Azərbaycanda yeni rus məktəbləri tikiləcək? - Rusiya Dumasında müzakirələr aparılıb

1-06-2023, 00:15           
Azərbaycanda yeni rus məktəbləri tikiləcək? -
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ötən gün Dumadakı çıxışında postsovet regionunda rus dilinin daha geniş yayılması planları barədə danışıb.

“AzPolitika.info” xəbər verir ki, Overçuk çıxışında bir neçə MDB ölkəsində rus məktəblərinin tikilməkdə olduğunu və tikiləcəyini deyib: “Qırğızıstanda Rusiya Federasiyasının vəsaiti hesabına rusdilli məktəblərin tikintisi proqramı davam edir. 9 belə məktəbdən birincisi 2025-ci ildə təhvil veriləcək, 2027-ci ildə isə bu məktəblər 11 min şagird qəbul edə biləcək. Eləcə də rus məktəblərinin tikintisi ilə bağlı Azərbaycan, Ermənistan, Vyetnam, Suriya, Qazaxıstan və Afrikanın dost ölkələri ilə danışıqlar aparılır”.

Overçukun ardınca Dumanın Təhsil Komitəsinin sədr müavini Yana Lantratova MDB məkanında rus məktəblərinin tikintisinin vacibliyini bildirib: “Tacikistanda 5 rus məktəbinin tikintisini böyük qələbə hesab edirəm. Qırğızıstanda 9 məktəbin tikintisi də olduqca vacib xəbərdir. Hesab edirəm ki, bu müsbət təcrübəni digər dost ölkələrdə - Ermənistanda, Azərbaycanda, Türkmənistanda, eləcə də MDB-yə daxil olmayan Monqolustanda davam etdirmək lazımdır”.
Xatırladaq ki, Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir. Bununla yanaşı, bir çox ziyalılar, siyasətçilər, təhsil və elm adamları ölkəmizdə rus məktəblərinin sayının çoxalmasını doğru saymır və bunun milli strategiyamızın əleyhinə olduğunu bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.