Təmtaraqlı, qonaqlıq və banketlər formasında yas məclislərinin keçirilməsi... - Komitədən qınayıcı açıqlama

22-06-2016, 16:39           
Təmtaraqlı, qonaqlıq və banketlər formasında yas məclislərinin keçirilməsi... - Komitədən qınayıcı açıqlama
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ölkədə təmtəraqlı yas mərasimlərinin keçirilməsini qınayıb.

Komitədən verilən məlumata görə, qurumun Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimovanın bildirib ki, yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi məhz DQİDK tərəfindən gündəmə gətirilib, bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin xüsusi fətvası da var.

Komitə rəsmisi deyib ki, DQİDK-nın bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə müsbət nəticələrini versə də, hələ də vətəndaşlar vahid, ümumi mövqe nümayiş etdirməyiblər:

"Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında "əzilir”. İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir. Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən "qonaqlıq” və "banketlər”in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir. İslama görə dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir. Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanışlar, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür. Dinimizdə dünyasını dəyişmiş insan üçün 3 gün yas mərasiminin keçirilməsi deyil, yas saxlanılması qəbul edilir. Bu müddət ərzində insanlar dünyasını dəyişmiş şəxsin ailəsini ziyarət edir, dəstək nümayiş etdirir və təskinlik verirlər. Ancaq ölmüş şəxsin ailəsini xərcə salmaq, ehsan vermək məqsədilə süfrə açmaq yalnız insanlar tərəfindən uydurulmuş mərasimlərdir. Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür. Din xadimləri belə məclis və yığıncaqlarda insanlarla daha çox ünsiyyətdə olduğundan cəmiyyətin digər üzvləri ilə müqayisədə onlar daha çox aktivlik nümayiş etdirməlidirlər. Təəssüf ki, günümüzdə belə dəbdəbəli süfrələr yas mərasimlərini idarə edən din xadimlərinin gözü qarşısında baş verir.

Görünür, həmin din xadimləri QMİ-nin tövsiyələrini cəmiyyətə çatdırmaqda maraqlı deyillər".

E. Kərimova bu məsələdə KİV-in üzərinə də kifayət qədər məsuliyyət düşdüyünü, lakin istənilən səviyyədə aktivlik nümayiş etdirilmədiyini qeyd edib.

O, yasların təmtəraqla, "qonaqlıq” və "banketlər” formasında təşkilinin mərasim zalları xidmətləri təklif edən və "çadır biznesi” ilə məşğul olan işbazların işinə yaradığını bildirib:

"Bir müddət öncə Şeyxülislam Allahşükür Paşazadə paytaxtın mərkəzi küçələrindəki çadır maşınlarının yığışdırılmasının zəruriliyini bildirmişdi. Lakin hələlik bunun qarşısını tam şəkildə almaq mümkün olmayıb. "Çadır biznesmenləri”nin təklif etdikləri VİP xidmətlərin məbləği gündən-günə artmaqdadır. Hesab edirik ki, xeyir və şər adətləri ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə qanun layihəsinin qəbul edilərək tətbiq olunmasına böyük ehtiyac var".

APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.