymətlər insanların aldığı əmək haqqı ilə uyğun deyil.
“Paytaxt Bakının hər-hansı metrostansiyasına yaxın köhnə binalarda 1 otaqlı mənzilin satış qiyməti 70 min manatdan başlayır, yeni binalarda isə 1 otaqlı mənzillərin qiyməti 100 min manatdan başlayaraq, 160 min manata qədər dəyişə bilir. Az əmək haqqı alan insanlar üçün belə mənzillər əlçatan deyil. Qiymətlər kəskin bahadır".
Ekspertin sözlərinə görə, satılan mənzillərin əksəriyyəti kreditli şərtlərlədir. 2022-ci ildə əmlak satışının çox hissəsinin kredit şərtləri ilə satıldığını qeyd edən ekspert deyir ki, insanlar əvvəlki kimi gəlir əldə edib, yatırım etmək istəmirlər. O, hesab edir ki, daha çox kreditlə mənzil alanlar ilk evini alan, yəni ipoteka, güzəştli kredit və digər şərtlərlə mənzil alan şəxslərdir.
“Qiymətlər həddən artıq bahadır. Amma bəzi bölgələr, ərazilər var ki, orada əmlakın dəyəri ümumiyyətlə yoxdur. Vətəndaşlar külli miqdarda vəsait xərcləyib, böyük həyətlərdə evlər tikiblər. Lakin həmin evləri satmaq istəyəndə qoyduqları xərcin 50 faizini belə götürə bilmirlər. Bu səbəbdən də yatırım etmək istəyənlər də böyük şəhərlərə üstünlük verirlər. Çünki böyük şəhərlərdə, xüsusən də paytaxt Bakıda hər il daşınmaz əmlakda qiymət artımı baş verir. Bu tendensiya davam edəcək”.
Türkiyədə, Suriyada zəlzələlərin olmasına, bu hadisənin ümumi əmlak bazarına təsirlərinə baxmayaraq, Bakıda yeni tikili binalarda mənzillərin qiyməti artmaqda davam edir.
Fərzəliyev qeyd edib ki, köhnə tikili binaların qiymətlərində ucuzlaşma gözlənilir. Onun sözlərinə görə, istismar müddəti bitməkdə olan 3-4-5 mərtəbəli binalarda mənzillərin qiymətində artım var idi. Bu da həmin binaların sökülərək yerində yeni binaların tikilməsi ilə bağlı idi. Hazırda isə həmin binalara yatırım etmək istəyənlərin sayı azalacağına görə, qiymətlərdə də ucuzlşama müşahidə ediləcək.