Kürdəmirdə fermerə niyə cərimə kəsildi?

21-06-2016, 19:39           
Kürdəmirdə fermerə niyə cərimə kəsildi?
Xatırlayırsınızsa, Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, fermer Nicat Muradovun döyülməsi barədə məlumat vermişdik. Qeyd edək ki, “Təzadlar” qəzetinin ötən saylarında Nicat Muradovun sahibkarlıq fəaliyyətinə törədilən əngəllər və bu əngəllərin arxasında yerli məmurların dayandığı barədə də bəhs etmişdik. N.Muradov sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barədə ölkə rəhbərinin tapşırığından sonra da Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevin və sahə inspektoru Mahmud Mahmudovun qanunsuz əməllərindən əl çəkmədiklərini, ondan rüşvət tələb etdiklərini bildirmişdi.

Ötən həftə redaksiyamızda olan Nicat Muradov ona edilən təzyiqlərin hələ də səngimədiyini söylədi. N.Muradovun redaksiyamıza təqdim etdiyi prezident İ.Əliyevə, baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı müraciətindən bir daha məlum olur ki, Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsi 2000-ci ildən onun icarəsindədir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin 22 oktyabr 2010-cu il tarixli, 130 saylı sərəncamı ilə sözügedən otlaq sahəsi onun istifadəsinə və icarəsinə verilib. Həmin sərəncama uyğun olaraq 1 noyabr 2010-cu il tarixdə icra hakimiyyəti ilə N.Muradovun arasında 64 saylı torpaq icarə müqaviləsi bağlanıb. O, həmin torpaq sahəsindən son 15 il ərzində daimi olaraq istifadə edib. Bu müddət ərzində icarə müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirib, hər il torpaq sahəsinin vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəyib. Amma 25 mart 2015-ci il tarixdən Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri Salahov Ziyad Oruc oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Azad İsmayıl oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Mərifət Fəxri oğlu, Salahov Şəmil Tofiq oğlu və Salahov Sücaət Tofiq oğlu heç bir əsas olmadan onun icarəsində olan torpaq sahəsinin bir hissəsini zəbt ediblər.
Onlar öz mal-qaralarını N.Muradovun qoyunçuluq təsərrüfatını inkişaf etdirmək və təbii yem artırmaq məqsədilə icarəyə götürdüyü 80 hektar qış otlaq sahəsinə (biçənək üçün qoruyub saxladığı təxminən 30 hektara yaxın sahəyə) salaraq otarmaqla oranı yararsız hala salıblar. N.Muradovun dəfələrlə onlardan icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etməsinə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, həmin adamlar əməllərinə son qoymayıb, sözügedən torpaq sahəsindən istifadə edərək sahibkara külli miqdarda maddi ziyan vurublar.
Belə olan halda, Nicat Muradov Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğluna qarşı əmlak hüququnun təmin edilməsi, torpaq sahəsindən çıxarılma, çəkilmiş taxta hasarın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edib.
O, 7 aprel 2015-ci il tarixli iddia ərizəsində Kürdəmir rayon Məhkəməsindən xahiş edib ki, cavabdehlərin ona məxsus Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsindən çıxarılmaları, həmin torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın cavabdehlərin hesabına sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qərar qəbul edilsin.
9 iyun 2015-ci il tarixdə sözügedən iddia üzrə mülki işə baxan Kürdəmir rayon Məhkəməsinin hakimi Rafiq Bağırov iddianı qismən təmin edib. Hakim qət edib ki, “cavabdehlər Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinin ərazisində yerləşən, iddiaçı Muradov Nicat Rəhim oğlunun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar.
Həmin torpaq sahəsində cavabdehlər Muradov Qubad Rəhim oğlu və Salahov Ziyad Oruc oğlu tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülsün”.
Məhkəmə qətanməsinə əsasən, sözügedən torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın sökülməsinə baxmayaraq, həmin adamlar bu gün də onun sahibkarlıq fəaliyyətinə mane olur, öz mal-qaralarını qış otlaq sahəsində otarırlar: “Dəfələrlə onlardan icarəmdə olan torpaq sahəsindən çıxmalarını tələb etsəm də, həmin adamlar qanunsuz əməllərini davam etdirərək mənə maddi ziyan vurmağa çalışırlar. Üzləşdiyim problemlə bağlı rayon rəhbərliyinə, rayon polis şöbəsinə, prokurorluğa məlumat verərək, sahibkarlıq fəaliyyətimə yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsəm də, məsələ hələ də öz həllini tapmayıb. Əksinə, Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevlə sahə inspektoru Mahmud Mahmudov mənim sahibkarlıq fəaliyyətimə əngəllər törədən adamları müdafiə edirlər. İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov məqsədli şəkildə təsərrüfatımı çökdürmək istəyirlər. Onlar təsərrüfatıma ziyan vuran adamların qarşısını almaq üçün məndən dəfələrlə pul tələb ediblər”.

Döyülüb xəstəxanalıq edilən fermerə 100 manat cərimə kəsildi…

N.Muradovun yazdlığına görə, icra nümayəndəsi Cahid Abdullayevin qohumları Salahov Şəmsi və Salahov Ziyad 23 aprel 2016-cı il tarixdə, saat 10:30 radələrində otlaq sahəsinə gələrək, onunla mübahisə ediblər. Nəticədə, N.Muradov həmin adamlar tərəfindən döyülüb. Ciddi xəsarəti alan Nicat Muradov hadisə barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat verib və hadisə yerinə Kürdəmir rayon polis şöbəsinin üç əməkdaşı cəlb olunub və Nicatın döyüldüyünü, ağır bədən xəsarəti aldığını öz gözləri ilə görüb. Lakin Kürdəmir rayon Polis Şöbəsi, nədənsə, məsələyə “soyuq” münasibət göstərib: “Çünki həmin adamları sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev müdafiə edir. Bu səbəbdən də tez-tez həmin adamların şər-böhtanları ilə üzləşirəm. Hətta bu ilin mart ayında məndən və işçim Xanımnənə Allahverdiyevadan Kürdəmir rayon Polis Şöbəsinə şikayət ediblər. Nəticədə, Kürdəmir rayon Məhkəməsinin inzabati tənbeh tətbiq etmə haqqında qərarı ilə mənə 100 manat, X.Allahverdiyevaya 90 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilib.
Guya ki, biz 13 mart 2016-cı il tarixdə, saat 17:00 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində Salahov Hörmət Bahadur oğlunu və digər kənd sakinlərini təhqir etdərək ictmai qaydanı pozmuşuq. Lakin hər ikimiz polis şöbəsində və məhkəmədə şikayətin əsassız olduğunu, H.Salahovu və digər kənd sakinlərini təhqir etmədiyimizi, ictimai qaydanı pozmadığımızı bildirdik. Ancaq buna baxmayaraq, hakim Rafiq Bağırov 30 mart 2016-cı il tarixli qərarı ilə qarşı tərəfin iddiasını təmin etdi.
Biz də həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək bildirdik ki, məhkəmə işin hallarını araşdırmadan, əməlimizdə hər hansı bir inzibati xəta tərkibi olmamasına baxmayaraq, yalnız “zərərçəkmiş” qohum olan, həmçinin əvvəllər aramızda baş vermiş mübahisələr nəticəsində bizə qarşı qərəzli mövqe tutan şahid ifadəsinə əsasən, barəmizdə tənbeh tətbiq etmə qərarı çıxarıb. Burdan da aydın olur ki, məhkəmə iclasında ifadə verən şahidlər Hörmət Salahovun yaxın qohumları olmaqla yanışı, iş üzrə hadisə şahidi kimi deyil, yalnız qondarma sübutlar toplusunu təşkil etmək üçün formal ifadə verən şəxslər olmuşlar.
Bu səbəbdən də Şirvan Apellyasiya Məhkəməsindən Kürdəmir rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli “inzibati xəta haqqında iş üzrə” qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdik. Lakin Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzov 2 may 2016-cı il tarixli qərarı ilə mənim, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Amil Dosiyev isə 4 may 2016-cı il tarixli qərarı ilə Xanımnənə Allahverdiyevanın şikayətini təmin etmədi. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli “inzibati xəta haqqında iş üzrə” qərarları dəyişdirilmədən saxlandı”.

“Bütün bunlar sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilədir”

N.Muradov yazır ki, üzləşdikləri bu haqsızlıqlardan sonra onun təsərrüfatını məhv etmək istəyənlərdən növbəti bir zərbə alıb. Belə ki, Salahov Ülvi Əjdər oğlu, Salahov Barat Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Salahov Şəmsi Tofiq oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu və Əliyev Cahid Əlisafa oğlu mənə qarşı “qanunsuz tikililərin sökülməsi, qoyulmuş maneələrin aradan qaldırılması” tələbi ilə Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi veriblər.
1 iyun 2016-ci il tarixdə hakim Sulduz Ləzimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iddiaçı Salahov Ülvi Əjdər oğlu iddianı müdaifə edərək göstərib ki, cavabdeh Muradov Nicat Rəhim oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinə bitişik ərazidə “Maqsudbağı” adlanan yerdən 80 hektar torpaq sahəsini icarəyə götürüb. Ü.Salahovun sözlərinə görə, N.Muradov həmin torpaq sahəsində fərdi yaşayış evlərinə 70-80 metr yaxın ərazidə özünə qanunsuz olaraq heyvanlarını saxlamaq üçün yardımçı bina tikib. İddiaçı qeyd edib ki, kəndə gələn su arxı cavabdehin tikdiyi yardımçı binanın yaxınlığından keçir və onlar həmin arxdan kəndə su açmaq istəyəndə N.Muradov onları hədələyir, fermada olan itlər kəndə gələn və kənd camaatının içmək və suvarma üçün istifadə etdiyi su arxına girərək suyu çirkləndirir. Ü.Salahovun iddiasına görə, hər səhər N.Muradovun fermasında olan itlərin qorxusundan uşaqları məktəbə gedə bilmir, gecələr isə itlər həyətlərə girərək onlara hücum edir, eyni zamanda N.Muradovun çoban kimi işlətdiyi Xanımnənə Allahverdiyeva onları nalayiq ifadərlə təhqir edir və s.
Məhkəmə prosesində iddiaçı qismində dindirilən Salahov Barat Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Salahov Şəmsi Tofiq oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu və Əliyev Cahid Əlisafa oğlu iddialarını müdafiə edərək, Ü.Salahovla eyni məzmunda ifadə veriblər.
Məhkəmə iclasında izahat verən cavabdeh Muradov Nicat Rəhim oğlu iddianı qəbul etməyərək bildirib ki, 2000-ci ildə İsmayıllı rayonunun balansında olan, lakin Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsindən mal-qarasını və xırda buynuzlu hevanlarını saxlamaq üçün 80 hektar torpaq sahəsini icarəyə götürüb və Kürdəmir rayon İcra Hakimiyyətinin 22 oktyabr 2010-cu il tarixli, 130 saylı sərəncamı ilə sözügedən otlaq sahəsi onun icarəsinə verilib. Həmin sərəncama uyğun olaraq 1 noyabr 2010-cu il tarixdə icra hakimiyyəti ilə N.Muradovun arasında 64 saylı torpaq icarə müqaviləsi bağlanıb. O, həmin torpaq sahəsindən son 15 il ərzində daimi olaraq istifadə edib. Daha sonra qeyd edib ki, iddiaçılar ona qarşı qərəzli mövqe tutaraq çoban kimi fermada işlətdiyi Xanımnənə Allahverdiyevaya böhtan atırlar. N.Muradov eyni zamanda, deyib ki, onun icarəsində olan qış otlaq sahəsində qoyun ferması, çobanın yaşadığı bina, yem tədarükü üçün olan yüngül konstruksiyalı tikililər, fermasında istifadə etdiyi tikililər fərdi yaşayış evlərindən və su arxından təxminən yüz metr aralıda yerləşir. O özü kəndlə sərhəddə yerləşən su arxından istifadə edir və heç kimə maneçilik törətmir. Onun icarəsində olan qış otlaq sahəsinin Qarasaqqal kəndi ilə, kənddə yaşayan sakinlərlə və məktəb yolu ilə heç bir əlaqəsi yoxdur. Eləcə də fermasında olan itlər həmişə nəzarətdədir və heç kimə hücum etmir. N.Muradov sonda iddiaçıların toxunduğu faktların əsassız olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmamasını xahiş edib.
Lakin bütün bunlara baxmayaraq, hakim Sulduz Ləzimov 1 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddianı təmin edib. Qətnamədə bildirilir ki, “Kürdəmir rayonunun Qarasaqqal kəndi yaxınlığında yerləşən Muradov Nicat Rəhim oğlunun icarəsində olan 80 ha torpaq sahəsində xırda və iri buynuzlu heyvanların saxlanması üçün tikdiyi yüngül konstruksiyalı yardımçı tikili cavabdehin öz hesabına sökülsün və onun tərəfindən kənd camaatının su arxından və yoldan istifadə etmələrinə edilən maneələr aradan qaldırılsın”.
Hakim Sulduz Ləzimovun ədalətsiz qətnamə qəbul etdiyini deyən N.Muradov həmin qətnamədən apellyasiya şikayəti verəcəyini bildirdi. Onun sözlərinə görə, bütün bunlar sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilədir. Sonda N.Muradov üzləşdiyi qanunsuzluqlara son qoyulması üçün aidiyyəti qurum rəhbərlərindən kömək istədi.
***
Onu da qeyd edək ki, şikayətdə adı çəkilən icra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudovla bu yaxınlarda telefon əlaqəsi saxlamışdıq və hər ikisi onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirmişdi. Odur ki, şikayətçinin xahişi ilə onun redaksiyamıza təqdim etdiyi səs yazısının mətnini növbəti sayımızda təqdim edəcəyik.

“Təzadlar”ın Araşdırma Qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.