21-ci əsrin ən gülməli protokolu Azərbaycanda yazıldı - FOTO
23-06-2016, 08:49
Azərbaycanda dünyanın ən gülməli protokolu tərtib olunub. Bu barədə Avtosfer.az-a barəsində protokol yazılan Bakı şəhər sakini Sabir Əhmədov məlumat verib. O, protokolun surətini də göstərib. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması maddəsinə əsasən, 60 manat və 3 bal cərimə olunub. Lakin protokolda xeyli səhv var. Onlardan ən gülməlisi budur ki, xətanı qeydə alan xüsusi texniki vasitənin, yəni kameranın 1970-ci ildə yoxlamadan keçdiyi və növbəti dəfə yenə də 1970-ci ilin eyni ayının eyni günündə yoxlamadan keçəcəyi qeyd olunub. Bu da sürücüdə həmin texniki vasitənin etibarlı olub-olmamasına dair şübhə yaradır və vətəndaş haqlı olaraq bu protokolu gülüş obyektinə çevirir.
Protokolu olduğu kimi təqdim edirik:
İNZİBATİ XƏTA HAQQINDA PROTOKOL
SERİYA: IXP324431
Tətbiq edildiyi tarix və yer: 16.06.2016 – Z.Bunyadov pr Ə.Əliyev kuc.
Bu protokol tərtib edildi ona görə ki, istifadəçisi Baki ş Suraxani r-nu Y Günəşli Q M-V D EV 17 M 86 ünvanında qeydiyyata alınmış Əhmədov Sabir Ağəhməd olan Opel Vectra Minik markalı 90 KR 471 dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən 16.06.2016 tarixdə 11:52 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 327.2. - əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması maddəsinin tələbini pozmuşdur.
Qanun pozuntusu Z.Bunyadov pr Ə.Əliyev kuc yerləşən yoxlamadan keçməsinə dair şəhadətnamə nömrəsi __________ olan, son dəfə dövlət yoxlamasından 01.01.1970 tarixdə keçmiş, növbəti yoxlamanın keçirilməli olduğu 01.01.1970 olan ____?___ markalı, __________ model __________xüsusi texniki vasitə ilə aşkar olunmuşdur.
Törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsi ilə manat məbləğində cərimə nəzərdə tutulur. Cərimə protocol nömrəsi əsasında poçt, bank və ya internet vasitəsilə ödənilə bilər.
İnzibati xəta haqqında protocol barədə rəsmi məlumat aldığınız 10 gün müddətində ərazi aidiyyatı üzrə İnzibati xətanınt örədilməsi zamanı nəqliyyat vasitəsindən digər şəxsin şahidliyində və ya istifadəsində olduğu, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində şahidliyinizdən çıxmasına dair vəsatət verə bilərsiniz. Vəsatətdə həmin vaxt nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi göstərilə bilər.
Yeri gəlmişkən, bu protokolda bir neçə səhv var. Birincisi odur ki, qrammatik cəhətdən xeyli səhv var və hətta şablon cümlələr də yerində işlədilmir. Daha sonra qeyd olunur ki, vətəndaş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 327.2-ci maddəsinin tələbini pozub. Hansı ki, həmin qanunda belə bir maddə yoxdur və həmin qanun təxminən 87 maddədən ibarətdir. Əslində isə daha sonra qeyd olunur ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozub. Xüsusi texnikanan vasitənin yoxlamadan keçməsinə dair şəhadətnamənin nömrəsi yox, yoxlamadan keçmə tarixi 01.01.1970, növbəti yoxlamadan keçmə tarixi də 01.01.1970-ci il göstərilib. Eyni zamanda, həmin kameranın modeli və markası da göstərilmir. Üstəlik, protokolda cərimə məbləği də qeyd olunmur. Bütün bunlar isə bu protokolun ciddi bir sənəd olmadığını göstərən amillər sayıla bilər.