Kredit borcunu varis ödəyəcəksə, onda niyə pensiya kapitalı varisə ödənilmir?

26-05-2023, 09:18           
Kredit borcunu varis ödəyəcəksə, onda niyə pensiya kapitalı varisə ödənilmir?
Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşib.

Belə ki, Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” Qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Sosial şəbəkələrdəki müzakirələrdə belə fikirlər də səslənir ki, əgər vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcəksə, ölən şəxsin pensiya kapitalını da vərəsəsi almalıdır.

Əslində bu iki sistem arasında bağlılıq olmasa da, sosial şəbəkə istifadəçiləri pensiya kapitalı barədə də müvafiq qərar verilməsini istəyirlər. DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, Konstitusiya Məhkəməsi sadəcə mövcud qanunvericiliyi şərh edib:

“Qanunvericilik əvvəlcədən Konstitusiya Məhkəməsinin də təsbit etdiyi kimi ipoteka öhdəliklərinin yerinə yetirilməsini varislər üzərinə qoyur və bu baxımdan qərar yeni deyil. İpoteka yalnız insanların ilk ağlına gələn məsələ, yəni İpoteka və Kredit Zəmanət Fondundan götürülmüş vəsait hesabına mənzilin alınması deyil. İpoteka geniş məfhumdur. İpoteka hər hansı girovun qoyulması qarşılığında kreditin, borcun götürülməsini ifadə edir.

Həmin borcun ödənilməsi prosesinin növbəti mərhələsi vəfat etdikdən sonra varisin üzərinə düşür. Varis necə girov qoyulmuş əmlaka iddia edirsə, eyni zamanda da borca da aiddir. Təbii ki, varisin ödəmək imkanı olmadıqda borc qanunvericiliklə əmlaka yönəlir. Bu, təbii və normal haldır”.

Ekspert deyir ki, pensiya kapitalı məsələsi tamamilə fərqldir:

“Azərbaycanda mövcud pensiya sistemi yığım əsaslı deyil, həmrəylik əsaslı pensiya sistemidir. Qanunvericilikdə qismən varislik hüququ təsbit olunub. Qismən varislik, faktiki olaraq fərdi hesabın yığım hissəsində əgər vəsait varsa, bunun üçün varislik hüququ yaranır və vətəndaş o pulu geri ala bilər. İkincisi, uçot hissəsində olan pulu, hansı ki, məcburi sosial sığorta yığımları hesabına formalaşır, həmin pul vətəndaşın himayəsində 18 yaşına çatmamış uşaq, 23 yaşına çatmamış əyani təhsil alan uşaq, əlilliyi olan şəxslər varsa, bu halda onlara pensiya kəsilir.

Yaxud da məsələn, yoldaşının pensiyası daha azdırsa o zaman əvəzetmə hüququ yaranır. Bunlar tamamilə fərqli məsələlərdir. Onu da qeyd edim ki, pensiya sistemində varislik hüququnun genişləndirilməsi və təsbit edilməsi məqəsəduyğundur, ancaq bunlar bir-birindən əlaqəsiz məsələlərdir. Biz hər zaman demişik ki, orta ömür ölkəmizdə azdır və pensya əlçatanlığı aşağıdır. Belə olan təqdirdə vətəndaş bilməlidir ki, 40 il ərzində planlaşdırdığı, ödədiyi pulu geri almaq imkan var, o zaman davranış da fərqli olar. Xüsusən də nəzərə alsaq ki, azərbaycanlılar varisə qarşı həssasdırlar.

Belə olarsa, n azından əmək bazarında öz əməyinin leqalaşdırılması istiqamətində daha çox cəhd göstərər və qeyri-leqal əmək bazarı da nisbətən şəffaflaşar və ədalət də təmin edilmiş olar. Bir daha qeyd edim ki, Konstitusiya Məhkəməsi heç bir qərar qəbul etməyib və mövcud qanunvericiliyi şərh edib. Dünənə qədər də ipotekanı varis ödəyirdi və bu gün də varis ödəyir, ipoteka sözünü də qarışdırmaq lazım deyil, ipoteka çox böyük məfhumdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.