“Çox ümid etmək istərdim ki…” – Mikayıl Cabbarov
21-06-2016, 15:58
“Mən çox ümid etmək istərdim ki, bu gün bizim cəmiyyətimizdə, bizim tələbələrimiz arasında formalaşan yeni təfəkkürlü Azərbaycan vətəndaşları məhz sosial biznes yanaşması ilə öz iddialarını ortaya qoyur və sosial biznes yanaşması ilə öz uğurlarına imza atır”.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində keçiirlən tədbirdə çıxış edərkən deyib.
M.Cabbarov qeyd edib ki, təhsil sistemində həyata keçirilən islahatlar – təhsil sisteminin əmək bazarı ilə real iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi qarşımızda duran əsas bir vəzifədir.
Azərbaycan Dövlət İqtisad Universitetində Sosial Biznes Mərkəzinin yaradılması münasibəti ilə universitetin kollektivini və tələbələrini təbrik edən nazir qeyd edib ki, bu, universitetin bilik potensialının artırılması üçün çox mühüm bir addımdır: “Həm sosial biznes, həm də təhsil cəmiyyətə töhfə vermək fəlsəfəsi ilə birləşir. Sosial biznesin kökündə duran mövzu ondan ibarətdir ki, sahibkarlıq yalnız gəlir götürməkdən ibarət olmamalıdır, müəyyən mənada cəmiyyətə töhfə verməlidir. Təbii olaraq, təhsilin də kökü daimi ünsiyyətdədir. Məhz keyfiyyətli məhsul vermək üçün təhsil sistemində bilinməlidir ki, əmək bazarında tələb nədir”.